AZ

Luizianada 8 uşağın öldürülməsinin səbəbi məişət münaqişəsi olub

Polisin məlumatına görə, Şrivport şəhərində baş vermiş faciənin arxasında uzun müddət davam edən məişət münaqişəsi dayanıb, silahlı şəxs isə hadisədən sonra polis təqibi zamanı öldürülüb...

Poliqon xəbər verir ki, Reuters Agentliyinin yaydığı məlumata görə, ABŞ-nin Luiziana ştatının Şrivport şəhərində səkkiz uşağın öldürülməsi ilə nəticələnən hadisənin əsas səbəbi uzun müddət davam edən məişət münaqişəsi olub. Şəhər polisinin rəisi Ueyn Smit mətbuat konfransında bildirib ki, toplanmış sübutlar və ifadələr hücumun məhz ailədaxili və şəxsi zəmində baş verdiyini göstərir.

Məlumata əsasən, hadisə aprelin 19-da baş verib. 31 yaşlı Şamar Elkins əvvəlcə sevgilisinin yaşadığı evə gedərək orada atəş açıb və üç uşağı özü ilə aparıb. Həmin uşaqlar daha sonra sağ-salamat tapılıblar. Bundan sonra o, həyat yoldaşının olduğu evə yollanıb. Həmin evdə yaşı 3-dən 11-ə qədər olan səkkiz uşaq olub və onların yeddisinin Elkinsin öz övladları olduğu bildirilir.

Polisin açıqlamasına görə, uşaqları öldürdükdən sonra Elkins oğurladığı avtomobillə hadisə yerindən qaçmağa cəhd edib. Daha sonra polis təqibi və silahlı qarşıdurma zamanı o, öldürülüb. Hücum zamanı onun həyat yoldaşı və sevgilisi də ağır yaralanıb. Hazırda hər iki qadının xəstəxanada kritik vəziyyətdə olduğu qeyd olunur.

Hadisə ilə bağlı əlavə məlumat verən qohumları The New York Times nəşrinə bildiriblər ki, Elkins psixi pozuntudan əziyyət çəkirdi və son dövrlərdə intihar xarakterli fikirlər səsləndirirdi. Ailə üzvlərinin sözlərinə görə, onun həyat yoldaşının boşanmaq tələbi vəziyyəti daha da gərginləşdirib və o, bu səbəbdən ciddi stress altında olub.

İstintaqçılar indi Elkinsin silaha sahib olmaq qadağası və əvvəlki məhkumluqlarına baxmayaraq, hücumda istifadə etdiyi silahı necə əldə etdiyini araşdırırlar. Bildirilir ki, o, son vaxtlar çatdırılma xidmətində çalışıb, 2013-2020-ci illərdə isə Luiziana Milli Qvardiyasında rabitə və atəş dəstəyi üzrə mütəxəssis kimi xidmət edib.

Poliqon.info

Seçilən
48
poliqon.info

1Mənbələr