AZ

Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi etməklə qlobal miqyasda mövqeyini daha da gücləndirir ŞƏRH

Bakı, 20 aprel, AZƏRTAC

Bildiyimiz kimi, Azərbaycan bu il beynəlxalq Ümumdünya Şəhərsalma Forumuna - WUF-13-ə ev sahibliyi edəcək. Forum çərçivəsində çoxsaylı xarici qonaqların, beynəlxalq təşkilat nümayəndələrinin və nüfuzlu ekspertlərin iştirakı gözlənilir. Bu mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun, etibarlı tərəfdaş imicinin və qlobal əməkdaşlıq platformalarında artan rolunun göstəricisidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva söyləyib.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərinin WUF-13 çərçivəsində təqdim olunmasının mühüm əhəmiyyət daşıdığını diqqətə çatdıran QHT sədri deyib: “Prezident İlham Əliyevin ardıcıl və strateji siyasəti nəticəsində Qarabağda və Şərqi Zəngəzurda müasir infrastruktur layihələri, yeni yaşayış məntəqələri, nəqliyyat xətləri və sosial obyektlər yüksək səviyyədə inşa edilir. Bu yanaşma yalnız fiziki infrastrukturun bərpasını deyil, eyni zamanda, regionların sosial-iqtisadi dirçəlişini, dayanıqlı inkişafını və uzunmüddətli perspektivdə ümumi iqtisadi sistemə inteqrasiyasını da hədəfləyir. Bu siyasət nəticəsində ölkəmizə olan siyasi və iqtisadi maraqlar daha da artaraq, Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir. Belə mötəbər beynəlxalq tədbirlərin məhz ölkəmizdə keçirilməsi isə xüsusilə Qarabağın və Şərqi Zəngəzurun inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir və bu ərazilərin qlobal ictimaiyyətə təqdim olunması üçün geniş imkanlar yaradır. İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafının bərpası, yeni istehsal sahələrinin yaradılması, məhsuldarlığın artırılması və əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər ümumilikdə ölkə iqtisadiyyatına əhəmiyyətli və çoxşaxəli töhfələr verir. Bu proseslər həm regionların iqtisadi aktivliyini artırır, həm də dayanıqlı inkişaf modelinin formalaşmasına xidmət edir”.

Z.Nuriyeva bildirib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Milli QHT Forumu WUF-13 çərçivəsində birgə iki pavilyon təşkil edəcək. Burada vətəndaş cəmiyyətinin müxtəlif mövzularda tədbirlər keçirməsinə geniş və əlverişli şərait yaradılacaq. Eyni zamanda, QHT-lər tərəfindən bir sıra innovativ və sosialyönümlü layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bu tədbirlərə beynəlxalq ekspertlərin və müxtəlif sahələr üzrə mütəxəssislərin dəvət edilməsi isə təcrübə mübadiləsi və beynəlxalq əməkdaşlıq baxımından xüsusi əhəmiyyət daşıyacaq. Bu çərçivədə həyata keçirilən tədbirlər və vətəndaş cəmiyyətinin fokuslandığı mövzular gələcək fəaliyyətlər üçün mühüm strateji istiqamətlərin formalaşmasına töhfə verəcək, eyni zamanda, regionların sosial-iqtisadi inkişafının daha da sürətlənməsinə xidmət edəcək. Bu platforma həm də yerli və beynəlxalq tərəfdaşlar arasında əməkdaşlığın genişlənməsi üçün mühüm imkanlar yaradır.

“Ölkəmiz belə beynəlxalq tədbirlərə ev sahibliyi etməklə qlobal miqyasda öz mövqeyini daha da gücləndirir və bu, yalnız təşkilati bir proses deyil, eyni zamanda, yüksəksəviyyəli beynəlxalq məsuliyyət və qlobal missiya kimi çıxış edir. Bu missiya Azərbaycanın həm diplomatik nüfuzunu artırır, həm də ölkənin inkişaf modelini dünyaya təqdim etmək baxımından xüsusi əhəmiyyət daşıyır. Bu kontekstdə xüsusilə Qarabağ və Şərqi Zəngəzurun inkişafı, orada yenidən salınan müasir şəhərlər, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri, eləcə də innovativ urban inkişaf modelləri xüsusi olaraq nümayiş etdirilir. Bu layihələr Azərbaycanın müasir şəhərsalma sahəsində yüksək hazırlığa malik olduğunu göstərməklə yanaşı, ölkəmizin gələcək inkişaf strategiyasının davamlı və sistemli şəkildə həyata keçirildiyini də təsdiqləyir”, - deyə Z.Nuriyeva diqqətə çatdırıb.

Onun sözlərinə görə, bütün bu proseslər Urban Forum çərçivəsində Azərbaycanın həm təşkilati, həm də strateji baxımdan hazır olduğunu nümayiş etdirir və WUF-13-dən sonra da ölkəmizdə şəhərsalma, regional inkişaf və bərpa-quruculuq işlərinin öz axarı ilə davam edəcəyini göstərən mühüm nümunə kimi çıxış edir.

Seçilən
10
1
azertag.az

2Mənbələr