AZ

Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlər yüksək səviyyədə inkişaf edib ŞƏRH

Bakı, 20 aprel, AZƏRTAC

Azərbaycan həm çoxtərəfli, həm də ikitərəfli əməkdaşlıq çərçivəsində bu gün dünyada ən etibarlı tərəfdaşlardan biri kimi qəbul olunur. Bu çərçivədə Azərbaycanın Avropa ölkələri ilə əlaqələri xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan artıq 16 ölkəyə təbii qaz ixrac edir və onların 10-u Avropa İttifaqının üzvüdür. Eyni zamanda, qitənin ondan artıq ölkəsi ilə strateji tərəfdaşlıq müqavilələri imzalanıb və bu ölkələrlə hökumətlərarası komissiyalar fəaliyyət göstərir. Bu isə ölkənin artan nüfuzunun göstəricisidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli məclisin deputatı, Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Məlahət İbrahimqızı deyib.

“Avropa ölkələri arasında, xüsusilə Şərqi və Mərkəzi Avropa regionunda Azərbaycanın ən sıx əməkdaşlıq etdiyi ölkələrdən biri də Serbiyadır. Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlər yüksək səviyyədə inkişaf edib. Bu əməkdaşlıq çərçivəsində həm hökumətlərarası, həm də dövlətlərarası komissiyalar fəaliyyət göstərir ki, bu da münasibətlərin ən yüksək səviyyədə olduğunun təsdiqidir.

Bundan başqa, hər iki ölkənin dövlət başçıları – prezidentlər İlham Əliyev və Aleksandar Vuçiç arasında yüksəksəviyyəli şəxsi münasibətlər mövcuddur. Məhz bu münasibətlər fonunda müxtəlif sahələr üzrə intensiv görüşlər, rəsmi və işgüzar səfərlər təşkil olunur, birgə layihələr həyata keçirilir. Hər iki ölkə bir sıra iri layihələrə birgə imza atıb”, - deyə M.İbrahimqızı vurğulayıb.

Enerji sahəsində də əməkdaşlığın genişləndiyini deyən deputat xatırladıb ki, Serbiya da Azərbaycanın qaz ixrac etdiyi ölkələrdən biridir və qaz interkonnektor vasitəsilə bu ölkəyə təbii qaz ötürülür. Xüsusilə qeyd olunmalıdır ki, bu interkonnektorun açılış mərasimində Prezident İlham Əliyev iştirak etmişdi.

“Ümumilikdə son dövrlərdə dövlət başçıları arasındakı bütün təmaslar, o cümlədən telefon danışıqları əməkdaşlığın daha da inkişafına xidmət edib. Belə danışıqların birində Serbiya Prezidenti Aleksandar Vuçiç may ayında Azərbaycanda keçiriləcək beynəlxalq şəhərsalma forumunda iştirak edəcəyini bildirmişdi. Bununla yanaşı, may ayının əvvəlindən etibarən Bakı ilə Belqrad arasında birbaşa hava reyslərinin həyata keçirilməsinə başlanılacaq. Bu qərar, xüsusilə coğrafi məsafənin uzaq olmasını nəzərə alaraq, qarşılıqlı səfərlərin, turizmin və iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verəcək. Bütün bu addımlar isə Azərbaycan və Serbiya xalqları arasında dostluq münasibətlərinin, işgüzar əlaqələrin və qarşılıqlı əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcək”, - deyə M.İbrahimqızı diqqətə çatdırıb.

Seçilən
22
azertag.az

1Mənbələr