İranın "Tasnim" xəbər agentliyi Tehranın ABŞ ilə növbəti raund danışıqlardan imtina etdiyinə dair şok məlumat yayıb.
Musavat.com xəbər verir ki, rəsmi Tehran Pakistan vasitəçiliyi ilə Vaşinqtona göndərdiyi mesajda dəniz blokadası və ABŞ-ın "həddindən artıq tələbləri" fonunda hər hansı yeni görüşün mənasız olduğunu bildirib.
İran tərəfi bildirib ki, ABŞ bir tərəfdən sülhdən danışır, digər tərəfdən isə Hörmüz boğazında "dəniz quldurluğu" ilə məşğul olaraq ticarət gəmilərinin yolunu kəsir. Tehranın rəsmi mövqeyi belədir: "İran yorucu və faydasız danışıqlara vaxt sərf etməyəcək".
Pakistanın Field-marşalı Asim Munirin bu həftə Tehrana etdiyi səfər zamanı ABŞ-ın yeni təkliflərini çatdırdığı, lakin İranın xarici işlər naziri Abbas Əraqçinin bu təklifləri "qeyri-real" adlandıraraq rədd etdiyi bildirilir.
İranı danışıqlardan uzaqlaşdıran əsas amillərdən biri ABŞ-ın nüvə proqramı ilə bağlı "yüksək zənginləşdirilmiş uranın tamamilə ölkədən çıxarılması" və bütün hərbi obyektlərə qeyd-şərtsiz giriş tələbidir. Tehran bunu ölkənin suverenliyinə qəsd kimi qiymətləndirir.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) gəmiləri blokada çərçivəsində artıq 21-dən çox gəmini geri qaytarıb. İran bu hərəkəti aprelin 21-də bitəcək atəşkəs sazişinin ruhuna zidd hesab edir və blokada tam qaldırılmadan masaya oturmayacağını bəyan edir.
Ekspertlər qeyd edirlər ki, Donald Trampın "təşəkkür" mesajlarından cəmi bir gün sonra İranın bu sərt bəyanatı sülh ümidlərini minimuma endirib. Hazırda regionda hərbi qüvvələr yenidən tam döyüş hazırlığı vəziyyətinə gətirilib və aprelin 21-dən sonra böyük bir toqquşma ehtimalı qaçılmaz görünür.
Musavat.com