Ukrayna KİV-ləri Kiyevdəki hücumu törədən şəxsin Rusiya ordusunun zabiti olduğu barədə məlumat yayıblar.
Musavat.com xəbər verir ki, jurnalist Vitali Qlaqolanın sözlərinə görə, həmin şəxs Rusiya sosial şəbəkələrində tanınan simalardan biri olub və "Xüsusi Hərbi Əməliyyat"a açıq şəkildə ianələr topladığını bəyan edib.
Araşdırmalar zamanı məlum olub ki, hücum edən şəxs Rusiyanın 30274 nömrəli hərbi hissəsində xidmət keçib. Sosial şəbəkələrdə onun Rusiya ordusunun polkovnik-leytenant rütbəsində, hərbi formada fotoşəkilləri aşkar edilib.
Ukrayna Baş Prokurorluğunun verdiyi məlumata görə, hücum edən şəxs 58 yaşlı Moskva doğumlu şəxsdir.
Hadisə ilə bağlı Ukrayna prezidenti Volodimir Zelenski artıq 5 nəfərin həlak olduğunu təsdiqləyib. Kiyev meri Vitali Kliçko isə bildirib ki, ilkin məlumatlara görə, supermarketin daxilində də həlak olanlar var və yaralıların sayı 15 nəfərə yüksəlib.
Musavat.com