Müəllif: Tamara Mustafayeva, Banco.az
BVF Yaxın Şərq və Şimali Afrika regionu üçün artım proqnozunu aşağı salıb.
Banco.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondu Yaxın Şərq və Mərkəzi Asiya üzrə “Regional İqtisadi Perspektivlərin Yenilənməsi” hesabatını yayımlayıb. Hesabatda Yaxın Şərqdə davam edən müharibənin regionun iqtisadi perspektivlərinə ciddi təsir etdiyi vurğulanır.
İlin əvvəlində regiondakı bir çox ölkədə iqtisadi aktivliyin sürətləndiyi və inflyasiyanın azaldığı qeyd edilən sənəddə bildirilir ki, Hörmüz boğazının bağlanması, neft və təbii qaz istehsalının pozulması, eləcə də Körfəzə və Körfəz üzərindən həyata keçirilən hava nəqliyyatının ciddi şəkildə təsirlənməsi dərhal iqtisadi nəticələr yaradıb.
Hesabatda qeyd olunur ki, münaqişə əvvəlcə regional şok kimi qiymətləndirilsə də, qısa müddətdə qlobal miqyas alıb. Bu dövrdə Brent neftinin qiyməti 100 dolları keçib, təbii qaz, gübrə və metal qiymətlərində kəskin artımlar qeydə alınıb. Bu da həm regional, həm də qlobal səviyyədə təchizat zəncirlərini daraldaraq istehsal xərclərini artırıb.
Hesabatda qeyri-müəyyənliyin hələ də yüksək səviyyədə qaldığı vurğulanır və prosesin gələcək gedişatının əsasən 7 apreldə elan edilən atəşkəsin davamlı olub-olmamasından, eləcə də qlobal və regional sabitliyin bərpa edilib-edilməməsindən asılı olduğu qeyd edilir.
BVF Yaxın Şərq və Şimali Afrika regionunda artımın 2025-ci ildəki 3,2 faizdən bu il 1,1 faizə düşəcəyini, daha sonra isə 2027-ci ildə 4,8 faizə yüksələcəyini gözləyir. Qurum 2025-ci ilin oktyabr ayına olan proqnozunda regionun həm 2026, həm də 2027-ci illərdə 3,7 faiz artacağını proqnozlaşdırmışdı.
Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) neft ixrac edən iqtisadiyyatları üçün artım proqnozlarında aşağı istiqamətli düzəlişləri vurğulayan hesabatda KƏŞ regionunda artımın 2025-ci ildəki 4,4 faizdən bu il 2 faizə düşəcəyi gözlənilir. BVF 2025-ci ilin oktyabr ayına olan proqnozunda KƏŞ iqtisadiyyatının 2026-cı ildə 4,3 faiz artacağını proqnozlaşdırmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!