AZ

Antalya Forumu Azərbaycanın ikitərəfli əlaqələrə üstünlük verdiyini nümayiş etdirdi ŞƏRH

Bakı, 20 aprel, AZƏRTAC

Son illər yeni geosiyasi reallıqlar ölkələrin təkcə hərbi qüdrəti ilə deyil, həm də resursları birləşdirmək, yeni nəqliyyat dəhlizləri yaratmaq və müstəqil xarici siyasət yeritmək qabiliyyəti ilə xarakterizə olunur. Bunun ən bariz nümunəsi Azərbaycandır. Xarici siyasət gündəliyini, regional təhlükəsizlik arxitekturasını özü formalaşdıran aktor kimi Azərbaycan son illər beynəlxalq münasibətlər sistemində keyfiyyətcə yeni statusunu nümayiş etdirir.

Prezident İlham Əliyevin Antalya Diplomatiya Forumundakı görüşləri Azərbaycanın xarici siyasətində əsas prioritet istiqamət olan çoxtərəfli platformalardan daha çox, birbaşa ikitərəfli əlaqələrə üstünlük verdiyini nümayiş etdirdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva deyib.

O vurğulayıb ki, idarəolunmaz qlobal formatlardan kənarlaşaraq regional ikitərəfli diplomatiyaya üstünlük verilməsi tərəflərin proses üzərində daha real nəzarət əldə etmək, qərarların qəbulunda üçüncü aktorların təsirini minimuma endirmək, nəticəyönümlü, konkret maraqlara əsaslanan razılaşmalar əldə etmək istəyindən irəli gəlir. Bu yanaşma, xüsusilə mürəkkəb geosiyasi mühitdə, çevik və praqmatik siyasətin əsas alətinə çevrilərək dövlətlərə öz milli maraqlarını daha səmərəli müdafiə etmək imkanı yaradır. Müasir beynəlxalq münasibətlər sistemində isə belə yanaşma təsadüfi yaranmadı. Uzun illər beynəlxalq institutlar müxtəlif regionlarda münaqişələrin həllində məhdud effektivlik göstərdilər. Konfliktlərin həllində faydalı ola biləcək imkanları regionların resurslarını ələ keçirmək üçün alət olaraq istifadə etdilər. Belə şəraitdə digər ölkələr, o cümlədən Azərbaycan da daha çevik və nəticəyönümlü diplomatiya modeli seçdi. Bu model vasitəçilərsiz birbaşa dialoq şəraitində daha geniş nəticələr əldə etmək imkanı yaratdı.

“Son aylarda İran ətrafında baş verən hadisələr fonunda regional təhlükəsizlik məsələləri və bu əməkdaşlıq daha vacib məna kəsb edir. Bu baxımdan Forum çərçivəsində Prezidentin ən mühüm görüşü şübhəsiz Rəcəb Tayyib Ərdoğan ilə oldu. Bu görüşdə Azərbaycan–Türkiyə müttəfiqliyinin strateji xarakteri bir daha təsdiqləndi. Burada söhbət artıq təkcə ikitərəfli münasibətlərdən deyil, regionda dayanıqlı güc mərkəzinin formalaşmasından gedir. Türkiyə və Azərbaycan mövqelərinin uzlaşdırılması Cənubi Qafqazda güc balansını tədricən regional aktorların xeyrinə dəyişdi. Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə görüşü bu strategiyanın əsas sütunlarından biridir, çünki Türkiyə ölkəmiz üçün yalnız müttəfiq deyil, geniş spektrli əməkdaşlıq qurulan strateji tərəfdaşdır.

Azərbaycan - Həm etibarlı enerji təchizatçısı, həm də mühüm tranzit mərkəzi

Prezidentin Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşü Ankara–Bakı–İslamabad münasibətlərinin daha da gücləndiyini, danışıqların bu əlaqələri hər il daha da möhkəmləndirmək məramını nümayiş etdirdi. Pakistanın hər zaman Azərbaycanın mövqeyini dəstəkləməsi postmünaqişə reallığının beynəlxalq müstəvidə möhkəmlənməsi baxımından da mühüm əhəmiyyət daşıyırdı. Ölkələrimiz arasında hərbi və enerji sahələrində əməkdaşlıq uzunmüddətli strateji tərəfdaşlığın əsasını yaradır. Pakistanın hərbi və siyasi potensialı isə tərəflər üçün əlavə strateji dayağa çevrilir”, - deyə Y.Hacıyeva bildirib.

Onun fikrincə, Prezident İlham Əliyevin moldovalı həmkarı Maya Sandu ilə keçirilən görüşü isə Azərbaycanın Şərqi Avropada iqtisadi və enerji təsirini genişləndirmək niyyətinin nümayişi idi. Maya Sandu ilə təmaslar göstərir ki, Bakı yalnız siyasi müttəfiqlərlə məhdudlaşmır, eyni zamanda, enerji faktorundan istifadə edərək əməkdaşlıq coğrafiyasını daha da genişləndirməkdə maraqlıdır. Azərbaycan özünü həm etibarlı enerji təchizatçısı, həm də mühüm tranzit mərkəzi kimi təqdim edir.

“Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürman ilə görüş Azərbaycanın alternativ beynəlxalq yanaşmalara açıq olduğunu və yeni siyasi konfiqurasiyaların formalaşmasında iştirak etmək istədiyini açıq nümayiş etdirir. Prezident Ersin Tatar ilə görüş həm də Azərbaycanın Türk dünyasında həmrəyliyi gücləndirmək və alternativ siyasi formatları dəstəkləmək strategiyasının tərkib hissəsidir.

Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə keçirilən görüş Azərbaycanın Yaxın Şərq istiqamətində diplomatik aktivliyini genişləndirdiyini, bu aktivliyin Bakının regional çərçivədən çıxaraq daha geniş geosiyasi proseslərdə fəal iştirak etmək niyyətinin göstəricisidir. Azərbaycanın Yaxın Şərqdə artan diplomatik fəallığı ölkəmizin artıq təkcə regional çərçivə ilə kifayətlənmədiyini, daha geniş geosiyasi proseslərdə rol almağa çalışdığını nümayiş etdirir”, - deyə politoloq vurğulayıb.

Seçilən
44
azertag.az

1Mənbələr