Bakı, 20 aprel, AZƏRTAC
Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin gücləndirilməsinə maraq artmaqdadır. Bu proses iqtisadi tələbatlar, siyasi hesablamalar və daha geniş qlobal inkişaf meyillərinin qarşılıqlı təsiri ilə şərtlənir. Bütövlükdə, bu amillər regional əməkdaşlığı, sadəcə, seçim olmaqdan çıxararaq strateji zərurətə çevirir.
AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Körfəz Tədqiqatlar Mərkəzinin (Gulf Research Center) Özbəkistan Prezidenti yanında Strateji və Regional Tədqiqatlar İnstitutunun tərəfdaşlığı ilə keçirilən Körfəz-Mərkəzi Asiya Beyin Mərkəzlərin Onlayn Forumundakı çıxışı zamanı bildirib.
O qeyd edib ki, dənizə çıxışı olmayan iqtisadiyyatlar üçün sabit tranzit marşrutları yalnız logistika məsələsi deyil, eyni zamanda, rəqabət qabiliyyətinə birbaşa təsir göstərən əsas amildir.
“Azərbaycanla əməkdaşlıq ənənəvi tranzit dəhlizlərindən asılılığın azaldılmasına, Avropa və digər qlobal bazarlara təhlükəsiz çıxışın asanlaşdırılmasına imkan verən praktik həll yolu təqdim edir. Bu baxımdan, Xəzər regionu üzrə inteqrasiya olunmuş ticarət, logistika və multimodal infrastrukturun inkişafı mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan uzun müddətdir, Mərkəzi Asiyanın ixrac məhsulları üçün əsas tranzit mərkəzlərindən biri olsa da, son dövrlərdə baş verən geosiyasi dəyişikliklər və məqsədyönlü infrastruktur inkişafı bu marşrutu cəlbedici və praktik baxımdan daha əlverişli edib. Bu meyil, həmçinin ticarət, enerji və infrastruktur sahələrində genişlənən regional əməkdaşlıqda da öz əksini tapır”, - deyə Fərid Şəfiyev vurğulayıb.
Onun sözlərinə görə, ticarət statistikası da bu meyli təsdiqləyir: “Rəsmi məlumatlara görə, 2025-ci ilin ilk doqquz ayı ərzində Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 1 milyard ABŞ dollarını ötərək 58 faiz artım göstərib. Bu regionda Qazaxıstan və Özbəkistan Azərbaycanın ən böyük iki ticarət tərəfdaşı olaraq qalır: 2025-ci ildə Azərbaycan-Qazaxıstan ticarət dövriyyəsi təxminən 670,6 milyon ABŞ dolları, Azərbaycan-Özbəkistan ticarəti isə təxminən 795,2 milyon ABŞ dolları təşkil edib. Bununla yanaşı, Qırğızıstanla ticarətin həcmi 77,2 milyon ABŞ dollarına çataraq göstərir ki, bu dinamika yalnız ikitərəfli deyil, daha geniş regional tendensiyanın təzahürüdür.
Yaxın Şərqdə davam edən qeyri-sabitlik, o cümlədən Qırmızı dənizdəki gərginlik və Hörmüz boğazı kimi əsas dəniz keçidlərində mövcud risklər, ənənəvi dəniz nəqliyyatı marşrutlarının etibarlılığı ilə bağlı narahatlıqları artırıb. Nəticə etibarilə, Avrasiya boyunca quru nəqliyyat əlaqələri getdikcə daha böyük strateji əhəmiyyət kəsb edir”.