AZ

“Məğlub olduğumuz oyunlardan nəticə çıxarmalıyıq”

ain.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Misli Premyer Liqasının XXVIII turunun “Kəpəz” – “İmişli” oyunundan (0:1) sonra meydan sahibi komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– “İmişli”nin müdafiədə necə qapandığını hamımız bilirik. Futbolçulara təhlillərimizdə bunları demişdik. Standart vəziyyətlərdən yaxşı oynadıqlarını bilirdik. Lakin elə standartdan qol buraxdıq. Son oyunlar daha vacib olacaq. Ona görə də möhkəm olub, bu oyunu unudub, komandanı qələbəyə kökləmək lazımdır.

– Son vaxtar mətbuatda “Kəpəz”lə bağlı gəzən söz-sohbətlər bu günki məğlubiyyətdə rol oynadığını düşünürsünüzmü? Bu, futbolçuların motivasiyasına təsir edir?

– Hər şey ola bilər. Futbolçular da insandır. Amma məncə, oyuna köklənmişdilər. Cüzi səhv bizi məğlub duruma apardı. Futbolda belə hallar olur, biri gedir, biri gəlir. Futbolçu, məşqçi, rəhbərlik… Xüsusilə Gəncədə hər kəs belə məsələlərə diqqət etməlidir. Peşəkar futbolçu belə şeylərə baxmalı deyil. İrəli baxmalı, gələcəyini düşünməlidir.

– Oyundan sonra Yusif İmanovla azarkeşlər arasında bir insident yaşandı…

– Yusif nə qədər əsəbi olsa da, azarkeşlərə qarşı o cür davranışı doğru deyil. Yusif cəzalanacaq. Sona qədər bizə dəstək olan azarkeşlərə o cür davranmaq xoş deyil.  Yusif də məncə, səhvini başa düşdü.

– Oyundan sonra paltardəyişmə otağında səsiniz aqresiv eşidilirdi…

– Şəxsən kiməsə irad bildirmirəm. Mənim üçün futbolçunun fərqi yoxdur. İradlarımı cəm şəkildə demişəm. Futbolçular necə ki, “Sumqayıt”, “Qarabağ”la oyunlarda başlarını qoyurdusa, yenə belə olmalıdır. Məğlub olduğumuz oyunlardan nəticə çıxarmalıyıq.

– Vurğuladınız ki, Gəncə Azərbaycan futbolunun beşiyidir. Necə düşünürsünüz, nə vaxta kimi “Kəpəz” liqada qalmaq üçün oynayacaq?

– Bu məsələyə biraz əks tərəfdən baxaq. Azərbaycan çepionatında ilk 5-6-cı yerlər uğrunda mübarizə aparan komandaların büdcələrinə baxıb, müqayisə edəndə görürük ki, bizdə ürəkaçan deyil. Balans yoxdur deyə, çətinliyimiz olur. Premyer Liqada yuxarı sıralarda getmək üçün azı 18 yaxşı futbolçun olmalıdır. Addım-addım harasa çatmalısan.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
futbolpress.az

1Mənbələr