Ukrayna Silahlı Qüvvələri “Neptun” raketləri ilə Rusiyanın Taqanroq şəhərində yerləşən və ordu üçün pilotsuz uçuş aparatları istehsal edən “Atlant Aero” zavoduna zərbə endirib. Zavod ərazisində yanğın baş verib.
APA xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri Facebook-da məlumat yayıb və fotolar paylaşıb.
Rostov vilayətinin qubernatoru Yuri Slyusar regiona raket zərbəsi endirildiyini təsdiqləyib. O bildirib ki, kommersiya infrastrukturu zərər görüb və anbar sahəsində yanğın baş verib.
UNİAN yazır ki, yerli sakinlərin məlumatına görə, hücum Taqanroq Avtomobil Zavoduna yönəlib. Bu zavodda əvvəllər müxtəlif markalı minik və yük avtomobilləri istehsal olunurdu, lakin son dövrlərdə maliyyə problemləri səbəbindən ərazidə Rusiya ordusu üçün dronlar istehsal edilirdi.
Qeyd edilir ki, zavod ərazisində “Atlant Aero” MMC fəaliyyət göstərir. Bu müəssisə pilotsuz uçuş aparatlarının hazırlanması və istehsalı ilə məşğuldur. Burada “Molniya” tipli zərbə-kəşfiyyat dronları, eləcə də “Orion” pilotsuz aparatının komponentləri istehsal olunur.