İslam dünyası, Körfəz ölkələri artıq Vaşinqtonun İsrailin aqressiv siyasətinə nəzarət edə biləcəyinə inanmır. Bu etimadsızlıq regionu Türkiyənin, Pakistanın hərbi çəkisi, strateji dəstəyi və Çinin iqtisadi-diplomatik moderatorluğu ilə yeni bir təhlükəsizlik sistemi yaratmağa doğru sürətlə apara bilər.
Bu gün Yaxın Şərqdə baş verənlər onilliklərdir davam edən təhlükəsizlik sisteminin köklü şəkildə sarsılmasıdır. Uzun müddət ABŞ-ın "təhlükəsizlik çətiri" altında sığınan Körfəz ölkələri artıq bu çətirin etibarsız olduğunu və daha çox İsrailin maraqlarını qorumaq üçün yaradıldığını düşünməyə başlayıblar.
Pakistan hərbçilərinin Səudiyyə Ərəbistanında mənzillənməsi strateji bölgənin tarixində yeni bir səhifə açır. Bu, epoxal dəyişikliklərin ilk ciddi əlamətidir. ABŞ-dan başqa regionda yalnız Türkiyənin (Qətərdə) hərbi bazasının olması, Ankara və İslamabadın Körfəz üçün alternativ "müdafiə qalxanı" rolunu ön plana çıxarır.
Təl-Əvivin son dövrlərdə nümayiş etdirdiyi real güc nümayişi, aqressiv ambisiyalar və xarici siyasətini getdikcə daha çox dini-ideoloji baxışlar üzərində qurması Körfəz paytaxtlarında həyəcan təbili çalır. İsrailin bu aqressiv ambisiyaları qarşısında Vaşinqtonun tamamilə passiv qalması, hətta İsrailin maraqlarından çıxış etməsi Körfəz ölkələri və İslam dünyası üçün əsas risk amilinə çevrilib. Bu cür yanaşma İranın İsrailə qarşı iddialarının bir hissəsinin artıq haqlı hesab edilməsi ilə əlaqədar tərəf tutanların mövqeyini gücləndirib.
Körfəz ölkələri, İranın bölgəni yenidən "iqtisadi cəhənnəmə" çevirməsinin qarşısını almaq üçün ABŞ-ın hərbi rametmə siyasətinə deyil, Çinin moderatorluğuna ön plana çıxarmağa başlaya bilərlər Çin regionda sabitliyin təmin edilməsi üçün daha adekvat, ədalətli və iqtisadi mənfəətə dayanan alternativ model təklif edir. Bu model, ticarət yollarının və enerji bazarlarının qorunması üçün qarşılıqlı asılılığı təşviq edir.
Türkiyə və Misirin vasitəçiliyi ilə İranla yeni münasibətlər sisteminin qurulması ehtimalı getdikcə güclənir. Ankara həm real hərbi güc, həm də strateji tərəfdaş kimi Körfəz ölkələrindən daha böyük dəstək ala bilər. İslam dünyası Çinlə mərhələ-mərhələ əməkdaşlığı gücləndirməklə, ABŞ-ın İsrail mərkəzli siyasətinin yaratdığı boşluğu doldurmağa çalışa bilər.
İndiki halda bütün təhlükəsizlik sistemi ABŞ-a söykənsə də, iqtisadiyyat və İsrailin aqressiv siyasəti ilə yaranan təhlükələr geosiyasi oriyentirlərini dəyişir. İslam dünyası artıq Vaşinqtonun İsrailin təcavüzkar siyasətinə nəzarət edə biləcəyinə inanmır. Bu etimadsızlıq regionu Türkiyənin, Pakistanın hərbi çəkisi, strateji dəstəyi və Çinin iqtisadi-diplomatik moderatorluğu ilə yeni bir təhlükəsizlik sistemi yaratmağa doğru sürətlə apara bilər.
Siyasi şərhçi Zaur İbrahimli