AZ

Bakıda 11 nəfəri aldadan professora hansı cəza verilib?

Ali Məhkəmədə Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqının sədr müavini professor Raya Nəcəfovanın barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, Bakı Apellyasiya Məhkəməsinin 2024-ci il 8 aprel tarixli qərarından R.Nəcəfovanın müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təqsirləndirilən şəxsin müraciətinə əsasən geri qaytarılıb.


İttihama görə, R.Nəcəfova dələduzluqda və vəzifəli şəxsin səlahiyyətini mənimsəməkdə ittiham olunur. O, zərərçəkmişləri Mədəniyyət Nazirliyi, Elmlər Akademiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi və digər qurumlara işə düzəltmək adı ilə aldadıb, onların pullarını ələ keçirib.


İş üzrə 11 nəfər - Niftəliyeva Aynur, Allahverdiyeva Natəvan, Fəttahova Arzu, Hacıməmmədov Əmin, İsayeva Ceyran, Yusifov Tural, Musayeva Gülər, Qayıbova Sevinc, Nəcəfova Pərvanə, Qurbanova Lətafət, Səfərov Vəli zərərçəkmiş qismində tanınıb.


Məlumat üçün deyək ki, 1960-cı il təvəllüdlü R.Nəcəfova həm də Neft-Kimya Prosesləri İnstitutunda baş elmi işçi olub.


İttihamda deyilir ki, R.Nəcəfova zərərçəkmişlərdən bəziləri ilə ekologiya və təbii sərvətlər nazirinin sabiq müavini Firdovsi Əliyevin adından danışıb. Söhbət zamanı özünü onun köməkçisi kimi təqdim edib.


Xanım müttəhim özü isə ittihamları qəbul etmir, təqsirsiz olduğunu deyir. O, ifadəsində bildirib ki, zərərçəkmiş Sevinc Qayıbovanın aldadılmasında onun deyil, Xanlar Nəsirovun günahı var. Onun sözlərinə görə, əvvəllər Azərbaycan Beynəlxalq Universitetinin prorektoru olmuş X.Nəsirov tanışları vasitəsilə S.Qayıbovanı nazirliklərdən birinə işə düzəldəcəyini deyib. Ondan alınmış pul da Nəsirova çatıb. X.Nəsirov özü isə R.Nəcəfovanın yalan danışdığını bildirib.


R.Nəcəfova qarşı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3 (qulluq mövqeyindən istifadə etməkdə təkrar dələduzluq), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham elan edilib, barəsində məhkəmə istintaqı dövrü müddətində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.


Yasamal Rayon Məhkəməsinin hökmü ilə ona 3 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. Həmin hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməyib. Həmin qərardan R.Nəcəfova kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək qadın məhkəməyə yazılı ərizə təqdim edərək kassasiya şikayətini geri götürdüyünü bildirib.


Qeyd: R.Nəcəfova deputat Ülvi Quliyevin qudasıdır. O, əvvəllər Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialının direktoru olub.

Kamal Məmmədov 

Tarix: 20 Aprel 2026, 08:48   
Seçilən
27
3
pravda.az

4Mənbələr