Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Azər Bayramov və Rəfi Rəfiyevin (hər ikisinin adı, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, Azər Bayramov və Rəfi Rəfiyev tamah niyyəti ilə hərəkət edərək vətəndaşların etibarından sui-istifadə edib, xarici ölkələrdə yerləşən ali təhsil müəssisələrindən verilmiş diplomların qısa müddət ərzində Azərbaycanda tanınması və təsdiq etdirilməsi ilə bağlı yalan vədlər verərək onların pul vəsaitlərini ələ keçiriblər.
Belə ki, təqsirləndirilən şəxslər zərərçəkmiş R.R.-i və zərərçəkmiş T.T.-ni (hər ikisinin adı, soyadı şərtidir) aldadaraq onlara Rusiyada yerləşən universitetlərdən verilmiş diplomların 2 ay müddətində Azərbaycan Respublikasının Təhsil Nazirliyində təsdiq etdirilməsi imkanlarının olduğu barədə yalan məlumat veriblər. Bu məqsədlə onlar 10 oktyabr 2022-ci il tarixdə, saat 13 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Moskva Univermağı” kimi tanınan ticarət mərkəzinin qarşısında zərərçəkmiş şəxslərlə görüşərək hər birindən 5 000 manat olmaqla ümumilikdə 10 000 manat pul vəsaitini alaraq ələ keçiriblər. Lakin verilmiş vədlərə əməl edilməyib, əldə olunan vəsait şəxsi ehtiyaclara sərf olunub və nəticədə hər iki zərərçəkmiş şəxsə ayrı-ayrılıqda 5 000 manat məbləğində maddi ziyan vurulub.
Araşdırmalar zamanı müəyyən edilib ki, Azər Bayramov və Rəfi Rəfiyev analoji üsulla digər vətəndaşı da aldadıblar. Belə ki, onlar zərərçəkmiş V.V.nin (adı, soyadı şərtidir) oğlunun Belarusda yerləşən universitetdən aldığı diplomun qısa müddətdə təsdiq etdiriləcəyi vədi ilə inandıraraq 20 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospektində yerləşən ünvanda ondan 4 800 manat pul vəsaitini alıblar. Bu halda da vəd yerinə yetirilməyib, pul vəsaiti mənimsənilərək zərərçəkmiş şəxsə maddi ziyan vurulub.
Bundan başqa, istintaqla müəyyən olunub ki, Azər Bayramov və Rəfi Rəfiyev təkrarən eyni cinayətkar sxem üzrə hərəkət edərək digər zərərçəkmiş şəxsi də aldadıblar. Onlar zərərçəkmiş H.H.-nin (adı, soyadı şərtidir) qızının Türkiyədə yerləşən ali təhsil müəssisəsindən aldığı diplomun Azərbaycanda tanınmasının təmin ediləcəyini vəd ediblər. Bu məqsədlə 2022-ci ilin may-iyun ayları ərzində müxtəlif vaxtlarda hissə-hissə olmaqla 4 800 manat, daha sonra isə 2023-cü ildə müxtəlif tarixlərdə əlavə olaraq 482 manat, 500 manat və 300 manat pul vəsaitlərini alaraq ümumilikdə 6 082 manat məbləğində pulu ələ keçiriblər. Bu vəd də yerinə yetirilməyib və vəsait şəxsi məqsədlər üçün xərclənib.
Toplanmış sübutlarla müəyyən olunub ki, təqsirləndirilən şəxslər bütün epizodlar üzrə eyni üsuldan istifadə edərək vətəndaşların etibarını qazanıb, vahid cinayətkar niyyət əsasında hərəkət edərək onlara qarşı dələduzluq ediblər və nəticədə zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurublar.
Yasamal Rayon Məhkəməsinin hökmü ilə Azər Bayramov 2 il 4 ay 14 gün Rəfi Rəfiyev isə 2 il 11 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər və onların müdafiəçiləri, həmçinin zərərçəkmiş şəxslərdən biri apellyasiya şikayətləri veriblər. Lakin Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayətləri təmin edilməyib, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb.
Kamal Məmmədov