Azərbaycanda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasında təqsirləndirilən Aleksandr Vaysero barəsində hökm çıxarılıb.
Bizim.Media xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə baxılıb.
Məhkəmə prosesində dövlət ittihamçısı Tural Yaqubov təqsirləndirilən şəxsə 5 il azadlıqdan məhrumetmə cəzası verilməsini təklif edib.
Müdafiə tərəfinin çıxışından və təqsirləndirilən şəxsin son sözündən sonra məhkəmə hökmü elan edib.
Məhkəmənin qərarına əsasən, Aleksandr Vaysero 4 il müddətinə azadlıqdan məhrum edilib.
İstintaqla müəyyən olunub ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində fəaliyyət göstərərək külli miqdarda pul vəsaitini leqallaşdırıb. Söhbət ölkə hüdudlarından kənarda fəaliyyət göstərən qanunsuz bukmeker, lotereya və digər qumar saytları vasitəsilə əldə edilən vəsaitdən gedir.
Bildirilir ki, vəsaitin mənbəyini gizlətmək məqsədilə təqsirləndirilən şəxs pulları müxtəlif şəxslərin adına rəsmiləşdirilmiş bank kartlarına hissə-hissə köçürüb.
Leqallaşdırılan vəsaitin ümumi məbləği 727 min 24 manat 40 qəpik təşkil edib.
Aleksandr Vaysero bu ilin mart ayında DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa cəlb olunub.
Ona Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi ilə - cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddəsi ilə ittiham irəli sürülüb.
Bizim.Media