AZ

Aygün Kazımova bütün yaş dövrünün ifaçısı kimi tarixdə qalacaq

ain.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Xalq artisti Aygün Kazımova yaradıcılığının 40 ilinə həsr olunan "Best of Aygun 40" albomu hazırlayıb. Albomda şou-biznesin 40 siması onun illərdir oxuduğu hitləri səsləndiriblər. Bu layihə musiqi aləmində böyük səs-küy doğurmağı bacarıb.

Axşam.az xəbər verir ki, layihəyə bu dəfə radio aparıcıları münasibət bildiriblər. Onlar "Best of Aygun 40" albomunda yer alan 40 fərqli ifanının və estradının ən hit mahnılarının bu gün sənət aləminə təsirindən söz açıblar.

Sualları cavablandıran İctimai Radionun məşhur aparıcısı  DJ Fateh "Best of Aygun 40" albomunun üstünlüklərindən söz açıb:

"Aygün Kazımovanın mahnı seçimi, xüsusilə bu albom üçün seçilmiş əsərlər o qədər ortaq zövqlərə xitab edir ki, onları ilk dəfə eşidən də məst olur, nostalji hissi yaşayan üçün də könül məlhəminə çevrilir. Etiraf etmək lazımdır ki, 30-dan çox yaşı olan mahnıların bu gün də bu qədər cəlbedici səslənməsində həm Aygün xanımın vaxtilə onlara verdiyi nəfəsin, həm də dostlarının yozumunun böyük rolu var. Hansısa bir ifaçını seçmək mənim üçün çətin olar. Əminəm ki, dinləyicilər bunu ifaçılara bəxş edəcəkləri baxış sayı ilə daha aydın ifadə edəcəklər".

Fateh "Hansı mahnını məcbur səsləndirdiniz" sualına maraqlı reaksiya verib:

"Əksinə, elə ifaçılar oldu ki, bu albomdakı mahnı ilə İctimai Radioda ilk dəfə səsləndilər. Bu, bir daha sübut edir ki, yaxşı mahnı seçimi bütün qapıları açan açardır. Dinləyicilərimizdən biri alboma ən gözəl iltifatı etdi. O dedi ki, bu albomu mahnı-mahnı yox, uzun bir yolda birnəfəsə dinləmək lazımdır. Düşünürəm ki, haqqında danışdığımız xəyali qızıl fondda həmin mahnılar artıq Aygün xanımın öz ifasında yer alır. Amma bu albom onun musiqi irsinin böyüklüyünü, fərdi səxavətinin sərhədsizliyini göstərir və milli pop musiqimiz üçün Aygün Kazımovanın növbəti böyük töhfəsidir. 

Düşünürəm ki, ən azı yaya qədər "HIT" kateqoriyasında qalacaq və tez-tez səslənəcək. Ümid edirəm ki, həmkarlarım da eyni fikirdə olacaq. Aygün Kazımova, ingilislərin sözü ilə desək, "timeless" ifaçıdır. Onun hansısa zamana aidiyyəti yoxdur; o, bütün yaş qruplarının ifaçısı kimi tarixdə qalmağı seçib. Elə bir yaş kateqoriyası yoxdur ki, orada onun bu və ya digər mahnısını əzbər bilən olmasın. Həmişə də belə olacaq. Biz bu dünyada olmayanda belə, hər kəsin onun ən azı bir mahnısını öz mahnısı hesab etdiyini görəcəksiniz. Söz yox ki, bu albom radiolara birdən-birə 40 superhit qazandırdı.

Aygün xanımın bəzi mahnılarının aranjimanı elə idi ki, onları daha gec-gec səslənən kateqoriyalara yerləşdirməli olurduq. Bu, normaldır. Aygün xanımın həmin mahnılara yeni aranjiman etməməsi, əvəzində başqa ifaçıların dili ilə onlara ikinci ömür bəxş etməsi əsl hadisədir və çox gözəl örnəkdir. Bunu etmək ona xas cəsarət və böyük ürək tələb edir. Azərbaycan musiqisinin istənilən gözəl nümunəsi radiolar üçün yüksək reytinq təminatçısıdır. Bu albom da istisna deyil, əksinə, bunun ən gözəl nümunələrindən biridir".

