AZ

Repetitorluğun ləğvi üçün ciddi islahatlar aparılır - MÜSAHİBƏ

“Artıq müəllimlər tərəfindən sertifikasiya ilə bağlı şikayətlər daxil olmur”

“Repetitorluq gələcəkdə tamamilə aradan qalxa bilər”

“Müəllimlərin yerdəyişməsi ilə bağlı çətinliklərin həlli istiqamətində xeyli işlər görülüb”

Son illər təhsildə islahatlar, rəqəmsallaşma və müəllimlərin peşəkar inkişafı diqqət mərkəzindədir. Bu fonda ictimai nəzarət, xüsusilə İctimai Şuranın fəaliyyəti və açıq dinləmələr problemlərin müəyyənləşdirilməsi baxımından önəm qazanır.

Bu münasibətlə İctimai Şuranın sədri, Pedaqogika üzrə elmlər doktoru, Bakı Dövlət Universitetinin Pedaqogika kafedrasının professoru Hikmət Əlizadə AzEdu.az-a geniş müsahibə verib. 

- Hikmət müəllim, son illər ali təhsil müəssisələrində tələbələrlə dialoq və ictimai dinləmələrdə iştirak etmisiniz. Bu dinləmələrdən sonra universitetlərdə hansı konkret dəyişikliklər müşahidə olunub? Ümumilikdə tələbələrlə keçirilən ictimai dinləmələrdə daha çox hansı problemlər qabardılır?

- Bu gün ölkəmizdə ən aktual problemlərdən biri təhsildir. Təbii ki, hər birimiz təhsilimizin daha yüksək səviyyədə olmasını istəyirik. Ümummilli lider Heydər Əliyevin “təhsil millətin gələcəyidir” fikrinin fəlsəfəsi bizi təhsilimizi daha da gücləndirməyə çağırır.

Biz İctimai Şurada artıq 2 ilə yaxındır fəaliyyət göstəririk. Bu müddət ərzində çoxşaxəli işlər baş tutub. Ali təhsil müəssisələrində, kolleclərdə, orta məktəblərdə görüşlər keçirmişik. Bu görüşlərdə təhsil müəssisələrinin rəhbərləri və müəllimlərlə təhsilin müxtəlif problemlərinə dair müzakirələr aparmış, nailiyyətlərimizin artırılması və nöqsanların aradan qaldırılması istiqamətində fikir mübadiləsi etmişik. Təbii ki, görüşlərimiz zamanı tələbə və şagirdlərlə ictimai dinləmələrə də xüsusi yer ayırmışıq. Tələbələr ictimai dinləmələr zamanı çox maraqlı təkliflər irəli sürüblər. Biz onların təkliflərini həmin müəssisələrin rəhbərləri ilə müzakirə etmişik. Amma bu təkliflərin birmənalı şəkildə yerinə yetirilməsi haqqında danışmaq çətindir. Belə ki, təhsil elə bir sahədir ki, dəyişikliklər tədrici xarakter daşıyır.

Bu gün tələbələr dünyanın bir çox universitetləri ilə əlaqə saxlayır, həmin ali məktəblərdə baş verən yeniliklərlə tanış olurlar. Onlar qısa müddət ərzində bu yeniliklərin bizim ali məktəblərdə də tətbiq olunmasını istəyirlər. Qürur hissi ilə qeyd edim ki, Azərbaycan təhsili bu gün inkişaf edir. Lakin hələ görüləcək işlər çoxdur. Müasir dövrdə təhsil daim təkmilləşməyi tələb edir. Dünya sürətlə inkişaf edir və baş verən yeniliklərin təhsil prosesinə daxil edilməsi müəyyən vaxt tələb edir.

Onu da qeyd edim ki, siz də bunun şahidi oldunuz, Azərbaycan universitetlərinin xeyli hissəsi QS Dünya Universitetləri Reytinqində nəzərəçarpacaq dərəcədə irəliləyib. Fürsətdən istifadə edərək həmin universitetlərin rəhbərliyini və kollektivini təbrik edirik.

Universitet rəhbərləri ilə görüşlər zamanı onların strateji inkişaf planları ilə də tanış olduq. Universitetlər həyata keçirilməsi zəruri olan çoxlu maraqlı layihələr planlaşdırıblar. Bu layihələrin reallaşdırılması təhsilimizin daha yüksək səviyyədə inkişafına səbəb olacaq, lakin bunun üçün zaman tələb olunur.

Məlum olduğu kimi, möhtərəm Prezidentimiz cənab İlham Əliyev təhsilin inkişafına böyük önəm verir. Elm və Təhsil Nazirliyi ölkə rəhbərinin təhsil sahəsi ilə bağlı qarşıya qoyduğu tələbləri yüksək səviyyədə həyata keçirməyə çalışır. Bu istiqamətdə ölkəmizdə təhsil sahəsində maraqlı islahatlar aparılır və mən düşünürəm ki, yaxın gələcəkdə onların uğurlu nəticələrinin şahidi olacağıq.

