AZ

Tramp Pakistanı “qarmağına” keçirir

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

“İranla bağlı müqavilə İslamabadda imzalanarsa, mən şəxsən ora gedərəm”. 

“Cebheinfo.az”-ın məlumatına görə, ABŞ Prezidenti Donald Tramp belə deyib. Jurnalistin “Müqaviləni şəxsən imzalamaq üçün Pakistana gedərdinizmi?” 

sualına cavabında Tramp “Bəli, gedərdim, Pakistana səfər edərdim. Pakistan çox möhtəşəm olub. Onlar özlərini çox ləyaqətli aparırlar. 

Bəli, mən gedə bilərəm. Əgər müqavilə İslamabadda imzalanarsa, ora gedə bilərəm. Feldmarşal möhtəşəmdir. Pakistanın Baş naziri də çox yaxşıdır. Onlar mənim səfər etməyimi istəyirlər, onlar mənim gəlməyimi istəyirlər” cavabını verib. 

Donald Trampın qeyd edilən açıqlaması onun İslamabad platformasında danışıqları davam etdirməkdə maraqlı olduğuna dair mesajı əks etdirir. 

Bu baxımdan, ABŞ Prezidenti danışıqlarda əsas vasitəçi kimi çıxış edən Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Asif Munirin diplomatik təşəbbüslərinə xüsusi önəm verdiyini dilə gətirib. 

Ümumiyyətlə, Trampın Munirlə bir neçə dəfə baş tutan söhbətində feldmarşalın fikirlərini bəyəndiyi və ona rəğbətinin yarandığı bildirilir. Asif Munir, həmçinin İran hakimiyyəti tərəfindən də qəbul olunan  fiqurdur. Ona görə də Trampın bu sözləri növbəti danışıqların İslamabadda baş tutmasına razılığı kimi başa düşülə bilər. 

Ancaq ABŞ Prezidenti İranın maraqlarına uyğun bir sazişi imzalamaq üçün Pakistana səfər etməz. Əgər Şahbaz Şərif hökuməti ABŞ-ni qane edən İranla razılaşma sənədinə nail ola bilsə, Prezident Trampın Pakistana səfəri baş tuta bilər. 

Pakistanın İranı dəstəkləyən Çinin Orta Şərqdə əsas strateji tərəfdaşı olduğunu nəzərə alsaq, İslamabad danışıqları Vaşinqtonla Pekin arasında ortaq platforma sayılmalıdır. Çünki Pakistan uzun illər, xüsusilə də “soyuq müharibə” dövründə ABŞ-nin müttəfiqi olub. Eyni zamanda, Pakistan hazırda Trampın yaratdığı “Sülh Şurası”nın üzvüdür. 

Qeyd edək ki, sonuncu dəfə ABŞ prezidenti Corc Buş 2006-cı ilin mart ayında Pakistana səfər edib. Ondan sonrakı dövr Pakistanla ABŞ-nin münasibətlərində soyuqluğun yaranması ilə müşahidə olıunub. Donald Tramp 2017-ci ildə hakimiyyətə gəldikdən sonra Pakistanın regiondakı əsas rəqibi sayılan Hindistanla strateji yaxınlaşma xəttini seçib. 

Trampın 2018-ci ildə Hindistana səfər etməsi məhz Çinə qarşı alternativ güc mərkəzinə dəstək vermək məqsədi daşıyırdı. Vaşinqtonun bu siyasəti Pakistanı Asiyanın ən böyük iqtisadi və siyasi fövqəlgücü olan Çinlə yaxınlaşmasında mühüm rol oynayıb. 

Lakin son vaxtlar İranla müharibənin həlli ABŞ və Pakistan arasında əvvəlki strateji münasibətləri bərpa etmək yeni imkanlar açıb. Hətta “Reuters” agentliyi Trampın sentyabr ayında Pakistana səfər edəcəyini xəbər verir. 

Ağ Evin rəhbəri dolayısı ilə demək istəyir ki, Pakistan həm Çinlə, həm də İranla yaxın münasibətlərə malik güclü dövlət kimi qarşı tərəfləri ABŞ-nin təkliflərinin əks olunduğu sülh razılaşmasına və ya çərçivə sənədinə razı sala bilsə, o zaman Vaşinqton İslamabadla əlaqələri əvvəlki səviyyəyə qaytarmağa hazırdır. 

Aprelin 10-da ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin İranla danışıqlarda içtirak etmək üçün İslamabada səfər etməsi, ardınca Trampın belə bir istəyini dilə gətirməsi bu istiqamətdə atılan ilkin addımlar hesab edilə bilər. Bu isə Pakistan rəhbərliyinin də maraqlarına cavab verir. 

Lakin Pakistan ABŞ üçün yalnız İran məsələsinin həlli üçün cəlbedici deyil. Görünür, Asiyanın ən güclü dövlətlərindən birinə çevrilmiş və nüvə silahına malik Pakistanın Çinin yanında yer alması ABŞ-ni narahat edir. 

Üstəlik, ABŞ ilə münasibətlərdə yaranmış məsafədən istifadə edən İran uzun müddət aralarında olan ziddiyyəti aradan qaldıraraq Pakistanla dost münasibətlər qurub. 

Çox güman ki, Tramp administrasiyası yenidən Paskistanı öz tərəfinə çəkməklə onun Çindən təsirindən uzaqlaşdırmağa və bu regionda geosiyasi tarazlığı öz xeyrinə dəyişməyə çalışır. 

Müşfiq Abdulla 

“Cebheinfo.az”

 

Açar sözlər:

Tramp Pakistan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
1
cebheinfo.az

2Mənbələr