AZ

Banklar audit hesabatlarını niyə 6, sığorta şirkətləri isə 3 aya AMB-yə təqdim etməlidir?- RƏSMİ AÇIQLAMA

Məlum olduğu kimi, ölkəmizdə banklar, bank olmayan kredit təşkilatları (BOKT) və sığorta şirkətləri illik gəlirləri və xərclərini özündə əks etdirən vergi bəyannaməsini növbəti ilin mart ayının 31-dək Dövlət Vergi Xidmətinə təqdim etmək məcburiyyətindədirlər. Eyni zamanda banklar, bank olmayan kredit təşkilatları (BOKT) mart ayının 31-dək, sığorta şirkətləri isə iyunun 30-dək Mərkəzi Banka audit hesabatlarını da təqdim etməlidirlər. Mərkəzi Bankın tələbinə görə banklara illik audit hesabatlarını təqdim etmək üçün 6 ay müddət verildiyi halda, sığorta şirkətlərinə cəmi 3 ay vaxt ayrılıb. Bu müddət həm auditorlar, həm də sığorta şirkətləri üçün çox qısadır və auditin mahiyyətinə zərbə vurur. Çünki, praktikada baş mühasib ili ən yaxşı halda 2 ayda bağlasa da, audit yoxlamasına cəmi bir neçə həftə vaxt qalır. Bu qədər qısa zamanda keyfiyyətli auditin aparılması mümkünsüzdür. Ona görə də Mərkəzi Bankın banklara və sığorta şirkətlərinə verdiyi möhlət müddəti arasındakı fərq ciddi narazılığa və müzakirələrə yol açıb.

Bəs maliyyə bazarındakı oyunçulara qarşı ikili yanaşma nə qədər doğrudur? Mərkəzi Bank möhlət müddətindəki 3 aylıq fərqin aradan qaldırılması barədə nəsə düşünürmü?

Suallara cavab tapmaq üçün Mərkəzi Banka sorğu göndərdik.

Sorğuya cavab olaraq MB-dan News365.az -a bildirilib ki, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunun 45-ci maddəsinə əsasən bank maliyyə ilinin qurtarmasından ən geci beş ay müddətində kənar auditor tərəfindən yoxlanılmış illik maliyyə hesabatlarını, ən geci altı ay müddətində isə kənar auditor tərəfindən yoxlanılmış birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməli və dərc etdirməlidir:

“Habelə, xarici bankın yerli filialı maliyyə ilinin qurtarmasından ən geci beş ay müddətində kənar auditor tərəfindən yoxlanılmış illik maliyyə hesabatlarını, ən geci səkkiz ay müddətində isə xarici bankın kənar auditor tərəfindən yoxlanılmış birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməli və dərc etdirməlidir. Bank və xarici bankın yerli filialı illik maliyyə hesabatlarını bu Qanunun 45.1-ci və 45.2-ci maddələri ilə müəyyən edilən müddətlərdə Mərkəzi Banka təqdim etməli, habelə özünün rəsmi internet səhifəsində və mətbu orqanda dərc etdirməli və bu barədə məlumatı Mərkəzi Banka təqdim etməlidir. İllik maliyyə hesabatları çap mediasında da dərc etdirilə bilər.

“Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanunun 20-ci maddəsinə uyğun olaraq BOKT maliyyə ilinin bitməsindən ən geci beş ay müddətində kənar auditor tərəfindən yoxlanılmış illik maliyyə hesabatlarını, ən geci altı ay müddətində isə kənar auditor tərəfindən yoxlanılmış birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə Mərkəzi Banka təqdim etməli, özünün rəsmi internet səhifəsində dərc etdirməli və bu barədə məlumatı Mərkəzi Banka təqdim etməlidir. İllik maliyyə hesabatları çap mediasında da dərc etdirilə bilər”.

 MB-ya ünvanladığımız digər sualsa qanunvericiliyin tələbinə əsasən sığorta şirkətləri konsolidə edilməmiş illik maliyyə hesabatlarını 3 ay müddətində, konsolidə edilmiş hesabatları isə 6 ay müddətində Mərkəzi Banka təqdim etməlidirləri ilə bağlı olub.

Qurum bu məsələyə belə aydınlıq gətirib:

“Maliyyə hesabatlarında əks olunan məlumatların aktuallığı, bu məlumatların etibarlılığı, sığortaçılar tərəfindən götürülən risklərin vaxtında qiymətləndirilməsi, onların idarə edilməsi və bu kimi məsələlər nəzərə alınaraq maliyyə hesabatların il bitdikdən sonra 3 ay müddətində təqdim olunması tələbləri formalaşdırılır. Sığorta sektoru xüsusi nəzarət olunan sektorlardan olduğu üçün sığorta şirkətlərinin götürdükləri risklər üzrə düzgün ehtiyatlanması, risk azaldıcı mexanizmlərin tətbiq olunması səviyyəsi, maliyyə dayanıqlığının təmin olunması və bununla bağlı ictimaiyyətə şəffaf məlumatların erkən təqdim olunması xüsusi önəm kəsb edir. Beynəlxalq təcrübəyə də diqqət yetirsək, bir çox ölkələrdə, o cümlədən Çexiya, Birləşmiş Krallıq, Türkiyə, Rusiya kimi ölkələrdə maliyyə hesabatlarının (konsolidə olunmamış) təqdim olunması müddəti 3 ay və ya ona yaxın müddət olaraq müəyyən edilir. Əlavə olaraq bildirək ki, sığorta şirkətləri rüblük hesabatlarını, o cümlədən 4-cü rüb üzrə hesabatları rüb bitdikdən sonra 2-3 həftə ərzində təqdim edirlər. 4-cü rüb üzrə məlumatların illik məlumatlara “keçidi”/”dürüstləşdirilməsi” üçün yuxarıda qeyd olunan 3 ay müddətinin kifayət edəcəyini söyləmək mümkündür.

 Onu da qeyd edirik ki, maliyyə sektorunun hər bir sahəsinin öz spesifikliyi mövcuddur və bu baxımdan müddət fərqliliklərinin olması normal qəbul olunmalıdır. Buna misal olaraq xarici təcrübələrə baxsaq, Türkiyə, Rusiya və Qazaxıstan kimi ölkələrdə banklar və sığortaçıların illik maliyyə hesabatlarını təqdim etmə müddətləri ilə bağlı fərqliliklərə rast gəlmək mümkündür”. News365.az

Seçilən
14
news365.az

1Mənbələr