AZ

Ukrayna savaşı: Uzunmüddətli qarşıdurmanın yeni fazası

Rusiya-Ukrayna müharibəsi artıq yalnız cəbhə xəttində deyil, eyni zamanda çoxqatlı siyasi və geosiyasi müstəvidə davam edir. Bunu son günlərdə Ukrayna ətrafında baş verən hadisələr də göstərir.

Ukraynanın Rusiya Qara dəniz donanmasına qarşı uğurlu zərbələr endirdiyini açıqlaması, Sevastopolda desant gəmilərinin sıradan çıxarılması, paralel olaraq Rusiya tərəfinin kamikadze dronlarla Ukraynanın daxili hədəflərinə zərbələr endirməsi müharibənin texnoloji və taktiki səviyyədə daha da intensivləşdiyinin təsdiqidir. Eyni zamanda ABŞ və Avropa tərəfindən milyardlarla dollar dəyərində hava hücumundan müdafiə sistemləri və silah tədarükü ilə bağlı qərarlar, Türkiyənin vasitəçiliyi ilə liderlər səviyyəsində mümkün görüş təşəbbüsləri və Ukraynanın Avropa Birliyi istiqamətində diplomatik fəallığı bu qarşıdurmanın artıq geniş geosiyasi çərçivədə davam etdiyini açıq şəkildə ortaya qoyur.

Hazırkı mərhələnin əsas xüsusiyyəti ondan ibarətdir ki, tərəflər eyni vaxtda həm eskalasiyaya, həm də danışıqlara hazırlaşır. Ukraynanın Qara dənizdə Rusiya hərbi potensialına zərbələr endirməsi təsadüfi deyil. Bu, bir tərəfdən Rusiyanın logistikasını və dəniz üzərindən əməliyyat imkanlarını zəiflətmək məqsədi daşıyır, digər tərəfdən isə mümkün danışıqlar öncəsi Kiyevin əlini gücləndirməyə xidmət edir. Eyni məntiq Rusiya tərəfinin dron hücumlarında da müşahidə olunur. Mülki və yarım-hərbi hədəflərə yönəlmiş bu zərbələr Ukraynanın daxili dayanıqlığını sarsıtmaq və psixoloji təzyiq yaratmaq məqsədi güdür. Bu, klassik hərbi qarşıdurmadan daha çox, iradə sınağına çevrilmiş müharibə modelidir.

Diplomatik müstəvidə isə vəziyyət daha mürəkkəbdir. Ukrayna rəhbərliyi açıq şəkildə yüksək səviyyəli görüşlərə hazır olduğunu bildirir və Türkiyənin vasitəçilik təşəbbüslərini dəstəkləyir. Bu, Kiyevin danışıqlardan imtina etmədiyini, əksinə onları müəyyən şərtlər daxilində qəbul etdiyini göstərir. Lakin eyni zamanda Ukrayna prezidenti Volodimir Zelenskinin Donbasdan geri çəkilməni strateji məğlubiyyət kimi qiymətləndirməsi Ukraynanın əsas qırmızı xətlərini də açıq şəkildə ortaya qoyur. Bu isə o deməkdir ki, mümkün danışıqlar kompromis üzərində deyil, daha çox qarşılıqlı maksimalist mövqelərin toqquşması üzərində qurula bilər.

Bu prosesdə Qərbin rolu da həlledici olaraq qalır. ABŞ və Avropa ölkələrinin Ukraynaya hərbi dəstəyi artırması təkcə müdafiə məqsədi daşımır, eyni zamanda Rusiyaya strateji mesajdır. Bu mesaj ondan ibarətdir ki, müharibənin uzanması Qərb üçün qəbuledilməz deyil və onlar uzunmüddətli qarşıdurmaya hazırdırlar. Xüsusilə hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi Ukraynanın şəhərlərinin və kritik infrastrukturunun qorunmasına yönəlib və bu, Rusiyanın hava üstünlüyünü məhdudlaşdırmaq baxımından mühüm əhəmiyyət daşıyır.

Digər tərəfdən, Belarus istiqamətində artan hərbi aktivlik müharibənin coğrafiyasının genişlənməsi riskini yenidən gündəmə gətirir. Bu, hələlik birbaşa müdaxilə kimi görünməsə də, Ukrayna üçün əlavə təzyiq aləti rolunu oynayır. Rusiya bu amildən istifadə edərək Ukraynanın hərbi resurslarını bölməyə və diqqətini bir neçə istiqamətə yaymağa çalışır. Bu isə cəbhədə balansın dəyişdirilməsi baxımından ciddi strateji əhəmiyyət kəsb edir.

Eyni zamanda Ukraynanın Macarıstanla münasibətləri normallaşdırmaq cəhdləri və Avropa İttifaqı ilə inteqrasiyanı sürətləndirmək istəyi göstərir ki, Kiyev bu müharibəni yalnız hərbi qələbə ilə deyil, siyasi və iqtisadi inteqrasiya vasitəsilə də qazanmağa çalışır. Bu yanaşma Ukraynanın uzunmüddətli strategiyasının bir hissəsidir və ölkənin gələcək təhlükəsizlik modelini müəyyənləşdirir.

Bütün bu faktorları bir araya gətirdikdə aydın olur ki, Ukrayna müharibəsi həlledici mərhələyə yaxınlaşsa da, bu mərhələ qısa müddətli nəticələr vəd etmir. Əksinə, qarşıdakı dövr həm hərbi əməliyyatların intensivləşməsi, həm də paralel diplomatik cəhdlərin artması ilə xarakterizə olunacaq. Bu isə onu göstərir ki, tərəflər ya daha geniş eskalasiyaya gedəcək, ya da ağır və mürəkkəb kompromislər üzərində düşünməyə məcbur qalacaqlar. Hazırkı reallıqda isə birinci ssenari daha real görünür, çünki nə Kiyev, nə də Moskva öz əsas strateji mövqelərindən geri çəkilməyə hazır olduğunu göstərir.

Züriyə Qarayeva

Seçilən
11
1
bakivaxti.az

2Mənbələr