AZ

Dollar sabitdir, avro bahalaşır, rubl zəifləyir – Bəs manatı nələr gözləyir?

Son günlər dünya valyuta bazarlarında baş verən dəyişikliklər Azərbaycanda da diqqətlə izlənilir. Dolların sabit qalması, avronun bahalaşması və rublun zəifləməsi həm idxal-ixrac münasibətləri, həm də daxili bazarda qiymət dinamikası baxımından müxtəlif suallar doğurur.

Bəs bu valyuta dəyişiklikləri Azərbaycan iqtisadiyyatına hansı təsirləri göstərə bilər?

Bu barədə KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, dolların sabit qalması Azərbaycan üçün müəyyən mənada müsbət amildir.

Akif Nəsirli

“Manatın əsasən dollara bağlı siyasət çərçivəsində idarə olunması idxal qiymətlərində kəskin dəyişikliklərin qarşısını alır, biznes üçün daha proqnozlaşdırıla bilən mühit yaradır. Azərbaycanın enerji ixracının böyük hissəsinin dollarla həyata keçirilməsi büdcə gəlirlərində ciddi dalğalanma riskini də azaldır. Avronun bahalaşması isə Avropa ölkələrindən idxal olunan malların qiymət artımına səbəb olacaq. Bu, xüsusilə texnologiya, avadanlıq və bəzi istehlak mallarında bahalaşma riskini artırır. Bununla yanaşı, Avropaya ixrac edən yerli istehsalçılar üçün əlavə gəlir imkanları da yarana bilər”.

Ekspertin fikrincə, rublun zəifləməsi daha mürəkkəb təsirlər doğurur.

“Rusiyadan idxal edilən malların ucuzlaşması müəyyən üstünlük yaratsa da, Azərbaycandan Rusiyaya ixrac edənlər üçün gəlirlərin azalması mümkündür.

Bu proses Rusiyada çalışan azərbaycanlıların göndərdiyi pul köçürmələrinin dəyərinə də mənfi təsir göstərə bilər ki, bu da bəzi ailələrin gəlirlərinin azalmasına səbəb olacaq”.

Ekspertin sözlərinə görə, ümumilikdə bu valyuta dəyişiklikləri inflyasiya, xarici ticarət balansı və əhalinin alıcılıq qabiliyyəti üzərində dolayı təsirlər yaradır. O, vurğulayıb ki, dövlətin valyuta ehtiyatları və monetar siyasəti bu təsirlərin balanslaşdırılmasında əsas rol oynayır.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
15
1
konkret.az

2Mənbələr