AZ

General danışdı: Türkiyədə məktəb hücumlarının arxasında nə dayanır?

Türkiyənin İzmir şəhərinin Torbalı rayonunda orta məktəblərdən birinə hücum hazırladığı iddia edilən 8 şübhəlidən ibarət qruplaşmanın üzvləri hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Bir qrup şagirdin öz aralarında yaratdıqları “WhatsApp” qrupu vasitəsilə hücum planlaşdırdığı müəyyən edilib. “12/A Avionics” adlı 20 nəfərlik qrupda ünsiyyət quran şagirdlərin, Şanlıurfa və Qəhrəmanmaraşda baş verən son məktəb hücumlarına bənzər hücumu ətraflı şəkildə müzakirə etdikləri bildirilib.

Xatırladaq ki, Türkiyədə aprelin 14-də Şanlıurfanın Siverek rayonundakı məktəbdə silahlı hücum nəticəsində 16 nəfər yaralanıb. Aprelin 15-də isə Qəhrəmanmaraşın Onikişubat rayonundakı məktəbdə baş verən digər silahlı hücumda 9 nəfər həyatını itirib.

Son günlərdə Türkiyədə məktəblərə hücumların artması ciddi narahatlıq doğurur. Hadisələrin ardıcıl şəkildə baş verməsi bu cür hücumların təsadüfi kriminal hallar olub-olmaması və ya müəyyən təsirlərin nəticəsi kimi ortaya çıxması ilə bağlı sualları gündəmə gətirir.

Mövzu ilə bağlı Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz Musavat.com-a danışıb:

"Son günlərdə ard-arda baş verən bu tip hadisələr təbii olaraq “təsadüf, yoxsa əlaqəli proses?” sualını gündəmə gətirir. Amma ilkin baxışda bunu mərkəzləşdirilmiş və ya koordinasiyalı bir kampaniya kimi qiymətləndirmək üçün kifayət qədər sübut yoxdur. Daha real görünən bir neçə paralel faktor var. Onlardan biri "kopyalama effekti”dir. Bu tip hücumlarda ən çox rast gəlinən mexanizmlərdən biridir. Bir hadisə mediada geniş yayılırsa, xüsusilə yeniyetmələr arasında tanınmaq, diqqət çəkmək, intiqam alma fantaziyası kimi motivlər aktivləşir.

Bundan başqa, sosial şəbəkələr və mesajlaşma qrupları bu təsiri sürətləndirir. Burada əsasən məsələ nəzarətsiz sosial mühitdir.

Həmçinin, psixososial gərginlik və yeniyetmə davranışları da öz təsirini göstərir. Məlum olduğu kimi, yeniyetmələr arasında zorakılığa meyl, emosional qeyri-sabitlik, sosial təcrid, uğursuzluq və ya zorakılıq təcrübəsi kimi faktorlar bu cür hadisələrdə ciddi rol oynayır.

Beləliklə, hesab edirəm ki, son ard-arda baş verən bu hadisələrdə terror və ya xarici yönləndirmə ehtimalı aşağıdır. Əsasən, sosial təsirlə yayılan, mərkəzsiz, amma bir-birini qidalandıran hadisələr silsiləsidir".

 

Xalidə Gəray
Musavat.com

Seçilən
13
musavat.com

1Mənbələr