Son illərdə insanlar arasında belə bir fikir formalaşıb ki, dünya sanki “rəngsizləşir”. Bu ifadə bəzən məcazi mənada – müharibələr, pandemiya və digər qlobal problemlərlə əlaqələndirilir. Lakin məsələ yalnız bununla məhdudlaşmır. Doğrudanmı dünya sözün həqiqi mənasında da rənglərini itirir?
Son dövrlərdə diqqətçəkən əsas dəyişikliklərdən biri rəng palitrasının sadələşməsi və soyuq tonların üstünlük qazanmasıdır. İstər memarlıqda, istər interyer dizaynında, istərsə də rəqəmsal platformalarda parlaq və canlı rəngləri getdikcə daha sakit, neytral və minimalist çalarlar əvəz edir.
Küçələrə nəzər saldıqda da eyni mənzərə ilə qarşılaşırıq: tünd rəngli geyimlər, boz və qara tonlarda avtomobillər üstünlük təşkil edir. Sanki insanlar getdikcə canlı rənglərdən uzaqlaşırlar.
Bəs hanı bənövşəyi, sarı, qırmızı kimi enerjili rənglər?
Şübhəsiz ki, rəngarəngliyin azalması insanın əhval-ruhiyyəsinə də təsirsiz ötüşmür.
Mövzuyla bağlı Bizim.Media-ya fikirlərini bildirən psixoloq Nabat Mirzəyeva da təsdiq edir ki, rənglərin insan psixologiyasına güclü təsiri sübut edilib.
“Hazırda hər yerdə daha çox soyuq rənglərin üstünlük təşkil etməsi psixoloji və sosial faktorlarla bağlı olur. Bu isə insanlarda depressiv əhval-ruhiyyəni artırır. Düzdür bəzən boz, qara, tünd tonlar sakitləşdirici təsir bağışlaya bilir. Ancaq əgər insan özü də stressli bir mühitdədirsə, əlavə olaraq, ətraf mühit də soyuq rənglərə bürünübsə, bu onun özünü daha depressiv hiss etməsinə səbəb ola bilər”.
Psixoloq vurğulayıb ki, rəngarəng, isti tonlar insanların özlərini daha enerjili hiss etməsinə, əhval-ruhiyyənin daha yaxşı olmasına səbəb olur.
Bəzən solğun rənglər uşaq geyimlərində otaqlarında belə görülür. Müsahibimiz isə buna münasibət olaraq bildirib ki, xüsusilə uşaqlar və emosional fərdlər mühitin soyuqluğundan daha tez təsirlənə bilirlər.
O, insanların daimi olaraq tünd rənglərdən istifadə etməsinin altında yatan psixolojik gerçəkləri də açıqlayıb:
“Daimi olaraq tünd rənglərdən müraciət etmək , bunu hətta ev dekorasiyasında da istifadə etmək o deməkdir ki,həmin insan yaşayacağı bir stuadiyadan, canlılıqdan qaçır. Çünki insan əgər özünü daha enerjik hiss etmək istəyirsə, daha canlı rənglərdə geyinir”.
Nəzrin Mirzəyeva, Bizim.Media