GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Mingəçevir şəhərinin boşalması ilə bağlı iddialar səsləndirilib. Belə ki, sosial şəbəkələrdə yayılan videoda bir sahibkar müştəri yoxluğundan obyektini bağladığını bildirir. Onun sözlərinə görə, küçələr boşdur və yollarda demək olar ki, avtomobil hərəkəti müşahidə olunmur.
Mingəçevirdə nə baş verir? Sakinlər şəhəri niyə tərk edir?
Globalinfo.az-a danışan Mingəçevirin deputatı Aydın Mirzəzadə deyib ki, Mingəçevirdə məcburi köçkünlərlə birlikdə təqribən 130 minə yaxın əhali yaşayır:
“Vaxtilə şəhər sənaye mərkəzi olub, burada 20-yə yaxın iri zavod, 10-dan çox tikinti idarəsi, eləcə də müxtəlif bazalar və avtonəqliyyat idarələri fəaliyyət göstərib. SSRİ-nin dağılmasından sonra məhsulları əsasən SSRİ bazarına yönələn zavodların əksəriyyəti fəaliyyətini dayandırıb və buna görə də şəhərdə iş yerləri baxımından müəyyən çətinliklər yaranıb. Son illərdə isə yeni iş yerlərinin yaradılması istiqamətində bir sıra layihələr həyata keçirilir. Belə ki, şəhərdə tekstil kombinatı açılıb və burada təxminən 700 iş yeri yaradılıb, həmçinin həmin müəssisənin ərazisində əlavə zavodların açılması planlaşdırılır.
Aydın Mirzəzadə
Keçmiş texniki rezin məmulatları zavodunun yerində iki yeni müəssisənin yaradılması üçün hazırlıq işləri aparılır. Energetiklər qəsəbəsində isə təxminən 400 nəfərin çalışdığı elektrik stansiyası istifadəyə verilib və onunla bağlı kiçik müəssisələr də formalaşdırılıb. 2016-cı ildə Mingəçevir Dövlət Universitetinin yaradılması tələbə sayının artmasına və bununla da xidmət sahələrinin genişlənməsinə şərait yaradıb. Şəhərin giriş hissəsində universitet şəhərciyinin salınmasına hazırlıq gedir, bu da tələbə sayının 5 mindən 10 minə qədər artacağı və kirayə mənzil bazarı ilə xidmət sahələrinin inkişafına təsir edəcəyi gözlənilir”.
Deputat bildirib ki, şəhərdə kiçik biznesin və özünüməşğulluğun inkişafına da diqqət yetirilir:
“Sahibkarlıqla məşğul olan Mingəçevir sakininin videosunu diqqətlə izlədim. Bildirmək istərdim ki, sahibkarlığın dəstəklənməsi istiqamətində müəyyən işlər görülür. Müəyyən problemlər var, onların aradan qaldırılması üçün tədbirlər davam etdirilir və şəhərin gələcəkdə yenidən sənaye, eləcə də iqtisadi baxımdan inkişaf edən mərkəzə çevriləcəyi gözlənilir. Ümid edirəm ki, özəl kapitalın Mingəçevirə axışacağı və bu kimi digər yenilikləri görəcəyik”.
Ləman İmran
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.