Fransada gələn il keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca siyasi səhnə tədricən qızışır. Bu dəfə mübarizə təkcə hakimiyyət uğrunda deyil, həm də hazırkı prezident Emmanuel Makron sonrası dövrün ideoloji xəritəsinin necə formalaşacağı üzərində gedir. Makron erasının sonuna doğru ölkədə həm sağ, həm də mərkəz qüvvələr yeni lider axtarışını sürətləndirir. Son olaraq, mühafizəkar Respublikaçılar Partiyası növbəti prezident seçkilərində Bruno Retayonu rəsmi namizəd kimi dəstəkləyiblər. Partiyadaxili səsvermədə 73 faiz ona “hə” deyib.
Retayo həqiqətən də Fransanın gələcək prezidenti ola bilərmi?

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Musavat.com-da respublikaçıların qələbə şanslarını aşağı dəyərləndirib:
“Respublikaçılar Partiyası ötən 20 ildə Fransa siyasətində ciddi səs itkisi, başqa sözlə, xalq dəstəyinin itirilməsi ilə üzləşiblər. Məsələn, 2012, 2017 və 2022-ci illərin prezident seçkilərində onların səs faizi uyğun olaraq təqribən 27, 25 və 5% olub. Düzdür, Makron hakimiyyətdən gedəcəyi təqdirdə sağ cinahda ciddi boşluq yaranacaq, çünki respublikaçılar əsaslı partiyadır. Lakin bu boşluğu ötən 20 ildə yeni adlar doldurub. Belə ki, həmin dövrdə sağ elektoratın böyük hissəsi Marin Le Penin dəstəkçisinə çevrilib. Le Penin düşərgəsi ötən seçkilərdə olduqca yüksək nəticələr göstərib. Məsələn, 2022-ci il prezident seçkilərində Le Pen Makrondan sonra ikinci idi. Hətta onun partiyası ən son, 2024-cü ildəki növbədənkənar parlament seçkilərində Makrondan da önə çıxaraq 1-ci yerə çıxdı. Bu, “National Rally”nin yüksəlişinin piki idi. Növbəti prezident seçkilərində qələbəni də onun qazanması gözlənilir. O, sorğu nəticələrinə görə birinci yerdədir. Lakin Le Pen ifrat sağı təmsil etdiyi üçün son anda vəziyyət dəyişə bilər. Mərkəzin güclü fiqurları, o cümlədən mərkəz-sağ siyasi cinaha aid daha potensiallı namizəd olaraq Eduard Filippe onu əvəzləyə bilər. Yekun olaraq, Respublikaçıların növbəti prezident seçkilərində qalib gəlmə ehtimalını aşağı dəyərləndirmək olar”.
Cavanşir ABBASLI
Musavat.com