AZ

İrana qahmar çıxanlar, İsraili dəstəkləyənlər

ABŞ-İsail cütlüyü ilə İran arasındakı gərginlik hər gün bir az azalır. Eyni şeyi bu dövlətlərə azarkeşlik edən həmvətənlərimiz arasındakı münasibətlərə aid etmək olmaz.

Ümumi gərginlik, sosial şəbəkələrdə “qoç döyüşdürmək” şövqü, bir-birinə söz atmaq, öcəşmək, bir-birini ittiham etmək faktları qalır.

İrana qarşı olanlar deyirlər, İranın ölkəmizdə 100 000 (yüz min) adamı var.

“Yüz min” şərti rəqəmdir. İranın ölkəmizdəki adamları 105 min də ola bilər, 95-98 min də. Ortalama 100 000 min götürürlər.

İrana rəğbət bəsləyənlər isə əminliklə deyirlər ki, ölkədə sionistlərin böyük şəbəkəsi var, onlar yəhudi dövlətindən ya qorxurlar, ya da pul alırlar.

Ancaq bu, bəlli faktdır ki, İsrail başqa ölkədə kütləvi şəkildə casus saxlamağa, şəbəkələşdirməyə pul buraxan dövlət deyil. Onunku “nöqtəvi atış”dır, dünyanın hər yerində əlində real təsir rıçağı, vəzifəsi olanlarla işləyir.

Bu məsələdə İran daha pərgardır. Ona meydana çıxarmağa qaba güc, yəni çoxlu tərəfdar lazımdır. Bu üzdən ölkəmizdə İrana toz qondurmayanların böyük qrupları var. Onlar bütün hallarda bu dövlətə və onun siyasətinə haqq qazandırırlar.

İrana sırf din-məzhəb birgəliyi üzündən, bir də əcdadları İrandan gəlmə olduğuna görə qahmar çıxanlar da çoxdur, amma onlar İranın təbliğatını aparmaq işində fəal deyillər, ortamın müsaid olmadığını gördükdə müdrikcəsinə susurlar.

Ən təhlükəli qrup İrandan əmr gələcəyi təqdirdə ölkəmizin hüquq-mühafizə orqanları ilə qarşıdurmaya getməyə hazır olanlardır. Onlar terror aktı törətmək sifarişi aldıqları zaman tərəddüd etmirlər.

İsrailin əlinin altında belə qruplar yoxdur. Təl-Əviv Bakıda meydana bir piketlik adam çıxara bilməz.

Bəs İsrailin region ölkələri ilə münaqişəsində onu haqlı sayanlar kimlərdir?

Burada əsas rolu İsraillə Azərbaycan arasında olan uzunmüddətli dostluq büsatı oynayır. Azərbaycanda problemsiz yaşayaraq bu ölkəyə köçən minlərlə adam arada dostluq körpüsü yaradıblar və ölkəmizdən məmnunluqlarını hər zaman dilə gətirirlər. Bu xoş münasibət öz qarşılığını alır.

Hələ bu dostluğa müəyyən dərəcədə kölgə salan amil son 10-15 ildə İsrail və Türkiyə arasındakı münasibətlərin korlanmasıdır. Yoxsa İsrail-İran qarşıdurmasında birinciyə azarkeşlik edənlər daha çox olardılar. Çünki Türkiyə öz qardaşlıını dəfələrlə sübut edib.

İran dövləti ölkəmizdə bu boyda rəğbət qruplarını 34 il ərzində, həm də səmimi münasibəti ilə yox, pul-para gücünə yaradıb. Azərbaycan müstəqillliyini qazanan gündən İrandakı rejim bu ölkəni, obrazlı desək, “nord İran” (yəni Şimali İran) kimi görüb və fəaliyyətə başlayıb.

İndi sosial şəbəkələrdə fəal şəkildə İranın təbliğatını aparanlar danırlar, amma müstəqilliyimizin ilk illərində məruz qaldığımız ağır günlərdə İran müsəlman-şiə qardaşlarını müdafiə etməyib, Azərbaycanın torpaqlarını işğal edən Ermənistana kömək edib.

Həmin vaxt qüdrətli xristian dövlətlərin hər cür dəstək verdiyi Ermənistanın hərbi təcavüzünə məruz qalan İran bu münaqişədə heç “neytral” da olmamalıydı – necə ki, İsrail-Fələstin münaqişəsində heç vaxt neytral olmur, həmişə fələstinlilərin tərəfini tutur.

Sonrakı illərdə dəfələrlə ölkəmizdə İrana bağlı casus qrupları ifşa edildi. Onlar hətta siyasi partiya yaratmışdılar, hakimiyyətə qarşı müxalif mövqedəydilər, bütün tapşırıqlarını da Tehrandan alırdılar. O vaxtlar İranla açılışmaq istəməyən Azərbaycan rəhbərliyi bu şəxslərin casusluğa görə məhkum edildiklərini bəyan edir, amma hansı ölkəyə işlədiklərinin üstündən keçirdi. İctimaiyyət isə hər şeyi bilirdi.

Nardaran kəndinin İran tərəfindən gerçəkdən də “Nord İran”a döndərildiyi illər çox da uzaqda deyil. Bu məsələ o qədər yoğunlamışdı ki, axırda ölkənin hüquq-mühafizə orqanları əməliyyat keçirməli oldular.

Son illərdə İrana münasibəti pisləşdirən bir məsələ də var. Bu, İrandan ölkəmizə vaxtaşırı və kütləvi şəkildə narkotik maddələrin keçirilməsidir. Bu iş üstündə tutulanların ad-soyadı, narkotik maddələrin çəkisi (qramına qədər), “zəhər”in harada, hansı gün aşkar edilməsi tam bəllidir və hesab olunur ki, İran bu ölkənin gənclərini kütləvi şəkildə narkotik maddə aludəçisi edir.

Gerçəklik bundan ibarətdir. Vətəndaşlarımız informasiyalardan çıxış edirlər, bu məsələdə təbliğatın çox az rolu var. Daha dəqiqi, İranla bağlı təbliğata uyanlar çox olsa da, İsrailə rəğbət məsələsində əsas rolu informasiya və ortada olan təkzibedilməz faktlar oynayır.

Din qardaşlığı və mehriban qonşuluq yaxşı şeydir, amma səmimi yanaşmalar qarşılıqlı olmalıdır. Qardaş qardaşın evində casus şəbəkəsi, təxribat qrupları bəsləməməlidir.

 

Seçilən
49
musavat.com

1Mənbələr