106.3 FM-in aparıcısı Kazım Sübhan albomun musiqi aləmində böyük hadisə olduğunu deyərək, radioda ən çox sevilən ifaları sadalayıb:

"Albomda təkcə illərin sənətkarları deyil, eyni zamanda gənc nəsil ifaçılar da yer alır. Bu isə onlar üçün həm stimul, həm də ciddi dəstəkdir. Ümumiyyətlə, həmişə düşünmüşəm ki, mahnılar məhz bu cür yaşadılmalıdır - bir neçə ifaçı ilə məhdudlaşmamalı, əksinə, növbəti nəsillərə ötürülərək yeni nəfəs qazanmalıdır. Bu baxımdan Aygün Kazımovanın belə bir ideya ilə çıxış etməsi və bu addımı atması olduqca təqdirəlayiqdir. Albom yeni dinləyici üçün də cəlbedicidir. Çünki aranjimanlar müasir üslubda hazırlanıb. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, Aygün Kazımova hər zaman dövrünün ən güclü bəstəkarları ilə çalışıb və bu mahnılarda Eldar Mansurov, Cavanşir Quliyev, Vaqif Gərayzadə kimi imzalar var. Məhz bu səbəbdən, nə qədər müasir səslənsə də, mahnılarda həmin müəlliflərin dəst-xətti qorunur və nostalji ab-hava itmir. Eyni zamanda düşünürəm ki, mahnılar nə qədər yenidən ifa olunsa da, onların orijinal ruhuna və əsas xəttinə toxunmamaq vacibdir. Bu layihədə isə məhz bu balans qorunub - həm nostalji, həm də müasirlik uğurlu şəkildə bir araya gətirilib.

Artıq Aygün xanımın doğum günündə bu albomdan insanların xüsusi sevdiyi mahnılar var idi. Məsələn, Samirə Əfəndinin "Ey mənim dünyam", Nəsimi Məmmədovun "Qoy işığı söndürüm" mahnısının aranjimanı kifayət qədər fərqli və diqqətçəkən alınıb. Şəxsi fikrimi soruşursunuzsa, hazırda dinləyicilərin ən çox diqqətini çəkən işlərdən biri Gülyaz və Gülyanaq Məmmədova bacılarının Promete ilə birlikdə ifa etdiyi “Tənha qadın” mahnısıdır. Bununla yanaşı, Elçin Cəfərovun “Eşq” mahnısı da xüsusi maraq doğurur. Lətifə Soyuözün “Ya devuşka Vostochnaya" ifasını da ayrıca vurğulamaq olar.

Burada sevilməyən mahnı yoxdur.Çünki bu layihənin arxasında dayanan şəxs elə bir sənətkardır ki, onun imzası ilə alboma daxil olan hər mahnı artıq müəyyən seçimdən keçib. Aygün Kazımovanın öz zəngin repertuarını təsadüfi şəkildə kiməsə etibar edəcəyinə inanmıram. Bu səbəbdən də elə bir vəziyyət yoxdur ki, biz hansısa ifanı məcburi efirə verək. Ümumiyyətlə, burada məsələ ifaçıdan daha çox mahnıların özüdür. Bu mahnıların hər biri pop divanın incə musiqi zövqü ilə seçilmiş, onun 40 illik səhnə fəaliyyətinə söykənən əsərlərdir. Şəxsi münasibətlərin bu məsələyə heç bir aidiyyəti yoxdur. Burada əsas meyar Aygün Kazımovanın sənəti və seçimidir.

Mahnı istəkləri proqramında dinləyicilərin ən çox istədiyi ifaçılar arasında Nəsimi Məmmədov yer alır. Onun "Qoy işığı söndürüm" mahnısı tez-tez sifariş olunan ifalar sırasındadır. Daha sonra Nuranın adı hallanır - "Sevecəyəm" mahnısı dinləyicilər tərəfindən tez-tez istənilir".

