AZ

Külək olacaq, şimşək çaxacaq, güclü yağış gözlənilir: Sel olan ərazilərdə yüksəkliyə qalxın - FHN-dən əhaliyə XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) yaxın günlərdə gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Ekologiya.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisinin bəzi yerlərində intensiv yağış yağacağı, dağ çaylarında qısamüddətli sel hadisələrinin baş verəcəyi, şimşək çaxacağı və arabir güclü küləyin əsəcəyi proqnozlaşdırılır.

FHN qeyd olunan hava şəraitini nəzərə alaraq vətəndaşlara təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir. Bildirilir ki, güclü külək zamanı yüngül konstruksiyalı tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəkləri və naqillərinin, eləcə də hündür ağacların altında dayanmamaq vacibdir.

Nazirlik həmçinin vurğulayır ki, küləkli hava şəraiti yanğınların söndürülməsini çətinləşdirdiyindən yanğın təhlükəsizliyi qaydalarına xüsusi diqqət yetirilməlidir. Kiçikhəcmli gəmi istifadəçilərinə belə hava şəraitində dənizə çıxmamaq tövsiyə olunur.

İntensiv yağıntılar nəticəsində yarana biləcək sel və daşqın riskləri ilə bağlı isə təhlükəli ərazilərdən uzaq durmaq, belə hallarla üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliklərə çəkilmək məsləhət görülür.

Eyni zamanda, ildırım təhlükəsi zamanı elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonlardan istifadə etməmək, açıq sahədə elektrik xətləri və antenalara yaxınlaşmamaq, hündür ağacların altında gizlənməmək tövsiyə edilir. Avtomobildə olan şəxslərə isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın səngiməsini gözləmək məsləhət görülür.

FHN bir daha xatırladır ki, təhlükəsizlik qaydalarına laqeyd yanaşmaq insan həyatı üçün ciddi risk yaradır. Fövqəladə vəziyyət zamanı vətəndaşlar 112 qaynar xəttinə müraciət edə bilərlər.

Seçilən
6
1
ekologiya.az

2Mənbələr