AZ

Natiq Bağırov: "Avropa çempionatında cüdoçularımızın nəticələrini yaxşı hesab etmək olar"

Azərbaycan təmsilçilərinin Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatındakı çıxışını yaxşı hesab etmək olar.

"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Cüdo Federasiyasının prezidentinin müşaviri Natiq Bağırov deyib.

O, yığma üzvlərinin qitə birinciliyindəki çıxışını dəyərləndirib:

"Bizim üçün nəticəni yaxşı hesab etmək olar. Ümumilikdə, komanda yaxşı nəticə göstərdi - idmançılarımız 1 gümüş və 4 bürünc medal qazandılar. Amma onu da qeyd etmək istərdim ki, bu medalların əyarı fərqli ola bilərdi. Aktivimizə qızıl medal yazdırmaq şansımız var idi. Sadəcə bu gün vəziyyət belədir. Son iki Avropa çempionatında isə qızıl medal qazana bilmişik.

Bu gün həm Avropada, həm də dünyada bütün idmançılar böyük əzmkarlıqla çalışırlar. Bizim idmançılarımız kimi digər ölkələrin də çox istedadlı nümayəndələri yarışlarda iştirak edirlər.

Əminik ki, gələcəkdə Bakıda keçiriləcək dünya çempionatında daha uğurlu çıxış edəcəyik. Doğma azarkeşlərin dəstəyi, öz meydanımızın üstünlüyü bizə əlavə motivasiya verəcək və daha yüksək nəticələr əldə etməyimizə kömək edəcək".

Natiq Bağırov fərdi çıxışlara da toxunub:

"Cüdoçularımızdan Murad Fətiyev ən azı medal qazana bilərdi. Onun turnirlə erkən vidalaşması məni üzdü. Eyni şəkildə, ağır çəkidə çıxış edən Kənan Nəsibovun da medal şansı yüksək idi. Onlar kifayət qədər yaxşı idmançılardır. Sadəcə müəyyən epizodlarda buraxılan səhvlər və ya bəzi məqamlar nəticəyə təsir göstərdi. Bəzi hallarda xal verilmədi, bəzi anlarda isə diqqətsizlik uduzmağa səbəb oldu. Murad Fətiyevin görüşündə də, fikrimcə, bəzi epizodlar fərqli qiymətləndirilə bilərdi. Amma bütün bunlara baxmayaraq, həm Murad, həm də Kənan çox güclü idmançılardır və inanıram ki, gələcəkdə öz sözlərini deyəcəklər".

Federasiya rəsmisi hazırlıq prosesindən də danışıb:

"Ümumilikdə idmançıları Bakıda keçiriləcək dünya çempionatına elə hazırlaşdırmaq lazımdır ki, bütün çətinlikləri nəzərə alsınlar. Yəni mümkün mübahisəli məqamları da əvvəlcədən düşünərək daha hazır vəziyyətdə olsunlar. Bu yanaşma onların daha güclü, daha diqqətli və daha keyfiyyətli çıxış etməsinə kömək edəcək. Nəticədə isə idmançılar öz potensiallarını daha dolğun şəkildə ortaya qoyaraq daha yüksək səviyyəli güləş nümayiş etdirə bilərlər. Belə hallar hər yarışda baş verə bilər. Ona görə də biz hər zaman ən çətin vəziyyətlərə hazır olmalıyıq".

O, hakim qərarları ilə bağlı etiraz məsələsinə də toxunub:

"Müəyyən müzakirələr apardıq və belə nəticəyə gəldik ki, hazırda etiraz etsək belə, görüşlərin nəticələri dəyişməyəcək. Buna görə də əsas məqsədimiz gələcək yarışlarda bu cür halların qarşısını almaqdır. Bu istiqamətdə müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur".

Sonda hakimliklə bağlı məqamlara da toxunulub, o cümlədən Zelim Kotsoyevin yarımfinal görüşündə diskvalifikasiya olunması və üçüncü yer uğrunda qarşılaşmaya buraxılmaması ilə bağlı məsələyə də münasibət bildirilib:

"Bizim idmançımızın çıxışı zamanı müəyyən mübahisəli məqamlar oldu. Ümumi təəssürat belə idi ki, hakimlər yerli idmançıya müəyyən üstünlük verirdilər. Burada baş verən vəziyyət və verilən qərarlarla bağlı müəyyən mübahisələr var. Hakimlərin fikrincə, həmin epizodda qadağan olunmuş texnikadan istifadə edilib və bu səbəbdən hərəkət düzgün qiymətləndirilməyib. Lakin onu da qeyd etmək istəyirəm ki, son 15 il ərzində bu cür hallarda həmin hərəkətə görə idmançının diskvalifikasiya edildiyini və ya ciddi şəkildə cəzalandırıldığını, demək olar, görməmişəm".

Qeyd edək ki, yığma qitə birinciliyini 4 medalla başa vurub. Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal qazanıblar.

Seçilən
11
2
far.az

3Mənbələr