Məhəmməd Salah mövsümün sonunda “Liverpul”dan ayrılacağı ilə bağlı danışıb.
QOL.az xəbər verir ki, misirli hücumçu klubla vidalaşması ilə bağlı "Sky Sports"a emosional açıqlama verib:
“Əfsuslar olsun ki, bu gün gəlib çatdı. Bu, vida sözlərimin ilk hissəsidir: mövsümün sonunda "Liverpul"dan ayrılacağam. Bu klubun, şəhərin və insanların həyatımda nə qədər dərin yer tutacağını heç vaxt təsəvvür etmirdim. ‘Liverpul’ sadəcə futbol klubu deyil. Bu, ehtiras, tarix və bu ailənin bir hissəsi olmayanın izah edə bilməyəcəyi xüsusi ruhdur.
Biz birlikdə qələbələri qeyd etdik, ən vacib kubokları qazandıq və ən çətin anlarda bir-birimizi dəstəklədik. Klubdakı yolum boyu yanımda olan hər kəsə — həm indiki, həm də keçmiş komanda yoldaşlarıma və əlbəttə ki, inanılmaz azarkeşlərimizə ürəkdən təşəkkür edirəm.
Mənə göstərilən dəstəyə görə minnətdarlığımı ifadə etməyə söz tapmıram — həm ən yaxşı, həm də ən çətin anlarda. Bu, həmişə mənimlə qalacaq. Ayrılmaq asan deyil. Siz mənə həyatımın ən parlaq anlarını yaşatdınız. Mən həmişə sizdən biri olacağam, bu klub isə mənim və ailəm üçün ev olaraq qalacaq. Hər şey üçün çox sağ olun. Sizin sayənizdə mən heç vaxt tək olmayacağam”.
Qeyd edək ki, Salah 2017-ci ildən “Liverpul”un formasını geyinir. O, 2025/2026 mövsümündə bütün turnirlərdə 38 oyunda 12 qol vurub və 9 məhsuldar ötürmə edib. Transfermarkt portalına görə, onun hazırkı bazar dəyəri 30 milyon avrodur.