AZ

Rusiya Qazaxıstan neftinin Almaniyaya nəqlini dayandırır: Astana üzünü Azərbaycana çevirə bilər

Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov Rusiyanın may ayında Drujba boru kəməri ilə Almaniyaya neft nəqlini dayandıracağına dair məlumatı təsdiqləyib.

Musavat.com xəbər verir ki, nazir ölkəsinin bu barədə qeyri-rəsmi məlumat aldığını deyib.

Akkenjenovun sözlərinə görə, Qazaxıstan neft hasilatını azaltmağı planlaşdırmır, lakin həcmlər ixrac istiqamətləri üzrə yenidən bölüşdürüləcək:

"Mən bu məlumatı qeyri-rəsmi mənbələrdən aldım. Rusiya tərəfindən hələlik rəsmi açıqlamalar verilməyib. May ayı üçün Drujba boru kəməri ilə Atırau-Samara üzərindən və oradan Şvedtdəki neft emalı zavoduna sıfır tranzitimiz var".

Xatırladaq ki, Reuters dünən üç sənaye mənbəyinə istinadən  Rusiyanın mayın 1-dən etibarən Qazaxıstandan Almaniyaya boru kəməri ilə neft ixracını dayandırmaq niyyətində olduğuna dair məlumat yaymışdı. Prezidentin mətbuat katibi Dmitri Peskov agentliyə bundan xəbərsiz olduğunu və sorğunu müvafiq şirkətlərə göndərdiyini bildirib.

Agentlik qeyd edib ki, 2025-ci ildə Qazaxıstandan Almaniyaya Rusiya boru kəməri ilə gündəlik neft ixracı təxminən 43.000 barel təşkil edib. Bu, 2024-cü illə müqayisədə 44 faiz artım deməkdir. Tamamilə dayandırılma Almaniyanın PCK neft emalı zavodu tərəfindən ildə emal edilən 12 milyon ton neftin təxminən 17 faizinin itirilməsinə səbəb olacaq. Bu, ölkənin ən böyük neft emalı zavodlarından biridir, şimal-şərqdəki Şvedt şəhərində yerləşir və Berlin-Brandenburq bölgəsindəki on avtomobildən doqquzu üçün yanacaq istehsal edir.

Qeyd edək ki, Qazaxıstanın milli operatoru olan Kaztransoil, Transneft boru kəməri sistemi vasitəsilə Rusiya ərazisindən neft tranzitini təmin edir. Bu tranzit Qazaxıstan və Rusiya arasında 7 iyun 2002-ci il tarixli müvafiq hökumətlərarası müqavilə çərçivəsində həyata keçirilir.

2025-ci ildə Qazaxıstan Drujba boru kəməri ilə Almaniyaya 2,1 milyon ton neft çatdırıb. Bu il həcmin təxminən 3 milyon tona çatdırılması planlaşdırılırdı. Ölkə ötən ilin I rübü ilə müqayisədə bu ilin müvafiq dövründə Almaniyaya neft ixracını iki dəfə artıraraq 730 min tona çatdırıb.

Qazaxıstan Drujba kəməri ilə Almaniyaya 2023-cü ildən neft ixrac edir.

Onu da qeyd edək ki, Rusiyanın bu addımının iki mümkün səbəbi diqqətə çatdırılır. Birincisi, Hörmüz ətrafındakı gərginliyə görə neft idxalında çətinliklər yaşayan Almaniyanın vəziyyətini daha da ağırlaşdırmaqla onu Ukraynanın müdafiəsindən uzaqlaşdırmaq. Məlumdur ki, Almaniya Ukraynanın ABŞ-dan sonra ikinci ən böyük silah tədarükçüsüdür. Ölkə həmçinin Ukrynaya böyük maliyyə dəstəyi də təmin edir. Moskva bu dəstəyi azaltmaq üçün İran münaqişəsinin yaratdığı böhrandan yararlanmaq istəyir.

Drujba ilə Qazaxıstan neftinin nəqlinin dayandırılmasının digər səbəbi 2 gün əvvəl Ukraynanın Samara yaxınlığında kəmərə neft vuran nasos stansiyasına və Urals markalı neftin hazırlanması üçün istifadə olunan yanacaq çənlərinə zərbələri ola bilər. Rusiya tərəfi açıqlamasa da, zərbələrin kəmərlə neft nəqli imkanlarını ciddi şəkildə məhdudlaşdırdığı, bu səbəbdən dən Rusiyanın onunla yalnız öz neftini nəql etmək imkanında olduğu ehtimal edilir. Məlumdur ki, Qazaxıstan nefti Drujba kəmərlər sisteminin Belarusdan keçən hissəsi ilə nəql olunur. Samaradakı zərbə alan obyektlər məhz bu hissəyə neft vurulmasını təmin edir.

Hər bir halda, Qazaxıstan Drujba ilə nəql olunmayacaq həcmləri digər istiqamətlər - Xəzər Boru Kəməri ilə Novorossiyskə, Çinə, həmçinin Xəzər dənizi üzərindən Azərbaycanın Bakı-Tiflis-Ceyhan kəmərinə yönəldə bilər. Birinci rübdə bu kəmərlə ötən ilin eyni dövründəkindən 26 min ton çox -  346 min ton neft nəql olunub. İlin sonunadək bu həcmin 2-2,2 milyon tona çatdırılması nəzərdə tutulur.

Xatırladaq ki, ötən il BTC ilə 1,2 milyon ton Qazaxıstan nefti nəql olunub. İllik plan 2 milyon ton olsa da, iyun ayında Ceyhan limanına çatdırılan Azərbaycan neftinə zəhərli kimyəvi maddənin qatılması hadisəsi üzündən 2 ay müddətində Qazaxıstan neftinin kəmərlə nəqli dayandırılıb. Həmin vaxt bu işin arxasında Rusiyanın dayandığına dair beynəlxalq mediada çoxsaylı materiallar dərc olunmuşdu.

Yeri gəlmişkən, Qazaxıstan Almaniyaya neft ixracını tamamən Azərbaycan üzərindən reallaşdıra bilər. Belə ki, hazırda BTC-nin ixrac gücünün demək olar ki, yarısından istifadə olunmur.

Dünya,
Musavat.com

Seçilən
55
13
musavat.com

10Mənbələr