AZ

Hörmüzdə kriptovalyuta ilə “təhlükəsiz keçid” fırıldağı

Hörmüz boğazı yaxınlığında qalan bəzi gəmilərə naməlum şəxslər tərəfindən Bitcoin və ya Tether qarşılığında “təhlükəsiz keçid icazəsi” təklif olunub...

Poliqon xəbər verir ki, Reuters Agentliyinin yaydığı məlumata görə, Yunanıstanın dəniz risklərinin idarə olunması üzrə MARISKS şirkəti Hörmüz boğazı ətrafında yeni fırıldaq sxemi ilə bağlı xəbərdarlıq yayıb. Bildirilir ki, özlərini İran rəsmilərinin nümayəndəsi kimi təqdim edən naməlum şəxslər bir sıra gəmiçilik şirkətlərinə mesaj göndərərək “təhlükəsiz keçid” üçün kriptovalyuta ilə ödəniş tələb ediblər.

Məlumata əsasən, həmin şəxslər tranzitə “icazə” verilməsi müqabilində Bitcoin və ya Tether ilə ödəniş edilməsini istəyiblər. Şirkətin yaydığı xəbərdarlıqda vurğulanıb ki, bu cür mesajlar rəsmi xarakter daşımır və ehtimal ki, bölgədəki gərgin vəziyyətdən sui-istifadə etmək istəyən fırıldaqçılar tərəfindən göndərilir.

Hadisənin diqqətçəkən tərəfi ondan ibarətdir ki, bu cür saxta təkliflər Hörmüz boğazında gəmi hərəkətinin onsuz da həssas və riskli olduğu bir vaxtda ortaya çıxıb. Boğaz yaxınlığında gözləmə vəziyyətində qalan gəmilər və onların operatorları təhlükəsizliklə bağlı qeyri-müəyyənlik fonunda əlavə təzyiq altındadırlar. Bu da fırıldaq sxemlərinin inandırıcılığını artırmaq üçün münbit zəmin yaradır.

MARISKS şirkəti gəmiçilik sektorunu belə mesajlara qarşı son dərəcə ehtiyatlı olmağa çağırıb. Bildirilib ki, naməlum mənbələrdən gələn və ödəniş tələb edən bütün müraciətlər ciddi şəkildə yoxlanılmalı, xüsusilə rəsmi dövlət qurumlarının adı ilə göndərilən qeyri-adi təkliflər dərhal şübhə doğurmalıdır.

Hazırda Tehran tərəfindən məsələ ilə bağlı rəsmi açıqlama verilmədiyi qeyd olunur. Müşahidəçilər hesab edirlər ki, regionda hərbi-siyasi gərginliyin artması təkcə enerji və dəniz daşımalarına deyil, eyni zamanda belə kiber və maliyyə xarakterli fırıldaq mexanizmlərinin yayılmasına da şərait yaradır.

Poliqon.info

Seçilən
35
poliqon.info

1Mənbələr