Polşanın Katovitse şəhərində şahmat üzrə fərdi Avropa çempionatında X turun partiyaları baş tutub.
"Far.Az" Azərbaycan Şahmat Federasiyasına istinadən xəbər verir ki, hesabat turunda qitə birinciliyinin liderləri arasındakı qarşılaşmada qalib müəyyənləşməyib.
Azərbaycan şahmatçısı Nicat Abasov ispan David Gixarru ilə heç-heçə edib. Digər təmsilçimiz Aydın Süleymanlı qara fiqurlarla litvalı Valeri Kazakouskini məğlubiyyətə uğradıb. Son ölkə çempionu Məhəmməd Muradlı isə ağ fiqurlarla Latviya idmançısı Nikita Meşkovsu üstələyib.
10 turdan sonra turnir cədvəlinin ilk beşliyində üç Azərbaycan şahmatçısı qərarlaşıb. Hərəyə 8 xal toplayan N.Abasovla A.Süleymanlı 1-2-ci yerləri bölüşürlər. Eyni xala malik M.Muradlı isə əlavə göstəricilərə görə beşinci pillədədir.
Qeyd edək ki, bu gün keçiriləcək sonuncu turda Aydın Süleymanlı ağ fiqurlarla Məhəmməd Muradlıya qarşı mübarizə aparacaq. Nicat Abasov isə Rumıniya təmsilçisi Daniel Boqdanla üz-üzə gələcək.