AZ

Şəhərsalma və memarlıq sahəsində müasir yanaşmalar Azərbaycanın dayanıqlı inkişafını təmin edir - AÇIQLAMA

Bakı, 22 aprel, AZƏRTAC

Ölkəmizdə, xüsusilə Bakı şəhərində şəhərsalma siyasətinin planlı və sivil əsaslarla həyata keçirilməsi, dövlət tərəfindən müəyyən edilmiş normativlər çərçivəsində layihələrin icrası mühüm əhəmiyyət daşıyır. Şəhərin mövcud memarlıq simasının qorunması ilə yanaşı, müasir tələblərə cavab verən yeni memarlıq həllərinin tətbiqi əsas prioritetlərdəndir.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, paytaxtın tarixi-memarlıq irsinin qorunması ilə müasir memarlıq üslublarının uzlaşdırılması Azərbaycanın inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

“Bu yanaşma həm Bakı şəhərinin, həm də ümumilikdə respublikamızın beynəlxalq imicinin möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, şəhərsalma yalnız tikinti prosesi deyil, sosial rifahın, iqtisadi inkişafın və ekoloji tarazlığın təmin olunması deməkdir. Şəhərlərin dayanıqlı inkişafı üçün nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, ictimai məkanların genişləndirilməsi, yaşıl zonaların artırılması və mühəndis-kommunikasiya sistemlərinin müasirləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdə həyata keçirilən layihələr şəhər mühitinin keyfiyyətinin yüksəldilməsinə və vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət edir”, - deyə AQC sədri vurğulayıb.

V.Oruc bildirib ki, Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi şəhərsalma və memarlıq sahəsində yeni ideyaların formalaşmasına və qabaqcıl təcrübələrin öyrənilməsinə geniş imkanlar yaradır: “Bu platformalar çərçivəsində qlobal problemlərin müzakirəsi, innovativ həllərin təqdim olunması və müxtəlif ölkələrin təcrübələrinin müqayisəli şəkildə öyrənilməsi mümkün olur. Belə tədbirlərdə irəli sürülən təşəbbüslər və verilən mesajlar yalnız nəzəri əhəmiyyət daşımır, eyni zamanda praktik tətbiq imkanları ilə seçilir. Azərbaycan da bu prosesdə fəal iştirak edərək həm öz təcrübəsini bölüşür, həm də beynəlxalq təcrübədən faydalanır. Hazırda ölkədə müvafiq dövlət qurumları tərəfindən şəhərsalma problemlərinin həlli, daşınmaz əmlak bazarının tənzimlənməsi, sosial mənzil layihələrinin genişləndirilməsi və infrastrukturun təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu tədbirlər paytaxtda və regionlarda balanslı inkişafın təmin olunmasına, məskunlaşma problemlərinin mərhələli şəkildə aradan qaldırılmasına yönəlib”.

Daşınmaz əmlak bazarında qiymətlərin sabitliyinin qorunması və əlçatanlığın artırılması da şəhərsalma siyasətinin mühüm tərkib hissəsi olduğunu deyən AQC sədri rəqəmsallaşma və elektron idarəetmə sistemlərinin tətbiqinin şəhərsalma sahəsində yeni imkanlar yaratdığını vurğulayıb.

“Müasir texnologiyaların tətbiqi şəhər planlaşdırmasının daha dəqiq aparılmasına, resurslardan səmərəli istifadəyə və qərarvermə prosesinin şəffaflığının artırılmasına şərait yaradır. “Ağıllı şəhər” konsepsiyasının tətbiqi isə bu sahədə keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. Milli identikliyin qorunması ilə qlobal memarlıq tendensiyalarının uzlaşdırılması xüsusi diqqət tələb edir. Yeni layihələr hazırlanarkən Azərbaycanın tarixi-mədəni irsi, memarlıq ənənələri və şəhər mühitinin özünəməxsus xüsusiyyətləri nəzərə alınmalı, eyni zamanda müasir standartlara uyğun innovativ yanaşmalar tətbiq olunmalıdır”, - deyə Vüqar Oruc qeyd edib.

Müxbir - Vüqar Qurbanoğlu

Seçilən
30
azertag.az

1Mənbələr