AZ

35 kilometr üzərək ölkədən qaçdı: Pyotr Patruşevin sirr dolu həyatı - VİDEO

Keçmiş SSRİ-nin ən güclü vaxtlarında, total nəzarətin hökm sürdüyü bir dövrdə baş verən bir hadisə böyük səs-küyə səbəb olmuşdu. Söhbət Pyotr Patruşevin Türkiyəyə qaçmasından gedir. Onun çətin yolu film ssenarisini xatırladır.

“Yeni Sabah” xatırladır ki, P.Patrusev 1942-ci ildə Sibirdə, Tomsk vilayətinin Kolpaşevo kəndində anadan olub.

Atası İkinci Dünya müharibəsində həlak olduğu üçün anası üç övladını təkbaşına böyüdüb.

Orduya çağırılan Pyotr Novosibirskdə “Ordu İdman Klubu”na seçilir. Lakin azad fikirlərinə görə adi hərbi hissəyə köçürülür. Burada əsgər yoldaşını müdafiə etdiyi üçün çavuş onu hədələyir.

“Dedovşina”dan xilas olmaq üçün Pyotr özünü psixi xəstəliyə vurur. Həkimləri aldada bilir və onu Tomsk Psixiatriya Xəstəxanasına yollayırlar. Lakin dostları Pyotra xəbər verir ki, həkimlər ona psixotrop preparatlar verəcəklər. Buna görə o, xəstəxanadan qaçmaq qərarına gəlir.

20 yaşlı Pyotr xəstəxana xalatında qaçaraq məşuqəsinin evində gizlənir. Bu addımı ilə xilaskarını təqiblərə məruz qoyduğu üçün uzun illər məşuqəsinə və onun ailəsinə maddi dəstək göstərir.

Əfsanəvi qaçışdan bir neçə həftə əvvəl o, Batumiyə gəlir. Dəniz yolu ilə üzərək SSRİ-dən qaçmağı planlaşdırır. Əsas məsələ güclü axınlar və dənizin dibindən qalxan soyuq sular yox, çoxsaylı patrullar, torlar, projektorlar, müşahidə kameraları, qayıqlar, helikopterlər və sərhəd təyyarələrinin nəzarətindən yayınaraq üzüb istəyinə nail olmaq idi.

Peşəkar üzgüçü Pyotr Patruşev tez-tez təhlükə ilə üzləşsə də, 1962-ci ilin iyununda bütün maneələri aşaraq, heç bir xüsusi vasitə olmadan Qara dənizin 35 kilometrlik məsafəsini üzür və SSRİ-nin Batumi şəhərindən Türkiyəyə keçir.

SSRİ bundan xəbər tutanda onun haqqında qiyabi olaraq ölüm hökmü çıxarır. Pyotr isə Türkiyəyə çatdıqda ağlına belə gəlməzdi ki, ilyarım həbsdə qalacaq. Çünki onu sualtı qayıqla sahilyanı obyektlər haqqında məlumat toplayan casus hesab edirlər.

Pyotr öz kitabında uzun-uzadı yuxusuz və ac dindirilməsi, hətta bir dəfə boş güllələrdən “güllələnməyə” məruz qalması haqqında yazır.

İlyarım sonra nəhayət, azad olunaraq Avstraliyaya yollanır. Orada ali təhsil alır, sonra isə vətəndaşlığa qəbul edilir. Alisa Messerer adlı xanımla ailə qurur və oğlu Andrey anadan olur.

İngilis dilini mükəmməl öyrənən Patruşev 1968-ci ildə Londonda BBC-nin, sonralar isə Münhendə “Azadlıq” radiosunun aparıcısı olub. Bundan başqa o, televiziya aparıcısı kimi də çalışıb. Eyni zamanda, ABC və SBS telekanallarında, beynəlxalq konqres və simpoziumlarda sinxron tərcüməçilik edib.

Avstraliyanın Baş naziri Kevin Raddla Mixail Qorbaçovun, sonralar isə Baş nazir Con Hovardla Vladimir Putinin görüşlərində iştirak edib.

Ölüm hökmü ləğv edildikdən sonra 9 dəfə Rusiyada olub. 2016-cı ildə martın 28-də Avstraliyada çimərlikdə keçirdiyi insultdan sonra vəfat edib.

Onun haqqında “The Man Who Swam from Russia” sənədli filmi çəkilib. Onun SSRİ-dən qaçışı dünyanın bir çox kəşfiyyat təşkilatlarının məxfi dərsliklərinə düşüb.

“Belə-Belə işlər” layihəsinin hadisə ilə bağlı hazırladığı süjeti təqdim edirik:

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
36
1
yenisabah.az

2Mənbələr