AZ

Solovyov Melonini təhqir etdi: İtaliya baş nazirinin cavabı nə oldu?

Rusiya televiziya aparıcısı Vladimir Solovyov İtaliyanın baş naziri Corcia Melonini təhqir edib. Buna cavab olaraq İtaliya hakimiyyəti Rusiyanın ölkədəki səfiri Aleksey Paramonovu Xarici İşlər Nazirliyinə çağırıb...

Poliqon xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Corcia Meloni sosial şəbəkələrdə paylaşım edərək bildirib ki, rejimin sədaqətli təbliğatçısı nə ardıcıllıq, nə də azadlıq barədə dərs verə bilər.

"Bu karikaturalar bizi kursumuzu dəyişməyə məcbur etməyəcək. Bizim, digərlərindən fərqli olaraq, sahiblərimiz yoxdur və biz heç kimin əmrlərini yerinə yetirmirik. Bizim yeganə kompasımız İtaliyanın maraqlarıdır və biz dünyanın istənilən yerindən gələn təbliğatçılara baxmayaraq, bu yolla irəliləməyə davam edəcəyik", deyə o qeyd edib.

Nəşr yazır ki, Meloni paylaşımında Solovyovun adını çəkməsə də, onun təhqiramiz çıxışlarına məhz bu şəkildə reaksiya verib.

Məlumata görə, Solovyov öz proqramında Meloninin ünvanına italyan dilində bir sıra təhqirlər səsləndirib və onu "faşist" və "sertifikatlı idiot" adlandırıb.

Rusiya 1 telekanalında yayımlanan verilişdə aparıcı həm rus, həm də italyan dillərində çıxış edərək Avropa ölkələrinə qarşı sərt bəyanatlar səsləndirib.

Hadisədən sonra Rusiyanın İtaliyadakı səfiri Aleksey Paramonov sosial şəbəkələrdə açıqlama verərək bildirib ki, onun XİN-ə çağırılması "diplomatik səhvdir". O vurğulayıb ki, Meloni legitim hökumət başçısıdır və Rusiya hakimiyyətinin heç bir nümayəndəsi onun ünvanına rəsmi təhqir səsləndirməyib.

İtaliya tərəfi isə bu hadisəyə sərt reaksiya verib. Xarici işlər naziri Antonio Tayani bildirib ki, səfir rəsmi etirazın bildirilməsi üçün nazirliyə çağırılıb.

İtaliya prezidenti Serco Mattarella da baş nazirə dəstək ifadə edərək Solovyovun ifadələrini kəskin pisləyib.

Bundan əlavə, ölkə daxilində müxalifət qüvvələri də Melonini müdafiə edib. Məsələn, Demokrat Partiyasının katibi Elli Şlayn bu cür bəyanatları "qəbuledilməz və seksist" adlandırıb.

Nəşr qeyd edir ki, Solovyov tez-tez rəsmi şəxslərin açıq şəkildə ifadə edə bilmədiyi fikirləri səsləndirən təbliğatçı kimi tanınır.

Poliqon.info

Seçilən
37
poliqon.info

1Mənbələr