Cebheinfo saytına istinadən ain.az xəbər verir.
Erməniəsilli milyarder, “Güclü Ermənistan” Partiyasının lideri Samvel Karapetyan Rusiya və Kipr vətəndaşlığından imtina prosesinə başladığını bəyan edib. Karapetyan bu barədə məhkəmə iclasında açıqlama verib.
Samvel Karapetyan bildirib ki, o, Ermənistan vətəndaşıdır və qarşıdan gələn parlament seçkisində qalib gəlməyi planlaşdırır.
“Partiya lideri olduğum üçün seçkidə iştirak edəcəm və qələbəmə əmin olduğuma görə bu pasportlardan imtina prosesinə başlamışam”, - deyə o bildirib.
Qeyd edək ki, Samvel Karapetyan 2025-ci ilin iyununda din xadimləri ilə hökumət arasında münaqişə fonunda Erməni Apostol Kilsəsini açıq şəkildə dəstəklədikdən sonra dövlət çevrilişinə cəhddə və “çirkli pullar"ın yuyulmasında ittiham edilərək saxlanılıb.
Samvel Karapetyanın Rusiya və Kipr vətəndaşlığından imtina etməsi onun iyunun 7-də keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürmək istəyi ilə bağlıdır. Aprelin 1-də Moskvaya Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşən Rusiya Prezidenti Vladimir Putin ondan “yaxın dostu olan bəzi Rusiya vətəndaşlarının seçkilərdə iştirakına şərait yaratmasını” xahiş edib. Putin ad çəkməsə də, aydın məsələdir ki, söhbət Rusiya vətəndaşı olan Samvel Karapetyandan gedirdi.
Rusiya Prezidenti Paşinyandan Karapetyanı azadlığa buraxmağı və seçkilərdə iştirakına mane olmamağı istəyib. Lakin Paşinyanın dərhal “ölkəmizdə seçkilərdə yalnız müstəsna olaraq Ermənistan vətəndaşlığına malik olan insanlar iştirak edə bilərlər” deməklə Putinin təklifini rədd edib. Bununla da Paşinyan Samvel dolayısı ilə Karapetyanın seçkilərə buraxılmayacağına işarə edib. Qeyd edilən məsələ ilə bağlı yaranmış fikir ayrılığı Paşinyanın Rusiyaya səfəri zamanı tərəflər arasında əsas mübahisəli məqamlardan birinə çevrilib.
Rusiyanın bu addımı Ermənistanda Karapetyanın timsalında İvanişvili variantını işə salmaqla hakimiyyət dəyişikliyinə nail olmaq planlarından xəbər verir. Nikol Paşinyanın hazırda xarici siyasət balansında Rusiyanın maraqlarını əsas tərəflərdən biri kimi götürərək nəzərə alması Kremli qane edə bilər. Seçkilərdə Paşinyanın liderlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyası qalib gələrsə, Rusiya onunla işləməyə davam edəcək. Lakin bu, Rusiyanın Ermənistanda hakimiyyət dəyişikliyi planının olmaması anlamına gəlmir. Rəsmi Moskva rusiyalı milyarder İvanişvilinin Gürcüstanda hakimiyyətə gəlməsindən sonra tədricən Mixail Saakaşvilinin Qərbyönümlü siyasətindən xilas olmağa, rəsmi Tiflisin Avropaya və NATO-ya inteqrasiya kursundan uzaqlaşmasına nail ola bilib.
2022-ci ildə Rusiya milyarder Ruben Vardanyanın vətəndaşlığını ləğv edərək Qarabağa göndərməklə terrorçu və separatçı qrupların dəstəyi ilə Ermənistanda xilaskar obrazında hakimiyyətə gətirilməsinə çalışmışdı. Lakin Vardanyanın təxribat planını vaxtında anlayan Paşinyan onun Ermənistana daxil olmasına imkan vermədi. 2023-cü ilin oktyabr ayında Vardanyanın Azərbaycan tərəfindən həbs edilməsi bu planı pozdu. İndi Rusiya növbəti erməni milyarderi Nikol Paşinyanla əvəzləmək “kart”ını işə salıb. Görünür, Moskva Samvel Karapetyana Ermənistanı Avrointeqrasiya kursundan və “Tramp marşrutu”ndan imtina etmək üçün vasitə kimi baxır. O, Rusiya üçün keçici fiqur da ola bilər. Ancaq bu gün Putin “dostumuz” adlandırdığı Karapetyanın seçkilərdən qələbə ilə çıxmasında maraqlıdır. Samvel Karapetyanın Rusiya və Kip vətəndaşlığından imtina etməsi də bu səbəblə bağlıdır. Ancaq Karapetyan vətəndaşlıq problemini həll etsə belə, onun namizədliyinin qeydə alınacağı inandırıcı görünmür.
Qeyd edək ki, Ermənistan vətəndaşlarının seçkilərdə iştirak hüququna qoyulan məhdudiyyətlər bu ölkənin konstitusiyasının 48-ci maddəsində təsbit olunub. Həmin maddənin 2-ci bəndinə görə, Ermənistan Respublikasında son 4 il ərzində daimi yaşamış şəxs deputat ola bilər. Samvel Karapetyanın sadələşdirilmiş qaydada Ermənistan vətəndaşlığı alıb və daimi yaşayış yeri Rusiyadır. Ermənistan konstitusiyasının 4.4-cü maddəsində isə qeyd edilir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə qəsdən ağır cinayətlər törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəza çəkən şəxslərin səs vermək və seçilmək hüququ yoxdur. Bu baxımdan, Samvel Karapetyan Rusiya və Kipr vətəndaşlıqlarından çıxsa belə, həm son dörd ildə Ermənistanda daimi yaşamadığına, həm də barəsindəki cinayət işi və məhkəmə qərarı qüvvədə qaldığına görə deputatlığa namizədliyi qeydə alınmayacaq.
Üstəlik, Ermənistanın hakim “Vətəndaş Müqaviləsi" Partiyasının parlament fraksiyası Seçki Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı təşəbbüs irəli sürüb. Həmin qanun layihəsində şəxs adları ilə adlandırılan seçki blokları qeydə alına bilməz. əslində, burada hədəf “Samvel Karapetyanla Güclü Ermənistan” blokudur. Paşinyan hakimiyyəti Samvel Karapetyanın adının seçki blokundan çıxarılmasına nail olmaq istəyir. Bütün bunlar qarşıdan gələn seçkilərdə Karapetyanın siyasi revanşının qarışısını almaq üçün Paşinyan iqtidarının siyasi və hüquqi resuraslardan istifadə edəcəyini göstərir.
Müşfiq Abdulla
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.