AZ

Həmkarlar İttifaqı ömürlük müavinəti niyə kəsib? Rəsmi açıqlama

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bir müddət əvvəl Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən bir qrup şəxsə verilən aylıq müavinətin kəsilməsi ilə bağlı məlumat yayılmışdı. 

“Qafqazinfo”nun “Yeni Sabah”a istinadən verdiyi məlumata görə, “Həmkarlar ittifaqında xidmətlərinə görə” döş nişanı ilə təltif edilən və ömürlük aylıq müavinət ayrılan bir qrup şəxsin bank hesablarına həmin vəsaitin köçürülməsi dayandırılıb. 

İddia olunur ki, Konfederasiya bu ilin fevral ayında 172 manat məbləğində müavinətin dayandırılması barədə qərar qəbul edib. Lakin təqaüdü alan şəxslərə əvvəlcədən bununla bağlı heç bir məlumat verilməyib. Eyni zamanda, ömürlük təyin olunan müavinətin hansı əsaslarla kəsildiyi də açıqlanmayıb. Onlar sadəcə ayın sonunda kartlarını yoxlayan zaman balanslarına pulun köçmədiyini görüblər. 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, qurum tərəfindən əvvəlki illərdə “Həmkarlar ittifaqında xidmətə görə” medalı təsis edilib və bu medalla təltif olunmuş şəxslərə aylıq müavinətin ödənilməsi nəzərdə tutulub: “Lakin sonrakı dövrdə qanunverici orqan tərəfindən “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliyə əsasən, orden və medal vətəndaşlara xüsusi xidmətlərə görə verilən dövlət təltifi hesab olunub, sözügedən Qanundan başqa digər normativ hüquqi aktlarda “orden” və ya “medal” ifadələrindən istifadə edilməklə hər hansı təltif növünün təsis edilməsi qadağan edilib.

Bununla əlaqədar, qüvvədə olan qanunvericiliyin imperativ tələblərinə uyğun olaraq, “Həmkarlar ittifaqında xidmətə görə” medalının təsis olunması haqqında Əsasnamə ləğv edilərək təltif olunmuş şəxslərə müavinətlərin ödənilməsi dayandırılıb”.

Qeyd edək ki, həmin təqaüdü alan şəxslər arasında bir sıra keçmiş və indiki məmurlar var. Onlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri və hazırda Baş nazirin köməkçisi postunda çalışan Əhməd Əhmədzadədir.

Gülnar Əliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
qafqazinfo.az

2Mənbələr