- İctimai Şura modeli bir çox ölkələrdə (Böyük Britaniya, Almaniya, Finlandiya, ABŞ-də) ictimai nəzarət mexanizmi kimi işləyir. Sizin fəaliyyətinizdə isə daha çox maarifləndirici tədbirlər daha çox diqqəti cəlb edir. Sizcə, bu yanaşma ictimai nəzarətin effektivliyinə nə dərəcədə təsir edir?

181536

- Siz məsələyə tamamilə düzgün yanaşırsınız. İctimai Şuralar dünya praktikasında ictimai nəzarət funksiyasını həyata keçirir. Bizdə də bu belədir. Mənim sədr kimi rəhbərlik etdiyim İctimai Şura da nəzarət funksiyasını icra edib. Lakin bu prosesdə müəyyən nöqsanlarla da rastlaşmışıq. Amma biz İctimai Şura olaraq fəaliyyətimizi yalnız nöqsanları üzə çıxarmaqla məhdudlaşdırmaq istəmədik. Bu səbəbdən həmin problemlərin aradan qaldırılması yollarını da araşdırmağa qərar verdik.

Bu istiqamətdə fəaliyyətimiz dövründə həm ictimai nəzarət missiyasını yerinə yetirmişik, həm də istər orta ümumtəhsil, istər orta ixtisas, istərsə də ali təhsil müəssisələrində keçirilən görüşlər zamanı mövcud problemlərin həlli yollarını axtarıb müzakirə etmiş, öz tövsiyələrimizi vermişik. Bununla yanaşı, xüsusən orta məktəblərdə müəllimlər üçün seminarlar təşkil etmişik. Müzakirələr zamanı gördük ki, həm müəllimlər, həm də təhsil müəssisələrinin rəhbərləri yeniliklərə açıqdırlar. Hesab edirəm ki, bu yolla qarşımıza qoyulan vəzifəni yerinə yetirə bilmişik.

- İctimai Şura səviyyəsində qaldırılan problemlərin neçə faizi real olaraq həll olunur və ya nazirlik tərəfindən icra mexanizminə daxil edilir?

- Bilirsiniz, konkret hər hansı bir problemin həll edilməsi və ya icra prosesinə daxil edilməsi barədə danışmaq bəlkə də düzgün olmazdı. Çünki təhsildə problemlər hər zaman mövcuddur. Hər bir problemin hüquqi, inzibati və normativ sənədlər əsasında həlli də həmişə mümkün olmur. Bəzən müəyyən yeniliklərin tətbiqi üçün hüquqi-normativ sənədlərdə dəyişikliklərə ehtiyac yaranır.

İctimai dinləmələr zamanı tələbələrin ən çox qaldırdığı məsələlərdən biri rəqəmsallaşma ilə bağlı olub. Bu gün dünyanın ali təhsil müəssisələrində bu istiqamətdə ciddi irəliləyişlər müşahidə olunur. Ölkəmizdə də bu sahədə mühüm addımlar atılır. Məsələn, hazırda Bakı Dövlət Universitetinin 2 nömrəli korpusu tamamilə rəqəmsallaşdırılıb. Bütün auditoriyalar ağıllı lövhələr və proyektorlarla təchiz olunub, müəllimlər bu avadanlıqlardan rahatlıqla istifadə edirlər. Hazırda 1 nömrəli korpusda da təmir işləri davam edir. Dərindən yanaşdıqda, ali məktəblərin qısa müddətdə maddi-texniki bazasını gücləndirməsi kifayət qədər böyük maliyyə vəsaiti tələb edir.

- Bəs digər ali təhsil müəssisələrində vəziyyət necədir?

- Rəqəmsallaşma istiqamətində universitetlərdə müxtəlif işlər görülür. Qürur hissi ilə qeyd edim ki, ADA Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetində, Polis Akademiyasında, Bakı Ali Neft Məktəbində, Gömrük Akademiyasında bu sahədə böyük irəliləyişlər əldə olunub. Digər ali məktəblərdə də bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilir.

Lakin, təəssüf ki, rəqəmsallaşma ilə bağlı müəyyən çətinliklərimiz də var. Bütün müəllimlər bu imkanlardan lazımi səviyyədə istifadə bacarığına malik deyil. Eyni hal bəzi tələbələr üçün də keçərlidir - ya bu bacarıqlara malik deyillər, ya da rəqəmsal mühitə hazır deyillər.

Auditoriyalarda rəqəmsal avadanlıqlar mövcuddur və onlardan düzgün istifadə edilmədikdə tez sıradan çıxır, nəticədə təmirə ehtiyac yaranır. Təəssüf ki, bəzi hallarda tələbələr istifadə etdikləri avadanlıqlara yetərincə diqqət göstərmirlər. Halbuki hər bir tələbə anlamalıdır ki, bu vasitələr onların daha keyfiyyətli təhsil alması üçün yaradılıb.

- Müəllimlərin İctimai Şuraya müraciətləri əsasən hansı mövzuları əhatə edir və əvvəlki illərlə müqayisədə dəyişiklik varmı?

