Cebheinfo saytına istinadən ain.az xəbər verir.
Azərbaycan alimentlə bağlı məhkəmə qərarlarının beynəlxalq səviyyədə icrası mexanizminə qoşulur.
Bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1993-cü il 22 yanvar tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında” və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 2002-ci il 7 oktyabr tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında” qanun layihələrində əksini tapıb.
Bu dəyişiklik vətəndaşlar üçün nəyi dəyişəcək?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən hüquqşünas Ruslan Mustafayev bildirib ki, alimentlə bağlı məsələlərdə vətəndaşları ən çox incidən mərhələ icra prosesi idi:

"Bu problemlərin aradan qaldırılması üçün kifayət qədər islahatlar və dəyişikliklər aparılıb. Məhkəmə icraçılarının səlahiyyətləri genişləndirildi, hüquqları artırıldı. Məqsəd məhkəmə qərarlarının vaxtında icrasının təmin edilməsidir.
Alimentlərin tutulmaması, yeni alimentlə bağlı olan məhkəmə qərarlarının icrasını çətinləşdirən hallar kifayət qədər çoxdur. Belə ki, bir çox hallarda vətəndaşların, yəni borcluların, hansılar ki, məhkəmə qərarı ilə alimenti ödəməlidirlər, həmin şəxslərin ölkə sərhədlərindən kənarda olmasıdır.
Bəzi hallarda bu şəxslər özləri bilərəkdən aliment öhdəliklərini yerinə yetirməmək, məhkəmə qərarlarının icrasından yayınmaq üçün ölkəni tərk edirlər.
Bəzi hallarda isə bu obyektiv səbəblərdən belə olur ki, vətəndaş barəsində məhkəmə qərarı var, o aliment ödəməlidir və yaxud hər hansı bir şəxsə borcu ödəməlidir, amma ölkə sərhədlərindən kənardadır, bu barədə məlumat əldə etməyib, gec və ya ümumiyyətlə proseslərdən xəbəri olmayıb".
Onun sözlərinə görə, bu hallar təbii olaraq məhkəmə icraçılarının öz işlərini həyata keçirmək, məhkəmə qərarlarının vaxtında icrasını təmin etmək imkanlarını daraldırdı:
"Hazırkı dəyişikliklər isə təbii olaraq aliment alan şəxslərin hüquqlarının qorunmasına yönələn hallardır. Dəyişikliklərdən sonra məhkəmə qərarı qüvvəyə mindikdə icraçı şəxsin ölkə kənarında olduğunu müəyyən edirsə, müvafiq sənədlər toplayaraq müəyyən edilmiş müvafiq quruma təqdim edir həmin sənədləri və həmin şəxsin olduğu ölkə üzrə həmin şəxsin tapılması və məhkəmə qərarının icra edilməsini müvafiq müqaviləyə əsaslanaraq xahiş edir".
Hüquqşünas qeyd edir ki, ərz edək ki, alimenti ödəməli olan şəxs Rusiya Federasiyası ərazisindədir:
"Azərbaycan Respublikasında fəaliyyət göstərən məhkəmə icraçısının onu tapması və alimentin məbləğinin ödənilməsini təmin etməsi demək olar ki, sıfıra bərabər idi.
Amma bu islahatlardan sonra məhkəmə icraçısı müvafiq quruma müraciət edir və həmin qurum Rusiya Federasiyasında ölkələrarası müqavilə üzrə və yaxud konvensiya əsasında həmin öhdəlikləri həyata keçirməli olan müvafiq qurumla əlaqəyə keçir.
Artıq Azərbaycan Respublikasının məhkəmələri tərəfindən qəbul olunmuş qərarın icrası Rusiyada həyata keçirilir. Yəni həmin şəxs tapılır və ondan həmin alimentin ödənilməsi həyata keçirilir.
Düşünürəm ki, ilkin vaxtlarda praktikada həyata keçirilərkən müəyyən çətinliklər olacaq. Amma praktikada qarşıya çıxan mənfi hallar, çətinliklər işlədikcə bəlli olacaq və onlar aradan qaldırıldıqdan sonra artıq işlər oturuşmuş mexanizm ortaya çıxacaqdır".
Gülər Həsənli
"Cebheinfo.az"
Açar sözlər:
aliment Ruslan Mustafayev
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.