Avstriyada uşaq qidası təhlükəsizliyi ilə bağlı ciddi böhran yaşanır.
Marja xarici mətbuata istinadən xəbər verir ki, polis, bir müştərinin şikayəti əsasında araşdırılan 190 qramlıq “kök və kartof” tərkibli uşaq qidası bankasında siçan zəhəri aşkar edildiyini bildirib.
Burgenland polisi tərəfindən verilən açıqlamada şübhəli məhsuldan götürülən nümunənin laboratoriya testlərində zəhərli maddə ehtiva etdiyi təsdiqlənib. Eyni məhsul partiyasına aid bəzi bankaların Çexiya və Slovakiyada da yoxlandığı və oxşar şəkildə toksik maddə izlərinə rast gəlindiyi qeyd olunub.
1500 mağazada geri çağırılma
Məhsulların satıldığı SPAR mağazalarının rəsmiləri ehtiyat tədbiri olaraq Avstriya üzrə təxminən 1500 mağazada həmin məhsulların rəflərdən yığışdırıldığını açıqlayıb. Geri çağırmanın digər ölkələrdəki mağazaları əhatə etmədiyi bildirilib.
“Xarici müdaxilə” şübhəsi
HiPP tərəfindən verilən açıqlamada mövcud tapıntıların məhsullara kənardan qəsdən müdaxilə edilmiş ola biləcəyinə işarə etdiyi vurğulanıb. Şirkət bu vəziyyətin xüsusilə "SPAR Avstriya" paylama kanalına təsir etdiyini bildirib.
İstehlakçılara xəbərdarlıq
Rəsmilər məhsulların istehlakının həyati risk daşıya biləcəyi barədə xəbərdarlıq edərək, bankanın altında qırmızı dairə etiketi olan, açılmış, təhlükəsizlik bandı (qoruyucu zolağı) zədələnmiş və ya anormal qoxuya malik məhsullardan istifadə edilməməsini tövsiyə edib.
Polis həmçinin bu məhsullarla təmasda olan şəxslərə əllərini diqqətlə yuma çağırışı edib. HiPP və SPAR isə məhsulu geri qaytaran müştərilərə ödənişi tam şəkildə qeri qaytarılacağını açıqlayıb.