- Bu müddət ərzində bizə xüsusilə orta məktəb müəllimləri müraciət ediblər. Onların müraciətləri əsasən dərs yükünün bölünməsi və yaxud yerdəyişmə ilə bağlı olub. Onu da qeyd edim ki, əvvəllər sertifikatlaşdırma ilə bağlı da müraciətlər daxil olurdu. İndi bu istiqamətdə müraciətlər yoxdur desək, səhv etmərik.

Bu il bizə sertifikasiya ilə bağlı hər hansısa bir müraciət, şikayət daxil olmadı.

Lakin müəllimlərin yerdəyişmə məsələsi ilə bağlı müəyyən çətinliklər yaranır. Bizə daxil olan müraciətlərlə bağlı müvafiq qurumlara məlumat vermişik. Verilən məlumata görə, bu istiqamətdə xeyli işlər həyata keçirilib.

Bəzən isə elə hallar olur ki, müəllimlər bizə müraciət edirlər, lakin faktlar yoxlanıldıqda deyilənlərin həqiqəti əks etdirmədiyi məlum olur. Fürsətdən istifadə edib müəllimlərə çağırış etmək istərdim: hər bir müəllim təhsilə millətin və övladlarımızın gələcəyi kimi yanaşmalı, daha obyektiv olmağa çalışmalıdır.

Bu gün dünya təhsil sistemində təhsilin keyfiyyəti məsələsi aktualdır. Bəzən “şagirdin tərbiyəsi ilə valideyn və ya cəmiyyət məşğul olmalıdır” fikirləri səsləndirilir və mən bu fikirlə razıyam. Lakin valideynlərin və cəmiyyət üzvlərinin hamısı pedaqoji savada malik deyil. Onlar gənc nəslə həm müsbət, həm də mənfi təsir göstərə bilirlər. Məktəb isə bu təsirlərin qarşısında aciz qalmamalıdır. Əksinə, məktəb daha güclü bir mühit olmalı, tərbiyəedici, inkişafetdirici və öyrədici xüsusiyyətləri ilə seçilməlidir. Şagirdləri həyata elə hazırlamalıdır ki, onlar mənfi təsirlərə qarşı dayana bilsinlər.

Bu gün demək olar ki, bütün şagird və tələbələrin telefonu var və onlar sosial şəbəkələrdən istifadə edirlər. Həmin şəbəkələrdə isə hər şey inkişaf üçün faydalı olmur, əksinə, bəzən insanı mənfi istiqamətə yönləndirən məzmunlar daha çox olur. Bunun qarşısını almaq üçün müəllim şagirdlərə telefondan daha səmərəli istifadə etməyi öyrətməlidir.

Telefona qadağa qoyulmasını məqsədəuyğun hesab etmirəm. Ümumiyyətlə, insana azadlıq və sərbəstlik verilməlidir. Lakin uşaqlıqdan etibarən insanları şüurlu fəaliyyətə yönləndirə bilsək, daha yaxşı olar. Görüşlərimiz zamanı müəllimlərə belə bir sual ünvanladım: müəllim dərsə gəlməyəndə şagirdlər necə reaksiya verir? Cavab birmənalı oldu: “Şagirdlər sevinirlər”. Axı niyə sevinməlidirlər? Məgər məktəbə öyrənmək üçün gəlmirlər?

Bu, reallıqdır ki, şagirdlərin bir qismi məktəbə gəlməkdən çox məktəbdən getməyə sevinir. Axı niyə belə olmalıdır? Axı onlar məktəbdə inkişaf edirlər. Bu, onların təlimə şüurlu yanaşmamasının nəticəsidir. İnsan hər bir fəaliyyətinin mahiyyətini dərk etməlidir.

Bütün fəaliyyətlər şüurlu şəkildə həyata keçirildikdə, o insanın tələbatına çevrilir və bu zaman fəaliyyət könüllü olur. Bunu isə müəllim formalaşdıra bilər. Böyük pedaqoq Makarenkonun da dediyi kimi: “Biz şagirdlərlə işi elə qurmalıyıq ki, o elə bilsin ki, özü istədiyi işlə məşğuldur, amma əslində bizim istədiyimiz işlə məşğuldur”. Bu baxımdan müəllim də məhz belə yanaşma ilə işləməlidir.

- Müəllimlərdən söz düşmüşkən, onların imtahanlara cəlb olunması - MİQ, diaqnostik qiymətləndirmə, sertifikasiya, attestasiya və s.  bəzi hallarda müəllimlər tərəfindən narazılıqla qarşılanır və onların üzərlərinə həddindən artıq yük düşdüyü qeyd olunur. Hətta bir qisim müəllimlər hesab edirlər ki, dövlət ali təhsilə kifayət qədər etimad göstərmədiyi üçün təhsilverənlər tez-tez imtahanlara cəlb olunur. Bu yanaşma barədə nə düşünürsünüz?

