BAKI, 19 aprel. TELEQRAF
"ABŞ-nin Belarusla müharibə etmək kimi bir məqsədi yoxdur".
Teleqraf xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko RT telekanalına verdiyi müsahibədə bildirib.
Dövlət başçısı bu qənaətə ABŞ Prezidenti Donald Trampın yaxın çevrəsi ilə olan təmasları əsasında gəldiyini vurğulayıb:
"Mən elə hesab etmirəm ki, amerikalılar Belarusa qarşı müharibə aparmağı qarşılarına məqsəd qoyublar. Trampın yaxın çevrəsində olan insanlarla – təkcə siyasətçilərlə deyil, ona yaxın şəxslərlə olan təmaslarımdan çıxış edərək deyirəm ki, burada vəziyyət tam əksinədir. Lakin amerikalılar bizimlə müharibə etmək istəsələr belə, bunu Polşa və ya Baltikyanı dövlətlərin əraziləri vasitəsilə edəcəklər".
Aleksandr Lukaşenko ölkə ərazisində yerləşdirilən taktiki nüvə silahının əhəmiyyətinə də toxunub. O qeyd edib ki, bu addım kimisə qorxutmaq məqsədi daşımır:
"Sizcə, mən bu taktiki nüvə silahını bura bütün dünyanı qıcıqlandırmaq və ya kimisə qorxutmaq üçün gətirmişəm? Xeyr. Bu, bizim müdafiəmizin və təhlükəsizliyimizin əsas faktorudur".
Prezident vurğulayıb ki, bütün dünya Rusiyanın Belarusu qorumaq üçün lazımi bütün arsenalından istifadə edəcəyini bilir. Onun sözlərinə görə, Minsk və Moskva ən yaxın müttəfiqlərdir və Rusiyanın Belarusu itirməsi onun üçün geosiyasi baxımdan yolverilməzdir:
"Belarusu itirmək Rusiya üçün o deməkdir ki, düşmən Smolenskdə, Moskvanın kandarında dayanacaq. Biz bir-birimizlə hüquqi cəhətdən bağlıyıq və Rusiya birbaşa bəyan edib ki, Belarusu müdafiə etmək üçün bütün silah arsenalını işə salacaq. Bunu Amerika da, Avropa da bilir. Ona görə də Belarusla toqquşma həm də Rusiya ilə toqquşma deməkdir".
Dövlət başçısı sonda əlavə edib ki, Rusiyanın qərb istiqamətində Belarus ordusunu anında dəstəkləyəcək müvafiq hərbi qruplaşma yaradılıb. Bununla belə, Lukaşenko ölkəsinin müharibə istəmədiyini bir daha diqqətə çatdırıb.