Aprelin 22-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, AzMİU, AR Elm və Təhsil Nazirliyi Riyaziyyat İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, eləcə də ABŞ, Polşa, Türkiyə, Ukrayna, Qazaxıstan və Yunanıstanın nüfuzlu ali təhsil və elmi-tədqiqat müəssisələrinin birgə təşkilatçılığı ilə “İnformasiya Texnologiyaları və Onların Tətbiqi üzrə 3-cü Beynəlxalq Konfrans” (ITTA 2026) öz işinə başlayıb.
"Unikal" xəbər verir ki, konfransın əsas məqsədi elmi tədqiqat müəssisələri, universitetlər, beynəlxalq təşkilatlar, dövlət və özəl sektoru təmsil edən mütəxəssisləri bir araya gətirərək informasiya texnologiyaları sahəsində mövcud elmi-praktiki çağırışların, innovativ həllərin və gələcək inkişaf istiqamətlərinin müzakirə edilməsidir.
Beynəlxalq tədbirdə dünyanın müxtəlif ölkələrindən 210-dan çox alim və tədqiqatçının oflayn və onlayn formatda iştirak edir. Konfrans çərçivəsində xüsusilə WUF13 ərəfəsində tikinti və memarlıqda informasiya texnologiyalarının tətbiqi, ağıllı bina, ağıllı kənd, ağıllı şəhər modelləri, eləcə də süni intellekt və onun müxtəlif sahələrdə tətbiqi ilə bağlı aktual mövzular diqqət mərkəzindədir.
Konfransın açılış mərasimində AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova çıxış edərək bildirib ki, müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının memarlıq və inşaat sahəsinə inteqrasiyası şəhərsalma siyasətində yeni yanaşmalar formalaşdırır, layihələndirmə, təhlükəsizlik, enerji səmərəliliyi və dayanıqlılıq baxımından geniş imkanlar yaradır. Rektor qeyd edib ki, rəqəmsal modelləşdirmə, BIM texnologiyaları, ağıllı şəhər həlləri və avtomatlaşdırılmış idarəetmə sistemləri gələcəyin şəhərlərinin qurulmasında əsas rol oynayır: “Azərbaycanda süni intellekt sahəsinin inkişafı dövlət səviyyəsində prioritet istiqamət kimi müəyyənləşdirilib və AzMİU-da bu məqsədlə Süni İntellekt Mərkəzi yaradılıb, yeni layihələr, tədris proqramları və beynəlxalq əməkdaşlıqlar həyata keçirilir. Bütün bunlar onu göstərir ki, AzMİU-da mühəndislik, memarlıq və rəqəmsal texnologiyaların sintezinə əsaslanan yeni nəsil mütəxəssislərin hazırlanması diqqət mərkəzində saxlanılır”.
Açılış mərasimində, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev, Bakı Dövlət Universitetinin Ali riyaziyyat kafedrasının müdiri, professor Misir Mərdanov, Riyaziyyat İnstitutunun direktor əvəzi, professor Elxan Səbziyev, akademik Telman Əliyev və digər qonaqlar çıxış edərək informasiya texnologiyalarının qlobal inkişaf proseslərində strateji rolunu vurğulayıb, universitetlər ilə elmi mərkəzlər arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd ediblər. Bildirilib ki, rəqəmsal transformasiya dövründə elm, təhsil və istehsalat arasında inteqrasiyanın gücləndirilməsi dayanıqlı inkişafın əsas şərtlərindən biridir.
Çıxışlardan sonra plenar məruzələr dinlənilib.
Estoniyanın Tartu Universitetinin professoru Sedat Akleylek “Post-kvant kriptoqrafik protokollar: nəzəriyyədən praktikaya” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə gələcəyin kibertəhlükəsizlik çağırışları, kvant hesablama dövründə məlumatların qorunması və yeni şifrələmə mexanizmləri haqqında ətraflı məlumat verilib.
ADA Universitetinin Kompüter və İnformasiya Elmləri üzrə BSCS proqramının direktoru Samir Rüstəmov isə “Real dünyada işləyən nitqin tanınması sistemlərinin qurulması” mövzusunda təqdimat edib. Məruzədə süni intellekt əsaslı nitq texnologiyalarının tətbiqi, çoxdilli mühitdə səs tanıma sistemlərinin yaradılması və bu sahədə praktiki təcrübələrdən bəhs olunub.
Qeyd edək ki, 2 gün davam edəcək konfrans işini bölmə iclasları ilə davam etdirir. Sessiyalarda təqdim olunan elmi məqalələr və müzakirə olunan yenilikçi yanaşmaların qlobal elmi platformalarda, yüksək indeksli və impakt faktorlu beynəlxalq jurnallarda dərc olunması nəzərdə tutulur.