AZ

Kiyevdə QALMAQAL: Polis atışma zamanı mülki şəxsləri qoyub qaçdı - VİDEO

Kiyevdə baş verən terror aktı zamanı polis əməkdaşlarının atəş səslərini eşidərək hadisə yerindən qaçdığını və mülki şəxsləri müdafiəsiz qoyduğunu əks etdirən görüntülər yayılıb.

Musavat.com "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, Ukraynanın daxili işlər naziri İqor Klimenko faktla bağlı dərhal xidməti araşdırma aparılması barədə göstəriş verib.

Sosial şəbəkələrdə yayılan videolarda aydın şəkildə görünür ki, patrul əməkdaşları silah səsləri gələn zaman ərazidən uzaqlaşır, nəticədə aralarında uşaqların da olduğu mülki şəxslər təhlükə ilə üz-üzə qalır. Görüntülərdə terrorçunun bir kişiyə atəş açdığı, azyaşlı bir oğlanın isə canını qurtarmaq üçün qaçmağa çalışdığı anlar əks olunub.

Nazir İqor Klimenko insidentə sərt reaksiya verərək Milli Polisin rəhbəri İvan Viqovskiyə hadisə ilə bağlı bütün detalların araşdırılmasını və məlumatların Dövlət Təhqiqat Bürosuna təqdim edilməsini tapşırıb. “Xidmət etmək və qorumaq” ifadəsinin sadəcə şüar olmadığını vurğulayan nazir, xüsusilə insanların həyatının asılı olduğu kritik məqamlarda peşəkar fəaliyyətin vacibliyini qeyd edib.

Xatırladaq ki, hadisə aprelin 18-də axşam saatlarında Kiyevin Qoloseyevski rayonunda baş verib. Silahlı şəxs öz mənzilini yandırdıqdan sonra küçədən keçənlərə qarşı nizamsız atəş açıb, daha sonra insanların olduğu “Velmart” supermarketinə daxil olaraq orada barrikada qurub.

Xüsusi təyinatlıların (KORD) həyata keçirdiyi şturm zamanı cinayətkar zərərsizləşdirilib. Ukrayna hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi təsnif edib. Son məlumatlara görə, atışma nəticəsində 6 nəfər həlak olub, ondan çox insan isə yaralanıb.

Musavat.com

Seçilən
15
musavat.com

1Mənbələr