AZ

Bakı Şamaxı Muğanlı İsmayıllı Qəbələ yolunda genişmiqyaslı tikinti işləri davam edir FOTO VİDEO

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Qəbələ, 21 aprel, AZƏRTAC

Ölkəmizin yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində icra olunan mühüm layihələrdən biri də Bakı–Şamaxı–Muğanlı–İsmayıllı–Qəbələ avtomobil yolunun yenidən qurulması və genişləndirilməsidir. Hazırda layihənin Qəbələ rayonunun Vəndam qəsəbəsindən keçən hissəsində tikinti-quraşdırma işləri sürətlə davam etdirilir.

Qəbələnin ən iri yaşayış məntəqələrindən olan Vəndam qəsəbəsinin mərkəzi hissəsindən magistral yolun bir neçə kilometri keçir. Hazırda qəsəbənin mərkəzi böyük bir tikinti meydançasını xatırladır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ərazidə işlər bir neçə istiqamətdə paralel şəkildə aparılır. Tikinti briqadaları köhnə yol yatağının qazılması və torpaq işlərinin görülməsi, Qurudərə çayı üzərində yeni körpünün inşası və yolun hazır hissələrinə asfalt-beton örtüyünün döşənməsi prosesini həyata keçirirlər.

Qəsəbədə bizi qarşılayan icra nümayəndəsi Hikmət Səfərəliyev bildirir ki, aidiyyəti qurumların məsul şəxsləri mütəmadi olaraq ərazidə olur və işlərin gedişatına birbaşa nəzarət edirlər. Tikinti sahələrinə baxış keçirdikdən sonra Hikmət müəllimlə yolun genişləndirilməsi layihəsi çərçivəsində əmlakı plana düşən sakinlərin vəziyyəti ilə maraqlanırıq. İcra nümayəndəsinin sözlərinə görə, bu məsələ ötən ildən tənzimlənib və hazırda müvafiq qaydada, öz axarı ilə davam edir.

“Aidiyyəti qurumlar tərəfindən yolun layihəsi hazırlanarkən hər bir məqam diqqətdə saxlanılıb. Hətta həyətlərdə olan şambolara, ağaclara, toyuq, mal damına qədər, hər bir detal siyahıya alınıb. İşlərə başlanmazdan üç ay əvvəl hər bir vətəndaşla notarial qaydada fərdi razılıq əldə edilib və müvafiq sənədləşmə aparılıb. Bəzi sakinlərin sənədlərində müəyyən uyğunsuzluqlar olsa da, operativ şəkildə aradan qaldırılıb, vəsaitlər vətəndaşların bank hesablarına köçürülüb”, – deyən Hikmət Səfərəliyev onu da əlavə edib ki, ilkin mərhələdə 60 ailə və 20-dən çox ictimai iaşə müəssisəsi ilə müqavilə bağlanıb.

İcra nümayəndəsinin sözlərinə görə, əvvəllər qəsəbə ərazisindəki sıxlığa görə nəqliyyat vasitələri burada 10-15 dəqiqə vaxt itirirdilərsə, eləcə də yollardan keçmək insanlara, xüsusən azyaşlı və məktəblilərə təhlükə yaradırdısa, layihənin icrasından sonra vaxt itkisi 5 dəqiqəyə kimi azalacaq. Digər tərəfdən sakinlərin təhlükəsizliyi də tam təmin olunacaq.

Qəsəbə sakini Bəhram Yolçuyevin əmlakı da mərkəzi yola yaxın olduğu üçün plana düşüb. Əksər sakinlər kimi sənədləri tam qaydasında olmadığından, əvvəllər narahatlıq keçiriblər. Lakin qısa müddətdə onların sənədləri yerli orqanlar tərəfindən qaydasına salınıb və vəsait onların kart hesablarına köçürülüb. “Mənim obyektim yol çəkilişi üçün plana düşdüyündən, mağazamı söküb götürmüşəm. Hətta mağazamın yararlı tikinti materiallarını söküb həyətimdə digər məqsədlər üçün istifadə etmişəm. Əmlakıma düşən kompensasiya da qısa müddətdə kart hesablarımıza köçürülüb” deyən Bəhram Yolçuyev yollarda aparılan genişləndirmə işlərindən sonra ərazinin abadlaşdırılacağını, sakinlərin təhlükəsizliyinin təmin olunacağını da əlavə edib.

Qeyd edək ki, yenidənqurma nəticəsində yol 8,8 kilometr qısalacaq. Yolboyu Ağsuçay çayı üzərində asma körpü inşa olunur. Körpüdə işlərin 40 faizi yerinə yetirilib. Körpüdən sonra yolun davamı kimi uzunluğu 885 metr olan tunelin tikintisi aparılır. Ümumilikdə yeni layihə üzrə yolboyu tunel və biri asma olmaqla, 17 körpü layihələndirilib.

Müxbir - Rasim İslamoğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
1
azertag.az

2Mənbələr