181542

- Müəllimlərin imtahana cəlb edilməsi dünya təcrübəsindən qaynaqlanır. Burada məqsəd müəllimi imtahan etməkdən çox, onun təhsil səviyyəsini yoxlamaqdır. Dünya inkişaf edir və buna uyğun olaraq müəllim də inkişaf etməlidir. Müəllimin inkişafı onun özünütəhsili ilə bağlıdır. Bu gün Elm və Təhsil Nazirliyinin “Azərbaycan məktəbi” jurnalı və “Azərbaycan müəllimi” qəzeti nəşr olunur. Bu mətbu orqanlar müəllimlərin maariflənməsi üçün nəzərdə tutulub. Təəssüflər olsun ki, az sayda müəllim bu nəşrləri izləyir.

İmtahanlar müəllimlərdə məsuliyyət hissi yaradır ki, onlar özünüinkişaf barədə düşünsünlər. Kim ki, özünüinkişaf haqqında düşünə bilmir, imtahan sualının çətin olduğunu bildirir. Sual nə zaman çətin olur? Ən sadə sualı bilmirsənsə, o sənin üçün çətindir. Ən çətin sualı bilirsənsə, o artıq sənə asan görünür.

- Bir qisim müəllimlər düşünür ki, uzun illər pedaqoji təcrübəyə malikdirlərsə, onları niyə imtahana cəlb edirlər və bu addımın onların biliklərinə şübhə kimi qəbul olunduğunu düşünürlər.

- Düşünürəm ki, müəllimlər sertifikasiya imtahanının mexanizmini artıq başa düşüblər. Az sayda müəllim var ki, hələ də sizin qeyd etdiyiniz kimi düşünür və bu da təəssüf doğurur. Bir faktı da diqqətinizə çatdırmaq istərdim: sertifikasiya imtahanından birinci dəfə keçid balını toplamayan müəllimlərə ikinci dəfə iştirak imkanı verilir. Lakin elə hallar olub ki, bir ildən sonra təkrar imtahana gələn bəzi müəllimlər yenə də lazımi balı toplaya bilməyiblər. Bu isə həmin şəxslərin birinci imtahandan sonra da özünüinkişaf barədə düşünmədiyini göstərir.

Məlum olduğu kimi, hər bir şagird bizim dəyərimizdir və onlar gələcəkdə bizi idarə edəcəklər. Belə olan halda, necə ola bilər ki, müəllim özünü inkişaf etdirməsin və şagirdi inkişaf etdirə bilsin? Bu, mümkün deyil.

Biz də özünü inkişaf etdirməyən müəllimə etibar etməməliyik.

 - Sertifikasiyada keçid balını toplaya bilməmək müəllimin savadsızlığıdır, yoxsa müasir tələblərə uyğunlaşmaması?

- Burada lazımi balı toplamamaq o demək deyil ki, müəllim savadsızdır. Sadəcə olaraq bu belə bir anlama gəlməlidir ki, o müasir dövrün tələblərinə cavab verən müəllim deyil. Dünənə görə o, yaxşı müəllim idi, amma bu gün yaxşı müəllim deyil. Yaxşı müəllim olmaq üçün yeniliklərə açıq olmaq lazımdır. Heç bir insan istəməz ki, günün tələbinə cavab verməyən müəllim övladına dərs desin.

- Repetitorluğun genişlənməsi təhsilin keyfiyyətinə və müəllimin roluna necə təsir edir?

- Mən ümumiyyətlə şagirdlərin repetitorların yanına getməsini məqsədəuyğun hesab etmirəm. Fikrimcə, müəllim biləndə ki, şagirdi başqa bir müəllimin yanına hazırlığa gedir, bu, həmin müəllim üçün utanc olmalıdır.

Deməli, müəllim öyrədə bilmir, amma başqası öyrədə bilir. Bəs o zaman müəllim sinfə niyə daxil olur? Bu gün təhsil sahəsində çox böyük islahatlar aparılır. Hələ ki, bununla bağlı məlumat vermək istəmirəm. Düşünürəm ki, həmin islahatların həyata keçirilməsi repetitorluğun tədricən aradan qalxmasına kömək edəcək. Düzdür, bunun üçün ilk növbədə valideynlərin psixologiyasını dəyişmək lazımdır.

Müəllimin sertifikasiya imtahanında uğur qazanması üçün repetitor yanına getməsini isə ümumiyyətlə məqsədəuyğun hesab etmirəm.

Repetitorluq gələcəkdə tamamilə aradan qalxa bilər.

Dünyada belə tədqiqatlar aparılıb ki, şagirdlər müəllimləri hansı keyfiyyətlərinə görə qiymətləndirirlər?Müəllimlərlə də bu tədqiqat aparılıb ki, onlar özlərində hansı keyfiyyətlərə üstünlük verirlər. Şagirdlər müəllimlərin kommunikativ keyfiyyətlərini ilk sıraya qoyurlar. Müəllimlər isə didaktik qabiliyyətlərə üstünlük verirlər.

