AZ

Buraxılış imtahanda maksimum bal toplayanlar azalır: Səbəb nədir?

Məlum olduğu kimi, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 9 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb.

İmtahan iştirakçıları arasında 2 nəfər  300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Bu hal isə onu göstərir ki, ötən illərlə müqayisədə buraxılış imtahanlarında 300 bal toplayan abituriyentlərin sayı kəskin azalıb. Ötən illə müqayisədə bu göstəricinin 23 nəfərdən cəmi 2 nəfərə enməsi imtahanların çətinlik səviyyəsi ilə bağlı sualları gündəmə gətirib.

Təhsil eksperti Elçin Süleymanov Hit.az-a açıqlamasında deyib ki, buraxılış imtahanlarında yüksək nəticələrin əldə olunması əksər hallarda simvolik məna daşıyır və bu göstəricilər şagirdin ümumi bilik səviyyəsini tam şəkildə əks etdirməyə bilər: 

397067

“İmtahan zamanı təqdim olunan çoxsaylı suallar içərisində bir və ya iki sualın cavablandırılmaması heç də şagirdin savadsız olması kimi qiymətləndirilməməlidir. Əksinə, bu kimi hallar daha çox imtahanın çətinlik dərəcəsi, sualların spesifikliyi və ya vaxt bölgüsü ilə bağlı ola bilər.


Əsas diqqət yetirilməli məqam imtahanda iştirak edən abituriyentlər arasında ümumi nəticələrin müqayisəli təhlilidir. Bu baxımdan bal aralıqları üzrə aparılan statistik analizlər daha obyektiv mənzərə yaradır. Məhz bu yanaşma fərdi nəticələrdən daha çox ümumi göstəricilərin dəyərləndirilməsinə imkan verir və təhsil sisteminin real vəziyyətini üzə çıxarır”.

Ekspert qeyd edib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən hər il buraxılış imtahanlarının analitik-statistik təhlili hazırlanaraq ictimaiyyətə təqdim olunur:

“Həmin hesabatlarda illər üzrə nəticələr müqayisə edilir, müxtəlif bal aralıqları üzrə şagirdlərin göstəriciləri təhlil olunur. Məsələn, 270–300, 250–270, eləcə də 100-150 bal aralığında nəticələrin müqayisəsi aparılaraq ümumi dinamika müəyyən edilir. Bu cür təhlillər vasitəsilə həm yüksək nəticə göstərənlərin, həm də nisbətən aşağı bal toplayanların sayı və payı aydın şəkildə ortaya qoyulur. Bununla yanaşı, 300-ə yaxın bal toplayan şagirdlərin sayının artması müsbət tendensiya kimi qiymətləndirilə bilər”.

Günel Cəlilova

Seçilən
4
1
hit.az

10Mənbələr