Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Son illər Bakı şəhərində ciddi sıxlıq müşahidə olunur.
Regionlardan paytaxta kütləvi axın davam edir, eyni zamanda avtomobillərin sayı da durmadan artır. Bu səbəbdən şəhər həm insan, həm də nəqliyyat baxımından xeyli yüklənib.
Artıq tıxaclar təkcə gur saatlarda deyil, günün demək olar ki, hər saatında müşahidə olunur. Paytaxtın yükünü azaltmaq və regionların inkişafını sürətləndirmək məqsədilə gələcək illərdə bəzi ali təhsil müəssisələrinin Bakıdan rayonlara köçürülməsi mövzusunda vaxtaşırı müzakirələr gedir.
Bəs universitetlərin rayonlara köçürülməsi Bakının yükünü azalda biləcəkmi?
Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli bildirib ki, ali məktəblərin bölgələrə köçürülməsi təkcə sıxlığı azaltmaq deyil, həm də regionlar arasında inkişaf fərqini azaltmaq baxımından strateji addım ola bilər:

“Son 33 ildə paytaxt Bakıya obyektiv və subyektiv səbəblərdən əhali axını baş verib. 1992-93-cü illərdə Ermənistanın işğalçı siyasəti nəticəsində 1 milyona yaxın soydaşımız yurdundan didərgin düşmüşdü.
O insanların əhəmiyyətli hissəsi Bakıda məskunlaşmışdı. 90-larda Bakıya ölkənin müxtəlif bölgələrindən - cənub, şimal, qərb rayonlarından, Naxçıvan Muxtar Respublikasından çoxlu əmək miqrantları axışdı. 2005-ci ildən bu proses daha da sürətləndi.
Bu gün artıq paytaxtımız kifayət qədər yüklənib. Bakının mövcud infrastrukturu bu qədər insana xidmət edə bilmir. Nəqliyyat sıxlığı, infrastrukturun yüklənməsi və iqtisadi fəaliyyətin paytaxtda həddindən artıq cəmlənməsi Bakıda yaşamağı mümkünsüz edir.
Sıxlığı yaradan əsas amillərdən biri də ali məktəblərin Bakıda yerləşməsidir. Bu gün Bakıda təxminən 187 min tələbə təhsil alır. Onların icitmai nəqliyyatda yaratdığı sıxlığı adi gözlə də görmək mümkündür.
Yay tətili günlərində icitmai nəqliyyat demək olar ki, boş olur. Yəni normal vəziyyətinə qayıdır. Bildiyim qədər rəsmi qurumlar vətəndaş cəmiyyəti fəallarının 20 ildir səsləndirdiyi təklif üzərində düşünməyə başlayıblar. Bu məsələ artıq müzakirə olunur".
Onun sözlərinə görə, ola bilər ki, yaxın illərdə bir sıra ali məktəblərin paytaxtdan köçürülməsi reallaşsın:
"Buna mane olan qüvvələr də var və görünür, onlar da daha müqavimət göstərə bilməyəcək. Çünki vəziyyət artıq dözülməz həddə çatıb. Ali məktəb rəhbərləri də hələ buna hazır deyil.
Lakin reallıq onları da geri durmağa vadar edəcək. Cəmiyyətdə kök salmış bu fikir var ki, keyfiyyətli ali məktəb paytaxtda olar. Qeyd edim ki, Rusiyada, Türkiyədə də elə bu cürdür.
Etiraf edək ki, ən yaxşı ali məktəblər Rusiyanın Moskva, Sankt-Peterburq, Türkiyənin Ankara və İstanbul şəhərlərindədir.
Lakin Qərb ölkələrinin, Amerikanın təcrübəsi göstərir ki, əyalət şəhərlərində də keyfiyyətli təhsil verən ali məktəblər fəaliyyət göstərir. Bu sistemi sadəcə qurmaq lazımdır. Əvvəlcə köçürüləcək ali məktəblər seçilməli, uyğun bölgələr nəzərdə tutulmalıdır.
Məsələn, turizmlə bağlı ali məktəb Şuşaya, Şəkiyə köçürülə bilər. Bakıda iki ali neft məktəbi var. Onlardan biri Şirvan şəhərinə köçürülməlidir.
Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Tibb Universiteti (ATU) və ADA saxlanıla bilər. Qalanlarının uyğun bölgələrə köçürülməsi tamamilə mümkündür.
O vurğulayıb ki, seçiləcək şəhərlərdə universitet şəhərcikləri tikilməli, nəqliyyat infrasturukturu yenilənməlidir:
"Xankəndində Qarabağ Universiteti bərpa ediləndən şəhərdə qaynar mühit yaranıb. Neçə alim, pedaqoq tanıyıram ki, Bakıdakı işini Xankəndi univeristetinə dəyişib.
Bakıda mövcud olan ali məktəblər Xankəndi, Şirvan, Ağdam, Quba, Lənkəran, Mingəçevir kimi şəhərlərə köçürülərsə həmin bölgələrdə iqtisadi canlanma yaranacaq.
Turizm, xidmət sektoru, mənzil bazarı canlanacaq, həmin regionlara əmək miqrasiyası başlanacaq. Qısa müddətdə Bakının yükü azalacaq.
Ekspert qeyd edib ki, öz bölgələrində müvafiq infrasturktur olmadığından futbol üzrə Azərbaycan Premyer Liqasında oynayan klubların əksəriyyəti oyunlarını Bakıda keçirir:
"“Qarabağ” oyunlarını Ağdamda, “Turan” Tovuzda keçirsə, həmin şəhərlərdə təlim-məşq bazaları, futbol akademiyaları, dünya standartlarına cavab verən məktəblər, iaşə müəssisələri olsa, legionerlər də bu şəhərlərdə yaşamağa üstünlük verər.
Amma paytaxtın yükünü təkcə ali məktəbləri köçürməklə azaltmaq olmaz. Bölgələrdə keyfiyyətli səhiyyə, yüksək internet xidməti, nəqliyyat sistemi də olmalıdır.
Bir sıra iri dövlət şirkətlərinin, bəzi nazirliklərin də rayonlara köçürülüməsi faydalı olardı”.
Gülər Həsənli
"Cebheinfo.az"
Açar sözlər:
tıxac Elman Cəfərli
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.