Müəllim bilməlidir ki, şagird, ilk növbədə, onu sevməlidir. Əgər şagird müəllimi sevmirsə, onun fənnə münasibəti də zəif olur. Şagird müəllimi sevdikdə onun fənninə qarşı da müsbət münasibət bəsləyir. Pedaqoji prosesdə əsas məsələlərdən biri şagirdin müəllimi sevməsidir. Bunun üçün müəllim şagirdi sevməlidir. Şagirdi sevəndə və sevə-sevə dərs deyəndə şagirddə müəllimi sevməyə başlayır. Qabaqcıl müəllimlərin pedaqoji fəaliyyətinin mərkəzində bu durur.

 - Yeri gəlmişkən, bu il ilk dəfə olaraq, məktəbəqədər təhsil müəssisələrində çalışan bağça müəllimlərinin sertifikasiya imtahanına cəlb olunması nəzərdə tutulur. Nəzərə alsaq ki, bu sahədə çalışanların bir qisminin qeyri-ixtisaslı və ya müvafiq pedaqoji təhsilə malik olmadığı ilə bağlı zaman-zaman narahatlıqlar səsləndirilir və ümumilikdə məktəbəqədər təhsil sahəsində islahatlara ehtiyac olduğu vurğulanır. Bu addım sizcə məktəbəqədər təhsilin keyfiyyətinə hansı töhfəni verə bilər və prosesdə hansı məqamlara xüsusi diqqət yetirilməlidir?

181539

- Düşünürəm ki, bəlkə də biz elə ilk mərhələdə məktəbəqədər təhsil müəssisələrinin işçiləri ilə sertifikasiya imtahanına başlamalı idik. Çünki insanın ilk addımları bağça mühitindən başlayır. Buna görə də bağça müəllimlərinin sertifikasiyaya cəlb olunmasını zəruri hesab edirəm. Hazırda məktəbəqədər təhsil müəssisələrində müəyyən irəliləyişlərin olduğunu görürük.

İctimai Şura olaraq biz bağça müdirləri ilə görüş keçirmişik. Həmin görüşdə məktəbəqədər təhsil müəssisələrində baş verən dəyişikliklər, uğurlar və çatışmazlıqlar ətrafında müzakirələr aparmışıq. Bu gün məktəbəqədər təhsil müəssisələrində uşaqlarla həyata keçirilməsi zəruri olan çoxlu proqramlar mövcuddur və onların icrası vacibdir. Hesab edirəm ki, bağçalarda bu proqramlardan istifadə olunur, lakin yeniliklərlə bağlı müəllimlər üçün təlimlərin keçirilməsi məqsədəuyğun olardı.

Bundan əlavə, nazir Emin Əmrullayev brifinqlərin birində növbəti tədris ili üzrə direktorların işə qəbulu ilə bağlı mövcud imtahan mexanizminin ləğvi edilməsi məsələsinə toxunub. Bu kontekstdə direktorların işə qəbulu prosesində planlaşdırılan dəyişiklikləri necə qiymətləndirirsiniz? Sizcə, bu addımlar təhsil sisteminin inkişafına müsbət təsir göstərəcək, yoxsa risklər yarada bilər?

- Hazırda məktəb direktorları idarəetmə qabiliyyətinə görə seçilirlər, amma bu mexanizm özünü tam doğrultmadı. Hesab edirəm ki, məktəb rəhbəri qabaqcıl müəllimlər arasından seçilməlidir. Direktor həm qabaqcıl müəllim, həm də idarəetmə bacarığına malik olmalıdır. Lakin etiraf etmək lazımdır ki, bütün qabaqcıl müəllimlərin idarəetmə qabiliyyəti olmur.

Bir misal gətirmək istərdim. Şöhrətli alim Şalva Amonaşvili tədqiqat institutunun direktoru idi. Lakin onun uğurları həmin institutun nəzdində məktəbin yaradılması ilə bağlı oldu. O məktəbdə öz metodikalarını tətbiq etdi və həmin məktəbin uğurları Ş. Amonaşvilini dünyaya tanıtdı.

Qabaqcıl müəllim məktəbi inkişaf etdirə bilər, amma bunun üçün onun idarəetmə qabiliyyəti olmalıdır. Bu gün məktəb direktorlarının daha keyfiyyətli seçilməsinə ciddi ehtiyac var. Yeni mexanizm daha peşəkar direktorların seçilməsinə şərait yarada bilər.

Direktorların və müəllimlərin işə qəbulu ilə bağlı dünyada adətən imtahanlar iki mərhələdən - test və müsahibə mərhələsindən ibarət olur. Test mərhələsində nəzəri biliklər, müsahibə mərhələsində isə praktiki bacarıqlar yoxlanılır. Lakin hər iki mərhələnin suallarının tərtibi çox önəmlidir. Məsələn, test mərhələsində elə suallar vermək olar ki, imtahan verənin praktik bilikləri də qiymətləndirilsin.