O əlavə edib ki, albomu "Qızıl fond" hesab edir:

"Çünki burada təkcə illərin sənətkarları deyil, eyni zamanda yeni nəsil ifaçılar da yer alır. Zaman keçdikcə bu ifaçılar daha da məşhurlaşacaq, öz dinləyici auditoriyalarını genişləndirəcəklər və nəticədə bu mahnılar yeni nəsil tərəfindən də dinlənəcək. Beləliklə, bu əsərlər illərdən illərə ötürüləcək və hər gələn nəsil bu mahnılarla yenidən tanış olacaq. Məhz buna görə düşünürəm ki, bu albom “qızıl fond” dəyərindədir. Eyni zamanda bu, olduqca böyük və analoqu olmayan bir layihədir. Mən efirimdə də qeyd etmişdim ki, düşünmürəm dünyada belə bir hadisə baş verib - bir gündə, eyni coğrafiyadan rəqəmsal platformalara 40 mahnının təqdim olunması. Bu, həqiqətən də böyük nəticə və ciddi layihədir. Bir daha Aygün Kazımovanı və bu işdə əməyi olan bütün komandanı belə bir layihəni ərsəyə gətirdiklərinə görə təbrik edirəm.

Bu albomun radio efirindəki yeri artıq indidən çox uğurludur. Məsələn, bu gün radiolara qulaq asarkən, hətta öz çalışdığım radiolarda da müşahidə edirəm ki, Aygün Kazımovanın repertuarı daha çox səslənməyə başlayıb. Bu isə birbaşa albomun nəticəsidir. Digər albomu da nəzərə alsaq, ümumilikdə 71 Aygün Kazımova mahnısı bu gün onun həmkarları tərəfindən ifa olunur. Bu ifaçıların isə demək olar ki, hamısı radiolarda aktiv şəkildə səslənən sənətçilərdir.

Albom həm 90-cı illərin dinləyicisinin, həm də yeni nəsil auditoriyanın diqqətini cəlb edir. Çünki biz yaxşı bilirik ki, Aygün Kazımova hələ 90-cı illərdən etibarən tamaşaçının qəlbinə yol tapa bilib. Bu gün bunu aydın görmək mümkündür - Aygün Kazımovanın hər yaş kateqoriyasından olan dinləyicisi var. O, həm öz dövrünün, həm də bu günün əsas ulduzlarından biri olaraq qalır. Hər iki mərhələdə onun geniş tamaşaçı auditoriyası olub və bu gün də həmin maraq davam edir. Radiomuzun fonduna bir gün ərzində 40 yeni mahnı daxil oldu. Bu isə radio işçiləri üçün əsl bayramdır. Çünki dinləyiciyə yeni və keyfiyyətli mahnılar təqdim etmək bizim üçün həqiqətən böyük zövqdür. İndi isə qarşımızda 40 yeni, 40 keyfiyyətli mahnı və 40 sevilən ifaçı var. Bu, efir üçün çox böyük üstünlükdür".

Çiçək ləqəbi ilə tanınan 100.5 FM-in aparıcısı Şəhla Vakkas isə albomun onun işinə müsbət təsirini sadalayıb:

"Yeni dinləyici üçün də cəlbecidir. Yeni nəsil köhnə mahnılara qulaq asır. Alboma həm yaxşı, həm pis mənada reaksiya var. Çünki dinləyici dinləyəndə deyir, bunu kaş o ifaçı səsləndirməyəydi. Oturub qulaq asanda deyirəm, kaş bunu bu ifaçı oxumazdı. Bu albom çıxanda sevindim. Birdən-birə bu qədər mahnının yenidən siyahıya daxil olması əladır. Azərbaycan mahnısı yeni aranjimanda tapmaq bizim üçün çətindir. Bir çox mahnıları səsləndirmək olmur. Amma bunun çoxluğu aparıcıların işini asanlaşdırdı. Bunun yeri çox yaxşıdır. Aygün Kazımovanın oxuduğu mahnılar yeni aranjimanda da maraqlıdır. Köhnə dinləyici ilə bərabər gənc nəslə də hitab edir. Elə müğənni var ki, onların ifalarını verə bilmirdik. Amma sırf Aygün Kazımova mahnısı oxuduöu üçün onu efirdə səsləndirdik. Fərqli müğənilərdən mahnı veririk. Aygün Kazımova, Röya Ayxan mahnılarını sevirəm. Amma hər gün onu səsləndirə bilmərəm. İndi isə mən Aygün Kazımovanın 5 mahnısını bir gündə səsləndirirəm. Fərqli ifaçıların repertuarında. Çox sevindim ki, Azərbaycanda belə gözəl layihə oldu, bunu dəstəkləyirəm".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
axsam.az

1Mənbələr