AZ

Hakan Fidan: Ərdoğan, Əliyev və Şərifin əl-ələ tutuşması dünyaya həmrəylik mesajıdır

BAKI, 19 aprel. TELEQRAF

"Türkiyə, Azərbaycan və Pakistan liderlərinin əl-ələ tutuşaraq çəkdirdikləri fotoşəkil əslində qardaşların həmrəyliyi mesajıdır".

Teleqraf xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan V Antalya Diplomatiya Forumunun mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Şahbaz Şərifin birgə fotosunun dünyaya hansı mesajı verməsi ilə bağlı sualı cavablandıran XİN başçısı liderlər arasındakı səmimi münasibətlərə diqqət çəkib:

"Bilirsiniz ki, hər üç lider bir-birinə qardaşdan da yaxındır. Onlar bunu dəfələrlə sübuta yetiriblər. Liderlər eyni zamanda təmsil etdikləri dövlətlərin və xalqların hisslərini də əks etdirirlər".

H.Fidan qeyd edib ki, region ölkələrinin bir araya gələrək problemlərini özlərinin həll etməyə çalışması çox vacibdir: "Bu, uzun zamandır görmədiyimiz və həsrətində olduğumuz bir mənzərədir. Sülhün, sabitliyin və qarşılıqlı hörmətin əsas olduğu bir nizamın ortaya çıxması üçün bu ölkələrin səmimi şəkildə yaxından əməkdaşlıq etməsinə ehtiyac var".

Nazir əlavə edib ki, dövlətlərin idarəetmə sisteminə əsasən, xalqlar öz iradələrini liderlərə həvalə edirlər: "Liderlər də bu iradəni xalqın adından istifadə edirlər. Onların bir araya gələrək bu cür müsbət həmrəylik nümayiş etdirməsi, qardaşlıq sərgiləməsi, hesab edirəm ki, bütün dünyaya nümunəvi bir mesajdır".

Seçilən
21
4
teleqraf.com

4Mənbələr