 - Mediada tez-tez ümumi təhsil müəssisələrində kişi müəllimlərin sayının azlığı müzakirə olunur. Sorğu nəticələrinə əsasən regionlar üzrə kişi müəllimləri ən çox Lənkəran-Astara (4786), ən azı isə Abşeron-Xızı (881) regionunda fəaliyyət göstərir. Bununla yanaşı, müəllimlik peşəsində əməkhaqqının nisbətən aşağı olması da bu sahəyə marağa təsir edən faktor kimi qeyd edilir. Sizcə, bu amillər kişi müəllimlərin bölgələr üzrə fərqli paylanmasında əsas rol oynayırmı? Həmçinin, regionlar arasında qadınların təhsilə və ümumilikdə əmək bazarında iştirakına dair sosial reallıqların da bu göstəricilərə təsiri ola bilərmi?

-Gender bərabərliyi mövzusu zaman-zaman müzakirə edilir. Bu gün təhsil sistemində işləyənlərin mütləq əksəriyyəti qadınlardır. Belə gender bərabərliyi olmur.

Məktəbdə həm qadın nəvazişi olmalı, həm də kişi zabitəsi olmalıdır.

Bu gün məktəblər kişi zabitəsində kənar  qalıb. Ümumi təhsil müəssisəsində həm qızlar, həm də oğlanlar tərbiyə alır. Oğlanlarda kişilik modeli formalaşmalıdır? Ailədə ata səhərdən axşama qədər işdə olur. Beləliklə, şagird nə evdə, nə də məktəbdə kişi nümunəsində böyümür.

Məktəblərdə kişi müəllimlərinin sayının az olması oğlanların kişi kimi formalaşmasına mənfi təsir göstərir. Təhsili idarə edən insanlar bu faktlara diqqət etməlidirlər. Kişi müəllimlərinin məktəblərə cəlb edilməsi üçün hər hansı bir layihə işlənməlidir. Hazırda pedaqoji ixtisas üzrə təhsil alan tələbələrin də mütləq əksəriyyətini qızlar təşkil edir. Bu o deməkdir ki, yaxın gələcəkdə də məktəbdə qadın müəllimləri üstünlük təşkil edəcəklər. Biz mütləq bu barədə düşünüb, oğlanları müəllimlik ixtisasına cəlb etməyin yollarını tapmalıyıq.

- Uşaqların davranışında valideyn faktorunun vacibliyi tez-tez vurğulanır. Lakin son dövrlərdə qardaş ölkədə məktəblərdə silahlı insidentlərin baş verməsi təhlükəsizlik məsələsini də ön plana çıxarır. Bu şəraitdə məktəb mühitinin məsuliyyəti və rolu necə dəyişməlidir?

181541

- Bu gün valideynlərin təhsilə münasibətində müəyyən dəyişikliklər müşahidə olunur. Məsələn, şagird dərsdən evə qayıdanda valideyn ona daha çox “Məktəbdə soyuq olmadı?”, “Ac qalmadın ki?” kimi suallar verir. Halbuki şagird məktəbə soyuq və ac qalmamaq üçün getmir. Valideyn isə “Sən bu gün nə öyrəndin?” sualını çox vaxt vermir. Bu isə bəzən valideynin övladının inkişafına marağının zəif olduğu təsəvvürünü yaradır. Hesab edirəm ki, təhsilə münasibət ilk növbədə valideyndən başlayır və valideynin düzgün yanaşması təhsilin keyfiyyətinə ciddi təsir göstərə bilər.

Hazırda ümumi təhsil müəssisələrində təhlükəsizliklə bağlı kifayət qədər işlər görülür. Lakin bəzi hallarda şagirdlərin məktəbə qadağan olunmuş əşyalar gətirməsi kimi hallar da müşahidə olunur. Bunu məktəbin günahı kimi qiymətləndirmək düzgün deyil. Bu, daha çox valideyn nəzarətinin zəifliyi ilə bağlıdır. Hesab edirəm ki, valideynlərin uşaqlar üzərində nəzarətinin düzgün təşkili üçün maarifləndirmə işləri gücləndirilməlidir.

- Hikmət müəllim, peşə təhsili ilə ali təhsil arasında balansın tam formalaşmadığı tez-tez qeyd olunur. Peşə təhsilinə marağın artırılması istiqamətində müəyyən addımlar atılsa da, ali təhsil hələ də daha üstün seçim kimi görünür. Sizcə, bunun əsas səbəbləri nələrdir?

- Ən ümumi şəkildə götürsək, insanlarda ya peşə, ya da əqli qabiliyyətlər formalaşır. Lakin bir çox valideynlər düşünür ki, qabiliyyəti nəzərə alınmadan ali məktəbə qəbul olmaq belə daha yaxşı mövqeyə çıxmağa imkan verir. Halbuki bir çox ölkələrdə psixoloqlar şagirdlərin qabiliyyətlərini müəyyənləşdirir və peşə yönümlü gəncləri daha erkən mərhələdə peşə məktəblərinə istiqamətləndirirlər.

Bizdə isə şagird XI sinfi bitirdikdən sonra ali məktəbə qəbul ola bilmirsə, yalnız bundan sonra peşə təhsilinə yönəlir. Halbuki IX sinfi bitirdikdən sonra peşə məktəbinə yönləndirilsə, məktəbi bitirdiyi yaşda artıq müəyyən bir ixtisasa yiyələnmiş ola bilər. Görünür, bu yanaşmanı valideynlərə tam şəkildə aşılaya bilməmişik. Məktəbdə şagirdlərin qabiliyyət yönümlü inkişafını təmin etmək istəyiriksə, bu məsələdə valideynlərlə mütləq müzakirələr aparılmalıdır.

