AZ

Belçika Niderland qətnamələri: məqsəd nədir?

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sözün doğrusu, Belçika və Niderland Nümayəndələr Palatalarının qətnamələri məni təəccübləndirmir. Belçika və Niderland olduqları üçün.

Bu ölkələr ənənəvi olaraq, türkofiobi və islamofobi sindromlarından əziyyət çəkirlər. Necə deyərlər, xəstəlik bunlarda xronikidir.

Türkiyəni də yarım əsr Avropa İttifaqının qapıları arxasında saxlayanlar - İttifaqın "lokomotiv" sayılan ölkələri (Fransa və Almaniya) həmişə Belçikanı və Niderlandı qabağa verirdilər. Türkiyənin - türk və müsəlman ölkəsinin Avropa İttifaqına qoşulmasında təhlükə görən Qoca Qitə liderləri Belçika və Niderland kimi ölkələrdən həmişə alət kimi istifadə edir, necə deyərlər, qara işləri onlara gördürür.

Heç təsadüfi deyil ki, qondarma "erməni soyqırımı" iddiasını da məhz bu cür dövlətlər, xüsusilə, Belçika və Niderlamd çox ölkədən daha əvvəl tanımışdı. İndi Ermənistan özü o iddialardan əl çəkir, amma Avropanın bir çox dövləti, o cümlədən, Belçika və Niderland əl çəkmir.

Azərbaycana münasibətin səbəbi də məlumdur: əhalisinin tam əksəriyyətinin milliyyəti türk və dini İslamdır axı. Eynilə Türkiyə kimi.

Məlum qətnamələri çıxaran deputatlar elə həmin parlamentlərdə Rusiyanın əleyhinə sanksiya paketlərinə səs verirlər?! Bəli. Bəs Ruben Vardanyan kimdir?! Rusiyanın Ermənistanda Nikol Paşinyanı yıxmaq üçün istifadə etməyə çalışdığı siyasi-kriminal biznesmen.

Bu Avropa ölkələri bir yandan, Paşinyanı "demokrat" deyə öyür, bir yandan Vladimir Putinə "diltator" deyir, o biri yandan da, Azərbaycandan diktator dediklərinin adamını azadlığa buraxmağı "tələb edir".

Bir başda eyni məsələyə dair iki fərqli fikir şizofreniyadırsa, bəs bir-birini "döyən" üç fərqli fikir nədir?!

Qətnamələrdə yazırlar ki, "əsirlər" azadlığa buraxılsın.

Hansı əsirlərdən söhbət gedir?! Adamlar müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər törədiblər və bütün bunlar da məhkəmədə təkzibolunmaz dəlil-sübutlarla təsdiqlənib. Təkcə Azərbaycana qarşı olmayıb ki bu cinayətlər, bəşəriyyətə qarşı olub. İndi o bəşəriyyətin ən "sivil" hissəsində kimlərsə deyir, bu canilər azadlığa buraxılsın.

Onda cənab belçikalı, niderlandlı deputatlar, açın Belçika, Niderland həbsxanaıarını, bütün caniləri, residivistləri buraxın azadlığa. Onların arasında xarici ölkələrin vətəndaşları da var. Bir halda ki bütün cinayətkarlar cəzadan azad olunmalı, türmədən buraxılmalıdır, elə birinci öz ölkələrinizdən başlayın, sonra başqalarından tələb edərsiniz. Bu, bir.

İkincisi, Arayik Arutyunyan, Ruben Vardanyan və sair məhkum olunmuş cinayətkarlar o halda əsir sayıla bilərdilər ki, onlar Ermənistan ordusunun mənsubları olaydı. Ancaq bu adamlar özlərini Ermənistana deyil, keşmiş qondarma separatçı quruma aid edirlər. O qurumu isə Belçika və Niderland da daxil olmaqla heç bir dövlət beynəlxalq hüququn subyekti olaraq tanımamışdı. Hətta Ermənistan özü belə tanımırdı. Sizin də qoşulduğunuz Cenevrə Konvensiyası "əsir" anlayışını müəyyən edib. Əsir – silahlı münaqişə zamanı qarşı tərəfin tutduğu və azadlıqdan məhrum etdiyi hərbçi və ya döyüş iştirakçısıdır.

Bu məhkumlar müharibənin qarşı tərəfini - Ermənisranı təmsil etmirlər axı.

O halda hansı əsasla həmin caniləri "əsir" adlandırırsınız, cənab "sivil" Avropa siyasətçiləri?! Özünüzə hüquqi dövlət deyirsiniz, sonra da başqa dövlətin hüqiqi işlərinə qarışırsınız. Azərbaycan sizin məhkəmələrinizdə çıxarılan hökmlərə qarışır?! Yox! O zaman siz nə haqla və hansı əsasla belə qətnamələr ifraz edirsiniz?!

Yaxud başqa bir məsələ: Belçika və Niderland depuyatları Qarabağdan könüllü köçmüş ermənilərin geri qaytarılmsı üçün şərait yaradılmasını Azərbaycana qarşı tələb kimi irəli sürür.

Sual olunur: bu adamlar çıxıb gedərkən, Azərbaycan onların qarşısını kəsməli idi? Sərhəddən Ermənistana buraxmamalı idi? Həmin şəxslərə getməməklə bağlı müraciət olunmuşdu. İndi qayıtmaq istəyən varsa, Azərbaycan vətəndaşlığını ala, yaxud yaşamaq izni əldə edə, Azərbaycan Konstitusiyası və qanunları çərçivəsində - Azərbaycanın yurisdiksiyası altında yaşaya bilərlər.

Bu adamlar sabah gedib Belçikada, yaxud Niderlandda yaşamaq üçün getsələr də, eyni prosedurladan keçməlidirlər, elə deyilmi?! Belçikaya, Niderlanda gələn xarici vətəndaş, yaxud vətəndaşlığı olmayan şəxs Belçika, Niderland vətəndaşlığı, ya da yaşamaq izni almadan bu ölkələrdə yaşaya bilərmi?! Əlbəttə, yox!

Qarabağdan könüllü köçüb getmiş erməniəsilli şəxslərin geri qaytarılmasını Azərbaycandan tələb etmək son dərəcə absurddur. Çünki onlar Azərbaycan vətəndaşı deyillər - Azərbaycan vətəndaşı olmaq istəmirlər. Olmaq istəyən üçün isə şərait və şərtlər əvvəldəm var və bunlar hər kəsə bəllidir və əlçatandır.

Yaxşı,indi Azərbaycan nə etməlidir? Azərbaycan dövləti həmin şəxsləri Ermənistanın, yaxud üçüncü ölkələrin ərazisində axtarıb, tapmalı, toplayıb geri gətirməlidir?!

Bu qədər də məntiqsiz tələb olar?!

Məntiqsizlik, təkcə bilgisizlikdən deyil, xüsusi qərəzdən xəbər verir. Bir dövlət sənədində ki qərəz var, deməli, o, sadəcə, adi bir kağız parçasıdır; ən yaxşı halda sanitar qovşaqların sortirində istifadəyə yararlıdır...

O ki qaldı Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyasının dəstəklənməsinə, bu da başqa bir absurddur vəayrıca bir yazının mövzusudur.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
bizimyol.info

1Mənbələr