AZ

Tramp hədələdi, Uitkoff və Kuşner İslamabada yola düşdü, İran danışıqlardan imtina etdi

ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vensin İranla növbəti sülh danışıqları üçün İslamabad şəhərinə gedib-getməyəcəyi ilə bağlı ziddiyyətli xəbərlər yayılıb.

Heftelik.az The Guardian-a istinadən xəbər verir ki, ABŞ administrasiyası bir saat ərzində üç dəfə mövqeyini dəyişib.

ABŞ-ın BMT-dəki səfiri Mike Ualtz ABC News-a bildirib ki, vitse-prezident bazar ertəsi İslamabada çatacaq Amerika nümayəndə heyətinə rəhbərlik edəcək.

Daha sonra ABŞ prezidenti Donald Tramp ABC News-a açıqlamasında deyib ki, təhlükəsizlik səbəblərinə görə Vens səfərə getməyəcək — bu, Mühafizə Xidmətinin hazırlığı üçün çox qısa müddət idi.

Lakin bundan sonra Ağ Evdən CNN-ə bildirilib ki, Vens səfərə gedəcək. “Şərtlər dəyişdi”, – deyə rəsmi şəxs qeyd edib. Bildirilib ki, Vens əslində ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni və keçmiş baş müşaviri Cared Kuşnerin daxil olduğu nümayəndə heyətinə rəhbərlik edəcək.

ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində paylaşımında qeyd edib ki, nümayəndələri Pakistanın İslamabad şəhərinə gedir, onlar sabah axşam danışıqlar üçün orada olacaqlar. Donald Tramp nəzərə çatdırıb ki, Stiv Uitkoff   sabah axşam ora yola düşəcək. ABŞ Prezident əlavə edib ki, kürəkəni və Yaxın Şərq üzrə əvvəlki razılaşmalarda iştirak etmiş Cared Kuşner də çərşənbə axşamına planlaşdırılan danışıqlarda iştirak edəcək: “Biz çox ədalətli və məntiqli bir razılaşma təklif edirik və ümid edirəm ki, onlar bunu qəbul edəcəklər. Əgər etməsələr, ABŞ İranda olan bütün elektrik stansiyalarını və bütün körpüləri məhv edəcək. Artıq yumşaq davranış dövrü bitdi! Onlar tez və asanlıqla geri çəkiləcəklər. Əgər razılaşmanı qəbul etməsələr, lazım olanı etmək mənim üçün şərəf olacaq — bu, son 47 il ərzində digər prezidentlərin İrana qarşı etməli olduğu addım idi. Artıq İranın “ölüm maşını” dayanmalıdır!”.

Bu arada İRNA İranın ABŞ ilə danışıqların ikinci mərhələsində iştirakdan imtina etməsi barədə məlumat yayıb. İran tərəfi bildirib ki, danışıqların ikinci mərhələsində iştirak etməməsi Vaşinqtonun həddindən artıq çox olan tələbləri, qeyri-real gözləntiləri, mövqelərdəki daimi dəyişikliklər, təkrarlanan ziddiyyətlər və atəşkəsin pozulması sayılan davam edən dəniz blokadasından qaynaqlanır.

 

 

Seçilən
32
heftelik.az

1Mənbələr