- Biz bu gün peşə təhsili sahəsində xanımların aktiv iştirakının şahidi oluruq. Hətta onu da qeyd edək ki, İT sahəsi üzrə artıq xanım təhsilalanlar heç də oğlanlardan geri qalmır.

-Təəssüf ki, biz ali məktəbə qəbul olan zaman toplanan bala görə ixtisas seçirik, qabiliyyətimizə uyğun olan ixtisasa qəbul olmuruq. Bu olduqca ciddi məsələdir. Şagirdlər qabiliyyətlərinə görə istiqamətlənməlidirlər.İnsan öz qabiliyyəti istiqamətində peşəyə yiyələnəndə daha böyük nailiyyətlər əldə etmiş olar.

İnsan var ki, 10 dil bilir, insan var ki 1 dili belə öyrənə bilmir. Hər bir insanda fərqli qabiliyyətlər olur. O qabiliyyəti də psixoloqlar üzə çıxara bilər. Bu gün qabiliyyət testləri vasitəsilə insanın qabiliyyətlərini müəyyən etmək olur. Təəssüf ki, biz hələ buna tam nail ola bilməmişik.

- Az əvvəl psixoloqlar məsələsinə toxundunuz. Bu, bəlkə də bizim ən həssas məqamlardan biridir. Bir şagird IX sinfə qədər artıq onun psixoloji vəziyyəti müəyyənləşdirilməlidir. Bəs biz niyə bu istiqamətə hələ də kifayət qədər diqqət yetirə bilmirik?

- Məktəb psixoloqunun fəaliyyəti çoxşaxəlidir. Onlardan biri də şagirdin qabiliyyətlərini ölçərək peşəyə istiqamətləndirməkdir. Amma məktəb psixoloqu tək başına bu işin öhdəsindən gələ bilməz. Belə ki, məsələn, məktəbdə iki min şagird təhsil alırsa, psixoloq onların hər biri ilə fərdi şəkildə necə məşğul ola bilər? Hesab edirəm ki, məktəbdə dərs deyən müəllimin özü də yaxşı psixoloq olmalıdır. O məktəb psixoloqu ilə əməkdaşlıq etdikdə, uğurlu nəticələr əldə etmək imkanları çoxalır.  

Bizim reallığımızda peşəni əksər hallarda nə şagird, nə də müəllim seçir. Bu işdə valideynlərin qərarı daha böyük önəm kəsb edir. Təbii ki, bu məqsədəuyğun hal deyil. Buna görə də valideynlərlə işləyib, onları maarifləndirmək lazımdır. Biz valideyni inandıra bilsək, o zaman uğur qazana bilərik. Müəllimin gücü böyükdür və müəllim valideyndən güclü olmalı və onu inandırmalıdır.

- Son dövrlər ərzində universitetlərdə bəzi ixtisasların təhsil müddətinin azaldılması müzakirə olunur. Sizcə, problem müddətdədir, yoxsa məzmunun köhnəlməsində?

181538

- Düşünmürəm ki, mexaniki şəkildə bütün ixtisasların müddətinin dəyişdirilməsi məqsədəmüvafiq olsun. Elə ixtisaslar var ki, o ixtisasların müddətini azaltmaq olar, amma elə ixtisaslar da var ki, onların müddətini azaltmaqla hazırlanan kadrın keyfiyyət səviyyəsini aşağı salmış olarıq. Təhsilin müddətini ixtisasın məzmunu müəyyən etməlidir. Əgər məzmun imkan verirsə, təhsilin müddətini azaltmaq olar.

- Bəzən belə bir yanaşma da səslənir ki, magistratura mərhələsi ilə bakalavriatura mərhələsi aralasında fərq o qədər də aydın hiss olunmur. Sizcə, magistratura pilləsi hazırda daha çox ixtisaslaşma və elmi dərinləşmə mərhələsi kimi öz funksiyasını tam yerinə yetirirmi? Bu fikrin aradan qaldırılması üçün nə etmək lazımdır?

- Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən müddətdən bir həm bakalavriat, həm də magistratura pilləsi üzrə dünya standartlarına uyğun təhsil proqramları hazırlanır. Ötən il magistratura səviyyəsi üçün yeni proqramlar hazırlanaraq tətbiq edilib.

Təbii ki, magistratura mərhələsində təhsil bakalavr səviyyəsindən fərqlənir. Burada əsas üstünlük daha çox tədqiqatçılıq fəaliyyətinə verilir. Sözün düzü, magistratura təhsili alan tələbələrin səviyyəsində də son illər xeyli yüksəliş müşahidə olunur. Lakin bu pillədə də müəyyən çatışmazlıqlar mövcuddur. Zamanla və aparılan islahatlar fonunda həmin problemlərin də aradan qaldırılacağına inanırıq. Düşünürəm ki, magistratura təhsili hazırda yeni keyfiyyət mərhələsinə daxil olub.

