AZ

Yeni dominantın mövludu, yoxsa maraqlı təsadüf…

ain.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

Oyunların əhəmiyyətlilik dərəcəsinə görə “mövsümün turu” adlandırılan 28-ci turun ən maraqla gözlənən oyunu “Tofiq Bəhramov”da keçirildi.

“Qarabağ” 46-cı dəqiqədən bir nəfər azlıqda qalan “Sabah”a məğlub oldu – 0:1.

Bununla da aralarında xal fərqi 13-ə qalxdı və “futuristlər” çempionluğu böyük ölçüdə həll etmiş oldu.

Baxmayaraq ki, “atlılar”ın “Neftçi” ilə təxirə salınmış oyunu var, bununla belə, proqnozlar “Sabah”ın lehinədir.

Bu mövsüm 4 dəfə qarşılaşan tərəflərin statistikasına baxanda “bayquşlar”ın böyük üstünlüyü görünür:

Qarabağ – Sabah 0:1

Qarabağ – Sabah 2:2

Qarabağ – Sabah 3:3

Sabah – Qarabağ 2:1

Qaldı kubokun yarımfinalında cavab oyunu (ilk oyun, 2:2).

***

“Sabah” xüsusən son 3-4 ildə inkişafa doğru sərgilədiyi müsbət saldonun pikindədir. Yaxşı heyət formalaşdırılıb və “dirijor” əla idarə edir.

“Qarabağ” kimi təcrübəli rəqibə qarşı Valdas Dambrauskas Xaybullayevin “qırmızı” almasından dərhal sonra etdiyi əvəzetmə və taktiki dəyişikliklə rəsmən təsdiqlədi: qrossmeysterdir.

55-ci dəqiqədə Kahim Parris və Aaron Maludanın yerinə Zinedin Uld Xaled və Rəhman Daşdəmirovun oyuna girməyilə hücum fazası “deaktiv” edildi və bütün güc qoyuldu müdafiəyə. Oyun formasında da uyğun dəyişikliklər edən Valdas rəqibə qarşı personal mübarizə tapşırığı verdi. Bu yanaşma müasir futbolda aktual olmasa da, “Qarabağ”a qarşı azlıqda qalmağın qarşılığında ən optimal variant imiş…

Son 10-11 ildə “atlılar”ı bu qədər “deşifrə” edib, blokadada saxlayan rəqib olmamışdı.

Qurbanovu dərin fikir aparıb. “Qordi düyünü” kimi müşkülə çevrilən “bayquş” maneəsi haradək davam edəcək…

Ümumiyyətlə, “Qarabağ” yeni iddialıların formalaşdığı, böyüdüyü bu dövrə adaptasiya üçün nələr etməlidir…

Azərbaycan çempionatı maraqlı olmağa başladıqca maraqlı suallar da yaranır.

Kamil Əhməd

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
futbolpress.az

1Mənbələr