AZ

Nəhəng siyasi platformalarda uğurla təmsil olunan Azərbaycanın beynəlxalq nüfuzu daha da möhkəmlənir

Bakı, 20 aprel, AZƏRTAC

Dünya mürəkkəb geosiyasi proseslərlə üz-üzədir. Müxtəlif regionlarda davam edən münaqişələr, müharibələr, enerji təhlükəsizliyi ilə bağlı risklər, nəqliyyat marşrutlarının dəyişməsi və iqtisadi qeyri-sabitlik dövlətlər arasında daha sıx əməkdaşlıq zərurəti yaradır. Bu baxımdan, Antalya Diplomatiya Forumunda əsas müzakirə mövzuları arasında enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, iqtisadi əməkdaşlıq, regional inteqrasiya, yaşıl enerji, rəqəmsal transformasiya və qlobal təhlükəsizliyə daiq məsələlərin xüsusi yer tutması təsadüfi deyil. Bu mövzuların hər biri müasir dövrün əsas çağırışları sırasındadır və dövlətlərin qarşılıqlı fəaliyyətini daha da vacib edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Səbinə Qaraşova səsləndirib.

Ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunu vurğulayan S.Qaraşova qeyd edib ki, müstəqil və balanslaşdırılmış xarici siyasət həyata keçirən Prezident İlham Əliyev bir çox beynəlxalq məsələlərdə prinsipial mövqe sərgiləyir. Bu gün etibarlı tərəfdaş kimi qəbul olunan Azərbaycan həm region dövlətləri, həm də dünyanın müxtəlif güc mərkəzləri ilə qarşılıqlı hörmətə və maraqlara əsaslanan münasibətlərə sahibdir. Azərbaycanın həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq formatlarında, nəhəng siyasi platformalarda uğurla təmsil olunması onun diplomatik imkanlarını və beynəlxalq nüfuzunu daha da möhkəmləndirir.

Azərbaycanın geostrateji mövqeyi də bu baxımdan xüsusi önəm daşıyır. Ölkəmiz Şərq ilə Qərb, Şimal ilə Cənub arasında mühüm tranzit və logistika mərkəzi kimi çıxış edir. Xüsusilə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri çərçivəsində Azərbaycanın rolu son illərdə daha da artıb. Bu marşrutlar vasitəsilə yükdaşımaların həcminin genişlənməsi, alternativ nəqliyyat imkanlarının yaradılması və region ölkələri arasında iqtisadi əlaqələrin gücləndirilməsi mümkün olur. Enerji sahəsində də Azərbaycan mühüm aktorlardan biri kimi çıxış edir. Ölkəmizin zəngin enerji resursları, xüsusilə neft və qaz ehtiyatları Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan son illərdə yaşıl enerji layihələrinə də xüsusi diqqət yetirir və bu istiqamətdə beynəlxalq əməkdaşlığı genişləndirir. Belə nüfuzlu forumlarda Azərbaycanın fəal iştirakı ölkəmizin beynəlxalq nüfuzunu daha da gücləndirir.

“Azərbaycan və Türkiyə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətləri bu platformalarda bir daha özünü göstərir. Bu münasibətlər yalnız iki ölkə üçün deyil, bütövlükdə regionun sabitliyi və inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır. Qlobal qeyri-sabitlik və geosiyasi gərginlik fonunda bu cür forumlar dövlətlərin bir araya gəlməsi, ümumi yanaşmalar formalaşdırması və gələcək fəaliyyət istiqamətlərini müəyyən etməsi baxımından mühüm rol oynayır. Bu isə beynəlxalq münasibətlərin daha konstruktiv və müsbət istiqamətdə inkişafına ciddi töhfə verir”, - deyə S.Qaraşova əlavə edib.

Seçilən
31
azertag.az

1Mənbələr