- Rəqəmsallaşma ilə yanaşı, süni intellekt təhsildə yeni mərhələ açır. Bu gün şagird və tələbələr bu alətlərdən aktiv istifadə edirlər. Bu şəraitdə müəllimlərin rolu necə dəyişir və onlar bu transformasiyaya nə dərəcədə hazırdır?

- Bu məsələ ölkəmizin təhsil mühitinə yeni daxil olub. Biz hələ süni intellekt haqqında dərin biliklərə malik deyilik. Bu gün süni intellekt insanları maraqlandıran və, əgər belə demək mümkündürsə, insan davranışlarına təsir edən məsələlərdən birinə çevrilib. Ölkəmizdə süni intellektə böyük maraq var. Bu marağın yaxın gələcəkdə süni intellekt sahəsində ciddi uğurlar əldə etməyimizə imkan verəcəyini düşünürəm.

- Sizcə, təhsil sistemində ən çox gözardı edilən, amma ən kritik problem nədir?

- Bizim təhsilə münasibətimiz ən kritik məqamdır. Şagirdin məktəbə təhsil almaq üçün gəlməlidir. Məsələyə bu konteksdən yanaşanda, biz həm valideynlərin, həm şagirdlərin, həm də müəllimlərin təhsilə münasibətini dəyişməliyik, zamanın tələbinə uyğunlaşdırmalıyıq.

- Məlumdur ki, artıq həm orta, həm də ali məktəblərdə ənənəvi jurnalların yerini rəqəmsal jurnallar əvəz edib, universitetlərdə isə kağız diplomların rəqəmsal formatla əvəzlənməsi prosesi gedir.Hətta bir neçə məktəbdə bu istiqamətdə pilot layihələr də həyata keçirilib. Bu fonda sizin fikrinizi öyrənmək istərdik. Proseslərin kütləvi rəqəmsallaşması təhsildə real inkişaf deməkdirmi, yoxsa bəzi ənənəvi formatlar saxlanılmalıdır?

181537

- Bu dünyada qəbul edilmiş bir məsələdir. Dünyada elektronlaşır - bu zamanın tələbidir. Ölkəmizdə də bu proses öz sürətini artırır.  Artıq bir müddətdir təhsil sistemində də bu istiqamətdə müxtəlif işlər görülür. Elektron jurnalların yaradılması, diplomların rəqəmsal formatda verilməsi bu işlərin tərkib hissəsidır. Düzdür, bu istiqamətdə müəyyən çətinliklər var. Əsas çətinlik internetin sürətinin bəzən zəifləməsidir. Xüsusən elektron jurnalların yazılmasında bu müəyyən çətinliklər yaradır.

- Sizcə, bu gün Azərbaycan təhsil sistemində həllinə daha çox diqqət yetirilməsi vacib olan əsas məsələ hansıdır və yaxın illərdə ən çox inkişaf və dəyişiklik gözlənilən sahə nə ola bilər?

- Dəyişikliklər zamanın tələbidir. Hazırda istər uşaq bağçalarında, istər orta məktəblərdə, istərsə də ali məktəblərdə dəyişdirilməsi olan bir çox məqamlar var. Müasir dövrdə daha aktual olan məsələlərdən biri bizi süni intellektlə bağlı dəyişikliklərin gözləməsidir. Məsələn, süni intellekt məkanında hansı təlim metodologiyalarına üstünlük veriləcək? Gələcəkdə hansı ixtisaslar daha aktual olacaq? Süni intellekt məkanında uğur qazanmaq üçün insanda hansı keyfiyyətlərin olması üstünlük təşkil edəcək?

İndi dünya daha sürətlə dəyişir. Buna hazır olmaq lazımdır. Bir çox hallarda biz yalnız mövcud həyatımızda nöqsanlar axtarmaqla məşğuluq. Bunu təbii ki, müəyyən etmək lazımdır. Amma bununla yanaşı gələcəkdə hansı dəyişikliklər bizi gözləyir, biz bu dəyişikliklərə necə hazırlaşmalıyıq kimi suallar haqqında da düşünmək lazımdır.

- İctimai Şuranın gələcək illərdə fəaliyyət planlarına nələr daxildir?

- İctimai Şura maraqlı bir qurumdur. Xüsusilə də təhsil sahəsində İctimai Şuranın funksiyaları genişdir. Bütün təhsil müəssisələrində nəzarət və maarifləndirmə funksiyalarının həyata keçirilməsi zəruridir. Düşünürəm ki, təhsil sahəsində İctimai Şuranın fəaliyyəti daha da genişləndirilməli, funksiyaları çoxaldılmalıdır. İctimai Şura həm elm və təhsil nazirliyinin tabeliyində olan qurumların, həm də təhsil müəssisələrinin fəaliyyətinin arasında əlaqələrin yaradılması və inkişaf etdirilməsi baxımından müxtəlif işlər görməlidir.

Seçilən
10
1
azedu.az

3Mənbələr