AZ

Ailə münasibətlərində ünsiyyət hüququ pozularsa nə baş verir? – Şəxsiyyət hüquqlarının müdafiəsi güclənir

Ailə münasibətləri cəmiyyətin ən həssas və eyni zamanda ən çox hüquqi mübahisə doğuran sahələrindən biridir. Bu sahədə tərəflərin hüquq və öhdəliklərinin dəqiq müəyyənləşdirilməsi, eləcə də pozulmuş hüquqların bərpası məsələləri son illər daha çox aktuallaşıb.
 
Mövcud hüquqi mexanizmlərin tətbiqi və bu istiqamətdə formalaşan yanaşmalar isə vətəndaşların hüquqlarının real müdafiəsi baxımından xüsusi önəm daşıyır.
 
Bu istiqamətdə hüquqi yanaşmaların necə formalaşdığı və tətbiq olunduğunu daha aydın anlamaq üçün Moderator.az mövzu ilə bağlı Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərovun fikirlərini öyrənib.
 
Hüquqşünas qeyd edib ki, "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2025-ci il 20 saylı Qərarında ilk dəfə olaraq ailə-hüquq münasibətlərindən irəli gələn şəxsiyyət hüquqlarının pozulması və bu pozuntudan yaranan mənəvi zərərin ödənilməsi ilə bağlı hallar müəyyən olunub:
"Valideynlər uşaqların tərbiyə və təhsilində iştirak etmək, uşaqla ünsiyyətdə olmaq, yetkinlik yaşına çatmış uşaqlarından qayğı və hörmət gözləmək, ailə qanunvericiliyi ilə təsbit edilmiş digər hüquqlara malikdir. Bu hüquqlar eyni qaydada övladlığa götürənlərə də şamil edilir.
 
Uşaqların isə ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, təhsil almaq, istismardan, zərərli təsirlərdən, cinsi istismardan və cinsi zorakılıqdan müdafiə olunmaq, cinsi ayrı-seçkiliyə məruz qalmamaq, valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq və digər hüquqları var".
 
Fariz Əkbərov əlavə edib ki, valideynlik və uşaq şəxsiyyət hüquqlarının bir çoxu qarşı tərəfin öhdəlikləri ilə şərtləndirilib:
 
"Həmin öhdəliklərin pozulması mənəvi zərər yaradır. Valideynlik hüquqlarından sui-istifadə edən və onu uşaqların mənafeyinə zidd həyata keçirən, heç bir üzrlü səbəb olmadan uşağını doğum evindən və yaxud hər hansı sosial xidmət müəssisəsindən götürməkdən imtina edən, valideynlik hüquqlarını həyata keçirərkən uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirən, uşaqları istismar edən, təhqir edən, mənəviyyatını alçaldan, qəddarlığa, kobudluğa, biganəliyə yol verən valideyn bu kimi hərəkətləri ilə uşaqların şəxsiyyət hüquqlarının pozur və onlara mənəvi zərər vurur.
 
Eyni məsuliyyəti övladlığa götürən, valideyn himayəsindən məhrum olmuş uşaqların tərbiyəsi ilə məşğul olan qəyyum (himayəçi) və ya himayədar valideynlər (atalıq, analıq edənlər), habelə sosial xidmət müəssisələri də daşıyırlar. Valideyn və uşaqların bir-biri ilə ünsiyyət hüququnun pozulması mənəvi zərərə səbəb olur".
 
Hüquqşünas onu da əlavə edib ki, uşaqlarla yaşayan valideynin digər valideynlə uşağın ünsiyyətinə qanunsuz maneəsi həm valideynin, həm də uşağın şəxsiyyət hüquqlarına müdaxilədir:
 
"Uşaqdan ayrı yaşayan valideynin və uşağın bir-biri ilə ünsiyyət hüququ məhkəmə qərarı ilə yaranmır, bu hüquq uşağın doğulduğu andan mövcud olan fundamental hüquqdur. Görüş tələbindən əsassız olaraq imtina edildiyi an pozuntu baş verir.
 
Ona görə də, uşağı ilə ünsiyyət hüququ pozulmuş valideyn məhkəmədə uşaqla görüşmək tələbi ilə yanaşı mənəvi zərərin kompensasiyasını da istəyə bilər. Ünsiyyət hüququnun pozulması ilə bağlı vurulmuş mənəvi zərər tələblərində məhkəmələr mənəvi təzminatın həcmini müəyyən edərkən ümumi meyarlarla yanaşı ünsiyyətin pozulduğu müddət, valideynlə uşağın emosional bağlılığı və digər halları nəzərə ala bilər. Qeyd edilənlər həmçinin baba, nənə, bacı, qardaş və digər qohumların uşaqla ünsiyyətlə bağlı şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası tələblərinə baxılarkən də tətbiq edilir.
 
Uşaqlara vurulan mənəvi zərərin kompensasiyası tələbləri üzrə iddialar tam fəaliyyət qabiliyyəti əldə edənədək qanuni nümayəndə qismində çıxış edən valideynlər və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən irəli sürülə bilər. Belə iddialar irəli sürülməmişsə, uşaqlar özləri tam fəaliyyət qabiliyyəti əldə etdikdən sonra bu barədə müstəqil iddia qaldıra bilər".
 
Pərvin Şakirqızı
 
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" mövzusunda hazırlanıb.
Seçilən
17
moderator.az

1Mənbələr